70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik...

Sumqayıt və Zakir Fərəcov: İki yubileyin kəsişmə nöqtəsi

Bu il Sumqayıt üçün əlamətdar ildir. Şəhərin 75 illik yubileyidir. 1949-cu ildə şəhər statusu alan Sumqayıt ötən dövr ərzində mühüm inkişaf yolu keçərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrildi. Sumqayıt iri sənaye mərkəzi kimi Azərbaycanın iqtisadiyyatında aparıcı yer tutdu. Xüsusilə son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıt şəhərində çox böyük layihələr reallaşdırıldı, şəhərin inkişafı ilə bağlı önəmli işlər görüldü.

Bu layihələr arasında sənaye parklarının yaradılması, ətraf mühitin qorunması, şəhərin infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi, təhsil və sağlamlıq xidmətlərinin yaxşılaşdırılması kimi mühüm addımlar yer alır. Bu işlər, şəhərin həm iqtisadi, həm də sosial cəhətdən inkişafını təmin edib, Sumqayıtı yaşamaq və işləmək üçün daha cəlbedici bir məkan halına gətirib.

Prezident İlham Əliyevin son 20 il ərzində Sumqayıt şəhərinin inkişafı istiqamətində imzaladığı sərəncamlar arasında heç şübhəsiz ki,  2 sentyabr 2015-ci il tarixli sərəncamı da xüsusi qeyd etmək lazımdır. Sərəncamla sumqayıtlılar üçün çox doğma olan Zakir Fərəcov şəhərə rəhbər təyin olundu. Bu təyinat məhz Sumqayıtın daha da inkişaf etməsinə hesablanmışdı.

Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 2015-ci ildən öncə, 1971-ci ildə başlayıb. Sumqayıt sevgisi onu ötən əsrin 70-ci illərində şəhərə gətirib. O, əmək fəaliyyətinə Superfosfat zavodunda başlayıb. Zakir Fərəcovun təyinatının şəhər sakinləri tərəfindən müsbət qarşılanması onun bu şəhərin yetirməsi olması, müxtəlif illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik, şöbə rəisi, baş direktorun müavini, baş direktor, sonradan Sumqayıt şəhər bələdiyyəsinin sədri kimi şəhərdəki fəaliyyəti ilə yanaşı, 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətindəki nümunəvi fəaliyyəti də az rol oynamamışdır.

Zakir Fərəcovun təyinatı Sumqayıt şəhəri üçün yeni bir başlanğıc oldu. Prezident İlham Əliyevin Zakir Fərəcova olan inamı və dəstəyi, şəhərin inkişafı üçün yeni imkanlar açdı. Fərəcovun liderliyi altında, Sumqayıt şəhərində bir çox əhəmiyyətli layihələr həyata keçirildi. Bu layihələr şəhərin sosial və iqtisadi inkişafına müsbət təsir göstərdi və sakinlərin həyat keyfiyyətini yaxşılaşdırdı.

27 sentyabr 2016-cı ildə  Sumqayıt şəhərində həyata keçirilən layihələrlə tanış olan Prezident İlham Əliyev şəhər ictimaiyyəti ilə görüşərkən görülən işləri yüksək qiymətləndirərək qeyd etdi ki, bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik: “Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər”.

Qeyd etdiyimiz kimi, bu il Azərbaycanın inkişafını təcəssüm etdirən Sumqayıtın 75 illik yubileyidir. Bu il həmçinin şəhərin rəhbəri Zakir Fərəcovun da şəxsi həyatında əlamətdar ildir.  Zakir Fərəcovun 70 illik həyat yolu və onun Sumqayıt şəhərinə həsr etdiyi illər, şəhərin 75 illik tarixinin ayrılmaz bir hissəsi kimi qəbul edilə bilər. İki yubileynin bu kəsişməsi, şəhərin və onun rəhbərinin bir-birinə olan dərin bağlılığını və ortaq inkişaf yolunu simvollaşdırır.

