Fransa kəşfiyyatı Hafiz Məmmədovun pullarının mənşəyini araşdırır

“L'Equipe” jurnalından sensasion məlumat: “Fransa Maliyyə Nazirliyinin çirkli pulların yuyulması ilə mübarizə idarəsi iş adamının “Lans”a yatırdığı pulların mənşəyini “şübhəli” adlandırıb”

“Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun sahibi, “Hafka” kimi tanınan milyarder Hafiz Məmmədov Fransanın “Lans” futbol klubunu almaqla özünü əməlli-başlı işə salıb.

Virtualaz.org saytı Fransa mənbələrinə istinadən xəbər verir ki, bu ölkənin Maliyyə Nazirliyinin çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə xüsusi idarəsi, yəni TRACFİN (Gizli maliyyə sxemlərinə qarşı mübarizə və kəşfiyyat idarəsi. Fransızca Traitement du Renseignement et Action contre les Circuits FINanciers clandestins-red.) H.Məmmədovun pullarının mənşəyini araşdırır.

Fransa kəşfiyyatı Hafiz Məmmədovun pullarının mənşəyini araşdırır

Məlumat Fransanın idman jurnalı “L'Equipe”in (“Ekip”) H.Məmmədov və onun “Lans”ı almasının məqsədləri barədə hazırladığı məqalədə yer alır. Məqalə Fransa jurnalında bu gün - dekabrın 20-də yayılıb.

“Fransanın “Lans” klubunun yeni patronu Hafiz Məmmədov klubu satın alaraq bundan ölkəsinin Avropadakı imicini yaxşılaşdırmaq üçün istifadə etmək istəyir. Əgər “Lans” onun yatırımlarından sonra bu gün özünün gələcəyinə optimizmlə baxa bilirsə, o zaman klubun heç vecinə də deyil ki, Hafiz Məmmədov onun adından imic üçün necə istifadə edir. Bu da tamamilə normaldır, çünki çoxmilyardlıq sərvətə malik azərbaycanlı Məmmədov və “Lans”ın prezidenti Jerve Martel bu mövzunu klubun özü ilə heç vaxt ətraflı müzakirə etməyiblər” - deyə jurnal yazır.

“L'Equipe” jurnalı Hafiz Məmmədovun Fransa futboluna yatırımlarının nə məqsəd daşıdığı barədə Nor Pa de Kale regionunun (Lans şəhəri bu regionun inzibati tərkibinə daxildir-red.) başçısı Daniel Perşerondan şərh alıb.

“Azərbaycan kimi ölkə və xüsusən onun xalqı üçün dünyada tanınmaq, hansısa formada reabilitasiya olunmaq və özünə tərəfdarlar toplamaq lazımdır. İndi özünüz fikirləşin” - deyə Daniel Perşeron jurnala açıqlamasında bildirib.
Fransa kəşfiyyatı Hafiz Məmmədovun pullarının mənşəyini araşdırır


Bəs Hafiz Məmmədovun Fransaya yatırdığı pulların mənşəyi necə olsun? Axı bu məsələ milyarderin niyyətindən heç də az əhəmiyyət daşımır...

Jurnal bu sual ətrafında fransalı antropoloq (?-red.), Sosial Elmlər üzrə Ali Araşdırmalar Məktəbinin (EHESS) təhqiqatçısı, Azərbaycan üzrə ekspert Rafael Matteyin şərhinə yer verir.

“Məmmədovun 15 il ərzində qazandığı sərvətin mənşəyini araşdırmaq çox çətindir. Biz ənənəvi ailə cəmləşməsi sistemi ilə qarşı-qarşıyayıq. Oliqarxların çoxsaylı güzəşt limitləri var və onlar piroqun tikələrini öz aralarında bölüşdürmək, sərvətləri əllərində cəmləşdirmək hüquqlarına malikdir. İndi bu pullar hesabına Məmmədov sadəcə olaraq öz ölkəsi haqqında danışmaq istəyir” - deyə ekspert bildirib.

Rafael Mattey deyir ki, futbolçuların köynəklərinə ad yazdırmaqla beynəlxalq miqyasda müəyyən dərəcədə məşhurlaşmaq, ölkəni tanıtmaq olar. Bu da ölkənin xaricdəki imicini yaxşılaşdırmaq səylərindən biridir: “Azərbaycan demokratiya prinsiplərini pozduğuna görə sərt beynəlxalq tənqidlərlə üz-üzədir. Nəticədə o, özünü xaricdə legitimləşdirməyə çalışır”.

Jurnal yazır ki, “Lans” klubunun prezidenti Jerve Martel Hafiz Məmmədovun futbola marağını və investisiya imkanlarını nəzərə alaraq ona dəbdəbəli və əlverişli vitrin təşkil edib. H.Məmmədovun yatırdığı 20 milyon dollar hesabına “Lans” klubu maliyyə böhranından xilas ola bilib.

