16.01.2014. - Məşhur türkoloq-alim Aydın Məmmədovun bu gün 70 yaşı tamam olur

16.01.2014. -  Məşhur türkoloq-alim Aydın Məmmədovun bu gün 70 yaşı tamam olur Bu gün yanvar ayının 16-da görkəmli türkoloq, alim, publisist Aydın Məmmədovun 70 yaşı tamam olur.
Zəkasına, düşüncə tərzinə, elmi və ictimai mühakimə üslubuna görə fərqli olan bu insan yaddaşlarda iz salaraq gedib.

AzerTaym.az “Turan”-a istinadən xatırladır ki, A.Məmmədov cəmi 47 il yaşadı. Adi həyat olmadı, düşüncələrinə görə sovet rejimi tərəfindən “küncə” sıxışdırıldı, elmi ictimaiyyətdən təcrid olundu. Amma XX əsrin 80-ci illərinin sonlarında ölkənin azadlığı uğrunda mübarizə başlayanda A.Məmmədov bir ziyalı olaraq öz yerini tutdu.
Onun başçılıq etdiyi Tərcümə Mərkəzi təkcə ədəbiyyatın tərcüməsi ilə məşğul olmadı. Bu bina ölkənin yeni dövr düşüncə tərzinin ifadəçiləri olan gənc nəslin təmsilçilərinin toplaşma, müzakirə məkanı oldu. A.Məmmədov həmin binada bir çox mətbu oqranlara yer verməklə, onların cəmiyyətə çıxmasını təmin etdi.
Yaratdığı və rəhbəri olduğu “Ana Dili” qurumu dilin saflığı uğrunda mübarizə aparmaqla yanaşı, gənclərdə ictimai düşüncəni, milli hissləri formalaşdırırdı.
A.Məmmədovun həyatı bir ictimai-siyasi şəxsin həyatıdır. O, ömrünün sonuna kimi bu həyati mahiyyətdən uzaq olmadı. Cəmi 47 il yaşadı. Amma bu 47 il bir ömrün yaddaşlarda qalması üçün kifayət etdi.
Qarabağ səmasında ermənilər tərəfindən vurulan vertolyot qəzasından A.Məmmədov sağ çıxdı. 1991-ci ildə deputat olduqdan sonra parlamentin binasından Şəhidlər Xiyabanına baxan A.Məmmədov “əgər o zaman ölsəydim, indi onlarla yatırdım”, - deyə qəzadan sağ çıxmasını anladırdı. “Amma yox, atam qoymazdı, hökmən Şəkiyə aparardı”,- deyə valideynlərinin hansı addımı atacaqlarını təxmin edirdi. A.Məmmədov vertolyot qəzasından sağ çıxdı, amma 1991-ci ilin aprelində adi yol qəzasında alim həmkarı Dilarə Əliyeva ilə birgə həyatını itirdi.
O zaman Aydının nəşi Şəkiyə, daha doğrusu anadan olduğu Kiş kəndinə aparılmışdı. Bakıdan nümayəndə heyəti getmişdi Şəkiyə. Bu tərkibdə alimlər də vardı, parlament rəhbəri də. Məqsəd A.Məmmədovu atası Mirsadiq kişini Aydının nəşini dəfn üçün Bakıya gətirməyə razı salmaq idi. Aydının valideynləri onun nəşinin Bakıya gətirilməsinə qəti şəkildə razılıq vermədilər. Görünür, A.Məmmədov valideynlərini hamıdan yaxşı tanıyırmış. Cəmi bir neçə ay qabaq ona münasibətdə valideynlərinin hansı addmları ata biləcklərini təxminən deyən Aydın bu uzaqgörənlikdə səhv etməmişdi.

Tanınımış vəkil Fuad Ağayev Aydını belə tanıdır: “İti zəkalı, dərin məntiqli, istər elmi, istərsə də siyasi sahədə perspektivli insan. Təəssüf ki, hər iki sahədə ideya və əsərlərini istədiyimiz sayda görə bilmədik. İndinin özündə belə məqalələrini oxuduqda, Milli Məclisdəki çıxışlarını dinlədikdə sıralarımızı tez tərk etməsi yanğısı yaşanır. Onun ictimai-siyasi fəaliyyəti effektli idi. 1990-cı ilin martında Gürcüstan Demokrati Partiyasının sədri Çanturiya ilə görüş təşkil etmişdi. Ermənilərin təbliğatı nəticəsində azərbaycanlılar dünyaya intellektdən uzaq zorakılığa meylli insanlar kimi tanıdılırdı. Tbilisi Kino Evində keçirilən həmin görüşdə A.Məmmədovun çıxışı istər yerli, istərsə də beynəlxalq təmsilçilərdən ibarət auditoriyaya kifayət qədər təsir etmiş, münasibətləri belə dəyişə bilmişdi. Xüsusilə onun “imperiya tərkbindəki dövlətləri üz-üzə qoymaqla, bir-birilə vuruşdurmaqla bu ölkələri daha çox əsarətdə saxlamaq istəyir”, - deyə A.Məmmədov milli zəmindəki münaqişələrə münasibət ifadə etmişdi.






Fikirlər