Şəhərin 75 və Zakir Fərəcovun 70 illik yubileyi Sumqayıt şəhərinin inkişaf yolunda qət etdiyi uğurları qeyd etmək üçün bir fürsətdir. Bu fürsətdən istifadə edərək son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı layihələrə nəzər salacağıq. Simvolik olaraq 70  yeniliyə diqqət yetirəcəyik.

  1. SUMQAYITIN 75 İLLİK TARİXİNDƏ GERÇƏKLƏŞƏN MÖCÜZƏ -SUMQAYIT BULVARI

Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.  Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın”.

Bu fikirləri Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirmişdi. Bəli, bu fikirlərdən də göründüyü kimi, Sumqayıtda bulvarın olması şəhər sakinləri ilə yanaşı, ölkə rəhbərliyinin də arzusu olmuşdur. Bir faktı da qeyd edək ki, hələ 1974-cü ildə Sumqayıt şəhərinin 25 illik yubileyi tədbirində Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı Sumqayıtda dənizkənarı bulvarın yaradılması arzusunu səsləndirmişdi…

Nəhayət, Sumqayıtla bağlı Ulu Öndərin ən böyük arzularından biri həyata keçirildi.

  1. SUMQAYIT BULVARI GENİŞLƏNDİRİLDİ

2016-cı ildə istifadəyə verilən Sumqayıt Bulvarı 2019-cu ildə daha da genişləndirildi. Belə ki, Sumqayıt Bulvarı şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirildi. Bulvarın uzunluğu 5,2 kilometrə, ərazisi isə təqribən 146 hektara çatdırıldı. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salındı, müasir işıqlandırma sistemi quruldu. Park boyu 1 kilometr uzunluğunda yeni yol inşa oldunu. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradıldı. Prezidenti İlham Əliyev şəhərin 70 illik yubileyi günü – noyabrın 21-də Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış oldu.

  1. GƏMİLƏRİN YAN ALMASI ÜÇÜN TƏRSANƏ TİKİLDİ

Bulvarın sahilində gəmilərin yanalması üçün uzunluğu 500 metr olan körpü inşa edildi. Burada 10 metr hündürlüyündə estakada salınıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb.

  1. ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ GƏLƏN YOLLAR AÇILDI

Bəli, sözün həqiqi mənasında Sumqayıt şəhər İcra Hakimiyyətinə gələn yollar açıldı. Uzun müddət bağlı olan Azərbaycan prospekti, şəhər İcra Hakimiyyətinin qarşısından keçən yol şəhər sakinlərinin üzünə açıldı. Bu hadisə şəhər sakinlərinin rahatlığı ilə yanaşı eyni zamanda, həm də Şəhər administrasiyasının, yeni rəhbərliyin şəhər sakinlərinə bir mesajı idi. Şəhər sakinləri üçün açıqlıq, əlçatanlılıq mesajı…

  1. SOVET DÖVRÜNDƏN BƏRİ ASFALT ÜZÜ GÖRMƏYƏN YOLLAR ASFALTLANDI

Hər bir xalqın mədəniyyəti, inkişafı yoldan başlayır. Bu ifadədə böyük bir həqiqət var. Sumqayıt şəhərində müstəqillik illərindən bəri həllini gözləyən əsas problemlərdən biri də yol infrastrukturunun yenilənməsi idi. Uzun müddət asfalt üzü görməyən yolların qısa müddət ərzində bərpası və yenidən qurulması qarşıya qoyulmuş əsas hədəflərdən idi.

Yalnız mərkəzi küçələr deyil, məhəllədaxili yolların, ətraf qəsəbələrdəki mövcud yol infrastrukturunun bərpası həllini gözləyən tədbirlər planına daxil olundu. Ötən dörd il ərzində 50-dən çox prospekt və küçədə, bir o qədər də məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlanma işləri aparıldı.

Son illərdə Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı yeni yolların salınması ilə də yadda qaldı.  Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salındı.

Son 8 il ərzində Sumqayıt şəhərində ümumilikdə 100 yaxın prospekt və küçədə asfalt örtüyü yenilənmiş və 4 milyon kv. metrdən cöx asfalt örtüyü salınmışdır.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq bu işlər mərhələli şəkildə davam etdirilir.