“Və təkcə buna görə klubun tərəfdarları və fanatları hər şeyə göz yummağa hazırdır” - deyə jurnal vurğulayır.
Fransa kəşfiyyatı Hafiz Məmmədovun pullarının mənşəyini araşdırır


“L'Equipe” daha sonra yazır: “Fransa Maliyyə Nazirliyinin gizli maliyyə sxemlərinə qarşı mübarizə və kəşfiyyat xidməti - TRACFİN Hafiz Məmmədovun pullarının mənşəyi və Fransa klubuna yatırılmasının məqsədi ilə bağlı şübhələrinin olduğunu gizlətmir. Bununla belə təşkilat hələ rəsmən bu yatırımlara qarşı hərəkətə keçmək üçün obyektiv əsas görmür. “Hələ bizim əlimizdə onun vəsaitlərinin Fransaya daxil olmasına və reallaşdırılması hüququna qarşı hərəkət etmək üçün obyektiv əsas yoxdur” - deyə təşkilatdan bildirilib”.

Qeyd edək ki, bundan əvvəl Fransa saytlarının birində bu ölkənin Maliyyə Nazirliyinin çirkli pulların yuyulmasına qarşı mübarizə xidmətinin H.Məmmədovla maraqlandığı barədə epizodik xəbər yer almışdı. İndi isə “L'Equipe” jurnalının yazdığı kimi, TRACFİN doğrudan da bu məsələ ilə maraqlanır. Baxmayaraq ki, hələlik Fransa kəşfiyyatının bir strukturu olan bu təşkilat H.Məmmədovun pullarına həbs qoymaq kimi rəsmi sanksiyalara əl atmağa tələsmir.

Xülasə: Fransa Maliyyə Nazirliyinin gizli maliyyə sxemlərinə qarşı mübarizə və kəşfiyyat idarəsi bu ölkənin Maliyyə və İqtisadiyyat Nazirliyinin çirkli pulların yuyulmasına qarşı mübarizəyə cavabdeh olan xüsusi idarəsidir. 1990-cı ildə «Böyük yeddilər»in sammitindən sonra yaradılıb. Əvvəlcə Fransanın Baş Gömrük İdarəsinin bir bölməsi kimi fəaliyyət göstərib, 2006-cı ildə isə müstəqil agentliyə çevrilib. Bununla belə onun ofisi gələ də gömrük idarəsinin binasında yerləşib. TRACFİN-in direktoru Jan-Batist Karpentyedir.

TRACFİN-in əsas vəzifələrinə çirkli pulların yuyulması və ya terrorçuluq məqsədi üçün istifadə oluna biləcək gizli maliyyə sxemlərinə və əməliyyatlarına dair informasiyaları toplamaq, qanunla verilmiş səlahiyyətləri əsasında topladığı informasiyaları analiz etmək, qanunsuz maliyyə əməliyyatları barədə məlumatları məhkəmə orqanlarına, polisə və gömrük xidmətinə, habelə vergi orqanlarına təqdim etməkdir.
Fransa kəşfiyyatı Hafiz Məmmədovun pullarının mənşəyini araşdırır


***

P.S. Biz bu məqaləni fransız jurnalından tərcümə edib nəşrə hazırlayarkən məlum oldu ki, Hafiz Məmmədov yerli stadium.az saytına müsahibə verib və ad çəkmədən virtualaz.org saytını “qərəzli kampaniya aparmaqda”, “onun Azərbaycan adına gördüyü işlərə qara yaxmaqda” və digər bu kimi “əməllərdə” ittiham edib. Hansı ki, virtualaz.org sadəcə olaraq Fransa mediasında (təkrar edirik: Fransa mətbuatında!) H.Məmmədov barədə son bir ayda yer alan çoxsaylı ifşaedici xəbərlərdən, yazılardan sadəcə bir qismini oxuculara çatdırmışdı.

Bu yazılarda H.Məmmədovun əslində Azərbaycanı necə biabır etdiyi, şəxsiyyətinə pərəstiş formalaşdırmaq üçün yaydırdığı ucuz videoları necə ələ saldığı və onun pullarını hansı yolla qazanıb Fransaya yatırdığı barədə danışılırdı. Və hələ də danışılır. Bu gün təqdim etdiyimiz yazı da onlardan biridir. Yəni “Hafka” müəllimin diqqətinə çatdırırıq ki, “onun Azərbaycan adına gördüyü işlərə” dünyaca məşhur “L'Equipe” jurnalı “qara yaxır”.

P.P.S. “L'Equipe” jurnalının Hafiz Məmmədovun Fransadakı fəaliyyətinə şərh vermək üçün antropoloqa müraciət etməsi isə bizə də çox qəribə, bir az da gülməli gəldi. Axı antropologiya bir elm sahəsi olaraq insan tiplərini öyrənir. Elə isə bəs antropoloqun bu işə nə aiddiyəti var?

Görünür, fransızlar Hafiz müəllimin, bu qafqazlının əslində kim olduğunu, öz milyonlarına güvənib bu varlı Avropa ölkəsində nə etmək, nə işlər görmək istədiyini anlamaqda çətinlik çəkiblər ki, sahə mütəxəssisinə üz tutublar. Başqa izah tapmaq çətindir...






Fikirlər