“BDU-da müəllim işləyən qohumum ayda 15 min manat qazanır” - DEPUTAT
Bunu Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Moderator.az saytına açıqlamasında deyib.
O, AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarixçi alim Dilavər Əzimlinin “Bizdə alimlər var ki, gündüz elmi işdə çalışır, axşam ocaqçı işləyir” fikrinə münasibət bildirərkən deyib ki, istedadlı və çalışqan alim öz peşəsi və ixtisası üzrə iş tapmaqda çətinlik çəkməz:
“Son vaxtlar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması çox müsbət addımdır və canına cəfa basan alimlər bu qurumla sıx əməkdaşlıq etməklə, müxtəlif qrant layihələrində iştirak edib, yaxşı qonorar ala bilərlər. Bundan başqa iş vaxtından sonra repetitorluq edən minlərlə alim iş yerindəkindən 10 dəfə çox qazanc götürə bilir.Uzağa getməyək, mənim bir riyaziyyatçı qohumum var, BDU-da işləyir. İnanırsınız ki, o uşaq hazırlamaqla ayda 15 min manatadək pul qazanır. Oğurluq etmir ki, savadı var deyə millətin balalarına dərs deyir. Özü də onun hazırladığı uşaqlar gedib ən yüksək bal toplayırlar. Mən özüm də fəaliyyətə laborant kimi başlamışam. O vaxt Azərbaycan Dövlət Universitetini, indiki BDU-nu bitirən kimi Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat fakültəsinə gəlmişəm. Laborant işləyəndə 3-4 professorun aldığı məvacib qədər pul almışam. Yəni axşam oturmuşam həmin kafedrada, uşaqlarla məşğul olmuşam. 10-15 uşaq hazırlaşdırmışam. Bütün Xalq Təsərrüfatı İnstitutunda da hamı bunu bilirdi ki, mən öz zəhmətimlə elə o vaxt da yaxşı yaşamışam. Təsəvvür edin ki, o vaxt sovetin dövrüydü. Amma indi isə hər cür imkan var və əgər doğrudan da alimsənsə, öz sahəni və ixtisasını bilirsənsə, sənin müştərin hökmən olmalıdır və sən dolanışıq korluğu çəkmərsən.”