  1. ŞƏHƏRİN ƏSAS GİRİŞ QAPISI YENİDƏN QURULDU

Şəhər qurularkən ilk salınan yollardan biri məhz şəhərin giriş yolu idi. O zaman salınan bu yol sözsüz ki, bu günkü Sumqayıt üçün hesablanmamışdı. Həm əhalinin sayı, həm də yeni əsr, yeni müasir tələblər şəhərin əsas giriş yolunun yenidən qurulmasını zəruri edirdi. İki istiqamətli dar yol həm şəhər sakinlərinin rahatlığı, həm də təhlükəsizliyi üçün bir problemə çevrilmişdi. Yol infrastrukturunun yenilənməsinə məhz bu yoldan, şəhərin əsas giriş qapısından başlanıldı.

5,2 kilometrlik yol qısa müddətdə yenidən quruldu. Yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salındı, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkildi. Yol boyunca yaşıllıqlar salındı, ağac və gül kolları əkildi.  Yeni işıqlandırma sistemi quruldu, Prospekt boyunca dekorativ istinad divarları tikildi. Eni 14 metr olan prospektin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırıldı. Sülh prospektinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

  1. 40 İL ÖNCƏ SALINAN YOL YENİLƏNDİ

Şəhərin ikinci qapısı sayılan Sahil küçəsi 1980-ci illərin əvvəllərində salınıb. Bu yolun uzun müddət istismar olunması və yararsız vəziyyətə düşməsi, bu istiqamətdə nəqliyyat axınını azaltmışdı. Bu isə öz növbəsində şəhərin əsas giriş yolunda nəqliyyat sıxlığına, həm də şəhər sakinlərinin daha çox yol qət etməsinə səbəb olurdu. Şəhərə giriş-çıxışın asanlaşdırılması,sakinlərin rahatlığı üçün bu yolun bərpası, yenidən qurulması həllini gözləyən əsas problemlərdən biri idi. Burada da yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda həyata keçirildi. 7,5 kilometr uzunluğu olan yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırıldı.

Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salındı. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikildi. Beləliklə sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin etdi.

  1. “LİFT DƏRDİ”NƏ SON QOYULDU

Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri də liftlərin yenilənməsi ilə bağlı idi. Sovet dövründən yenilənməyən liftlər əhalini haqlı narazılığına, narahatlığına səbəb olurdu. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı yeniləndi.

Lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz olundu.

  1. “SULU ZİRZƏMİ” PROBLEMİ HƏLL OLUNDU

İnsanları narahat edən əsas məsələlərdən biri də yaşayış binalarının zirzəmisindəki mövcud vəziyyət idi. Şəhərin mənzil fonduna daxil olan yüksək mərtəbəli yaşayış binalarının əksəriyyətinin zirzəmisi su ilə dolu idi. Bu isə bir çox fəsadlarla nəticələnir, şəhər sakinlərinin haqlı narahatlığına səbəb olurdu. Ötən dövr ərzində mərhələli şəkildə həllini tapan əsas problemlərdən biri də məhz ”Sulu zirzəmi” probleminə son qoyulması oldu.

  1. 1200 BİNANIN DAM ÖRTÜYÜ YENİDƏN QURULDU

Ötən dövr ərzində Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə həllini tapan əsas sosial problemlərdən biri də dam örtüklərinin vurulması və yenilənməsi ilə bağlı oldu. Son 8 ildə şəhərin mənzil fonduna aid olan 1200-dən arıq çoxmənzilli yaşayış binasının dam örtüyü vuruldu. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Beləliklə, şəhər sakinlərinin mütləq əksəriyyətini bir başa narahat edən daha bir əsas problem öz həlini tapmış oldu.

  1. YAŞAYIŞ BİNALARI YENİ VƏ MÜASİR GÖRKƏM ALDI

Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil etdi. Yaşayış binalarının fasadının əsaslı təmiri, şəhərlə yaxışıd olanbinaların müasir qaydada üzlənməsi işlərinə başlanıldı. Təmir olunan binaların memarlıq görünüşü saxlanıldı, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yeniləndi. Təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmadı.

