Televiziyaya çıxmaq üçün pul verənlər düşük adamlardır
Rəhmətlik xalq artisti Habil Əliyevə belə bir təklif olunmuşdu ki, " qonaqlıq" (yəni pul!) versən səni televiziyaya çağırarıq". Habil Əliyev də demişdi ki, "siz mənə pul verin ki, televiziyaya gəlim!" Televiziyalara çıxmaq üçün kimə isə pul verənlər düşük adamlardır! Həm sənətləri yoxdur, həm də şəxsiyyətləri! Əldə-ayaqda qalan, heç kim tərəfindən tanınmayan, özünü gözə soxmağa çalışanlardır! Onlardan pul tələb edənlər isə daha düşük, yaramazlardır! Bu həm də rüşvətxorluqdur, yəni cinayət hadisəsidir! Yazırlar ki, guya tələb olunan və əldə olunan pul aparıcılara qalır. Səhv fikirdir, televiziyaların sədrlərinin bu işdə əli var! Aparıcılar özbaşına göstərilən məbləğləri necə alıb, mənimsəyə bilərlər? Vaxtilə tələbə olanda AzTV-yə ayda saysız-hesabsız süjetlər və verilişlər yazırdım və verilən xeyli qonorarla dolanırdım. Ayda 500-600 manat qonorar alırdım. Bir gün Azərbaycan radiosuna başçılıq edən sədr müavini rəhmətlik Tahir Paşazadə mənə dedi ki, "burada işləyən əməkdaşlar ayda bir-iki süjet yazırlar, sən çox işləyirsən..." Mən də dedim ki, "aldığım qonorarla dolanıram". Müstəqillik dövründən sonra 30 il törəmə televiziyalarda, efirlərdə yüzlərlə çıxışlarım, süjetlərin oldu, bir qəpik də qonorar almadım, yəni vermədilər! Mənə çatası qonorarlar kimin cibinə getdi, bilmədim... Məndən heç vaxt çıxışlarım üçün pul istəməyiblər, istəsələr də verməzdim, çünki heç vaxt mənim elə pulum olmayıb! Heç özümü dolandıra bilmirdim! "Oxuyanlar" ("müğənnilər", "sənətkarlar" demirəm!) toylardan pul qazanıb, aparıcıya, televiziyalara verirlər ki, ekranlarda görünsünlər, "məşhurlaşsınlar", təzə toylar tutsunlar! Qəribədir, cahil insanlar onları toylara çağırıb, külli miqdarda pul verirlər! Onlar da villalar tikdirirlər, çox bahalı maşınlar alırlar, sonra da var-dövlətlərini efirlərdə yenə pul müqabilində nümayiş etdirirlər! Bu nə deməkdir? Bu "görməmişlərin" məqsədi, məramı nədir? Deyəcəksiniz ki, başqa ölkələrin televiziyalarında da belə şeylər var. Gərək siz ən pis nümunələri göstərəsiniz? Əgər əsil sənətkardırsa, onun var-dövlətinin, mülklərinin, maşınlarının sənətə və tamaşaçılara nə dəxli var? Belə "həriflərin" hesabına televiziya aparıcıları və televiziyaların rəhbərləri varlanırlar! Ona görə də televiziyalarımız bu gündədir! "Həkim nömrə 1" nə deməkdir? Mən kənddə görmüşəm, dananı, buzovu nömrələyib, qulaqlarını deşərək nömrəni asardılar. Yəni heyvanları nömrələyərlər! Nömrələnən həkimlər həmkarlarından utanmırlar? Hamı reklam oluna bilər, lakin o formada olmaz! Pul verib reklam olunan həkimlərin məqsədi məlumdur: xəstələri cəlb edib, çoxlu pul qazanmaq! Təəssüf ki, savadsız, cahil insanlar belə reklamlara inanıb, səhəri gün "həkimlərin" qapısında növbəyə dayanırlar!.. Yaxud, həkimin biri çıxıb deyir ki, "yüz cür xəstəliyi sağaldıram!" Onda bu poliklinikalar, klinikalar nəyə lazımdır, bağlasınlar, qurtarıb, getsin! Ümumiyyətlə, bu televiziya aparıcıları, onların rəhbərləri xalqdan utanıb-çəkinmirlər? Bunların heç bir məsuliyyəti yoxdur? Xeyrəddin QOCA