YENİ REKTORLAR KİMLƏR OLACAQ? - Ekspertin şərhi
“Məncə rektor təyin olunanlar maksimum 10 ildən çox bu vəzifəni tutmamalıdırlar” Tanınmış təhsil eksperti, fəlsəfə doktoruEtibar Əliyev deputat mandatı əldə etdiklərinə görə 4 rektorun prezident İlham Əliyevin sərəncamı ilə eyni vaxtda vəzifədən kənarlaşdırılmasını şərh edib. Ekspertin moderator.az saytına qısa açıqlamasını təqdim edirik: - Etibar müəllim, 4 rektorun işdən azad olunması haqqında prezident sərəncamını necə şərh edərdiniz? – Mən maraqlı bir misalla bu çətin sualınıza cavab tapmağa çalışacam. Yaponiyanın kimya üzrə ilk Nobel mükafatı laureatı Keniti Fukui bu möhtəşəm mükafatı alarkən demişdi: “Xoşbəxtlikdənmi, yaxud bədbəxtlikdənmi, mənim yaş həddim çatdığından Kioto universitetindən istefa verməli idim. Bu qayda müstəsnasız olaraq, bütün professorlara aid edilirdi. Mən 39 il dərs dediyim universiteti mükafata layiq görüldükdən bir il sonra tərk etdim”. - Onların yerinə kimlər təyin olunmalıdırlar? Daha doğrusu, Sizdən soruşsaydılar kimlərin namizədliyi üzərində dayanardınız? – Son rektor təyinatları göstərdi ki, gənc və orta nəslin nümayəndələri daha praqmatikdirlər. Onlar ali təhsilin inkişafına dair innovativ ideyaların həyata keçirilməsinə çalışırlar. Buna İqtisad Universiteti, Azərbaycan Universiteti və Azərbaycan Neft və Sənaye Universitetlərinə edilən rektor təyinatlarını misal göstərmək olar. Mən bu ali məktəblərin hər üçündə olmuşam. Təhsil mühitindəki intibahı dərhal hiss etmək mümkün olur. Yeni təyin olunmuş rektorlar həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlıq münasibətləri qururlar.
Diqqət edin, Fukui hətta Nobelə layiq görülməsinə baxmayaraq, qaydalara tabe olaraq universiteti tərk etmişdir. Lakin ömrünün sonuna qədər gənc kimyaçıların yetişməsində əlindən gələni əsirgəməmişdir.
Bizdə isə rektorlar nə yaş həddinə, nə də uzun müddət rektor vəzifəsini tutduqlarına görə vəzifələrindən azad olunmurlar. Bu hadisə seçkiyə görə baş verdi. İndi diqqət edin, Ağacan Əbiyev 1987-ci ildən, Əhliman Əmiraslanov 1992-ci ildən, Səməd Seyidov isə 2000-ci ildən rektor idi. Obyektivlik xatirinə söyləməliyik ki, bu ali məktəblərdə artıq durğunluq hiss olunurdu. Məncə rektor təyin olunanlar maksimum 10 ildən çox bu vəzifəni tutmamalıdırlar. Özləri 10 ildən sonra ərizə verib getməlidirlər. Bu rektorlar içərisindən ən az bu vəzifədə çalışan Müəllimlər İnstitutunun rektoru hörmətli Aqiyə xanımdır. O, 10 il rektor işlədikdən sonra parlament fəaliyyətini rektorluq fəaliyyətindən üstün tutmuşdur. Əslində belə nümunə təqdir olunmalıdr.
İndi bütün elm sahələri üzrə xarici ölkələrdə yaxşı təhsil görmüş xeyli sayda alimlərimiz var. Bu faktın özü ölkə başçısı İlham Əliyevin uzaqgörənliyini təsdiqləyir. Yəni kimisə əvəzləyəcək kadrın olmaması fikri artıq yersizdir. Məncə deputat seçilmiş ali məktəblərin rektorlarının əvəzinə gənc və orta nəslin qabiliyyətli nümayəndələri təyin olunacaqlar. Bu həm də dövrün diqtəsidir…