  1. ŞƏHƏR ƏRAZİSİNDƏN 4-CÜ ÇIXIŞ YOLUN İŞLƏK VƏZİYYƏTİ TƏMİN OLUNDU

Sumqayıtda metallurq Yəhya Məmmədov küçəsi şəhərin alternativ yolu və sənaye girişi kimi tanınır. Yolun hədsiz bərbad halda olması, yük maşınlarının yaratdığı fəsadlar, səliqəsizlik, natəmizlik, üstəlik işıqlandırılmaması daim buradan hərəkət edənlərin haqlı narazılığına səbəb olurdu.

Qısa müddət ərzində Yəhya Məmmədov küçəsi tam yenidən quruldu. Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.

Y.Məmmədov küçəsi yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomagistralına çıxır. Bununla da, şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, insanların təhlükəsiz hərəkəti üçün piyada zolaqları salınıb.

  1. BİNALARIN GİRİŞLƏRİNİN DƏ TƏMİRİNƏ BAŞLANILDI

Digər sahələrdə olduğu kimi kimi, şəhər təsərrüfatının da günün tələblərinə uyğun səviyyədə inkişafı istiqamətində mühüm işlər görüldü. Dövlətin qayğısı, şəhər rəhbərliyinin təşkilatçılığı və qətiyyəti sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri böyük əzmkarlıqla həyata keçirilir. Çoxmənzilli yaşayış binalarında damörtüyünün vurulması, liftlərin yenilənməsi, zirzəmilərin təmizlənməsi ilə yanaşı, binaların girişlərində təmir işlərinə başlanıldı.

Girişlərdə pilləkən qəfəslərin təmirinə, pəncərələrin şüşələnməsinə, girişlərə dəmir qapıların qoyulmasına başlanıldı. Şəhər rəhbərinin bu təşəbbüsü hazırda uğurla həyata keçirilir, mərhələli şəkildə bu işlər davam etdirilir.

  1. YATAQXANALARIN SÖKÜLMƏSİNƏ START VERİLDİ

Sumqayıt Şəhərində Mənzil fondunun balansında 61 yataqxana var. Bu yataqxanaların əksəriyyəti istismar müddətini başa vurub. Ötən dövr ərzində bu istiqamətdə mühüm addımlar atıldı. Bir çox yataqxanalarda təmir işləri aparıldı, eyni zamanda yataqxanaların sökülməsinə start verildi. Təkcə 2023-cü ildə 3 yataqxananın – şəhərin 29 cu məhəlləsində 1974 cu ildən istismara verilmiş 1 saylı, Kimyaçılar yaşayış massivində 1974-cü ildən istismara verilmiş 3 saylı və 2-ci mikrorayonda 1960 cı ildən istismara verilmiş 13 saylı yataqxananın sökülməsinə başlanıldı. Bu binalarda yaşayan 272 ailə ailə tərkibinə uyğun olaraq evlə təmin olundu və yaxud kompensasiya ödənildi.

Qəzalı vəziyyətdə olan yataqxanalar aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq rəy əsasında yaxın gələcəkdə mərhələli şəkildə söküləcək.

  1. SDU-NUN TƏLƏBƏ YATAQXANASI BƏRPA OLUNDU

Sumqayıt Dövlət Universitetinin hər iki yataqxanasında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşmışdı. Tələbə yataqxanasının olmaması həm yerli tələbələr üçün, həm də xarici tələbələrin qəbuluna və tələbə mübadiləsi proqramlarının icrasına çətinliklər yaradırdı. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salındı və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edildi.Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirildi və tələbələrin rahatlığını təmin etmək məqsədi ilə hər cür şərait yaradıldı.

Artıq burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi quraşdırılıb, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz edilib.

  1. BULVAR ƏRAZİSİNDƏ YENİ YAŞAYIŞ MASSİVİ SALINDI

Vaxı ilə Sumqayıtın dənizkənarı ərazisi baxımsız vəziyyətdə idi. 2015-ci ildən burada kompleks tədbirlər görüldü, müasir Bulvar salındı. Ərazidə zəruri infrastruktur yaradıldı. Müasir infrastrukturun yaradılması bu ərazidə yeni yaşayış massvinin salınmasını şərtləndirdi. Son 8 il ərzində bu ərazidə böyük yaşayış massivi salındı.

  1. SƏKİLƏRİN TƏMİR OLUNMASINA BAŞLANILDI

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər ərazisində kompleks abadlıq-quruculuq işləri həyata keçirildi. Şəhər ərazisində həyata keçirilən kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də səkilərin salınması təşkil etdi.

Şəhər ərazisində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud səkilər təmir olundu və yeni səkilər salındı.  Bu işlər hazırda da davam etdirilir.

  1. SUMQAYITIN ƏRAZİSİ GENİŞLƏNDİRİLDİ

Sumqayıtın daha da genişlənməsi, əhali sayının artması, burada bir sıra dövlət proqramlarının, layihələrinin həyata keçirilməsi bunu zərurətə çevirirdi. Sumqayıt Azərbaycanın ən inkişaf edən şəhərlərindən biridir, burada bir çox beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir, layihələr icra olunur, müəyyən iri müəssisələr, şirkətlər fəaliyyətə başlayıb.

Belə olan halda Sumqayıtın ərazisinin genişlənməsinə, əlavə torpaqların verilməsinə ehtiyac var idi.  “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi  Milli Məclisdə müzakirə çıxarıldı və Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahəsi Sumqayıta verildi.

Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verildi.

  1. QƏSƏBƏLƏRDƏ DƏ MÜHÜM İŞLƏR GÖRÜLDÜ

Sumqayıt şəhərinin inkişafı yalnız mərkəzi hissələri deyil, həm də kənar qəsəbələri əhatə etdi.

Hacı Zeynalabdin və Corat qəsəbələində genişmiqyaslı işlər görüldü. Buradakı mövcud parklar yenidən quruldu, insanların istirahəti üçün şərait yaradıldı. Bu qəsəbələrdə infrastrukturun gücləndirilməsi də diqqətdən kənarda qalmadı. Yolların təmiri və genişləndirilməsi, su və elektrik şəbəkələrinin yenilənməsi kimi əsas infrastruktur layihələrinin icrasına başlanıldı. Hacı Zeynalabdin və Corat qəsəbələrindəki bu yeniliklər Sumqayıt şəhərinin yalnız mərkəzi hissələrinin deyil, həm də kənar ərazilərinin inkişaf etdirilməsinə yönəlmiş siyasətin olduğunu göstərdi.

  1. İSİTSMAR MÜDDƏTİNİ BAŞA VURMUŞ BİNALARIN SÖKÜLMƏSİNƏ BAŞLANILDI

Sumqayıt şəhərinin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binalarının sökülərək, yerində müasir tələblərə uyğun yeni yaşayış binalarının tikilməsinə start verildi.

Şəhərin Baş planına uyğun olaraq ötən əsrin 50-ci illərində salınan məhəllələrdə əhalinin yaşayış şəraitini və şəhər görkəmini yaxşılaşdırmaq məqsədilə müasir tələblərə cavab verən yeni məhəllələrin yaradılmasına başlanıldı.

Bu layihə həm də şəhər infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.

  1. 200-DƏN ÇOX MÜASİR AVTOBUS ŞƏHƏR SAKİNLƏRİNIN XİDMƏTİNƏ VERİLDİ

Əhalisinin sayı yarım milyonu haqlayan şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması idi.

Ötən dövr ərzində Sumqayıtda 200-dən çox Türkiyə istehsallı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxıldı.

Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarıldı.

  1. SÜRƏTLƏ İNKİŞAF EDƏN SUMQAYIT ÜÇÜN SÜRƏT QATARI 

Ötən dövr ərzində Sumqayıtlıların yaddaşına həkk olunan əsas əlamətdar hadisələrdən biri də Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi oldu.

Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimi oldu. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürət qatarının istifadəyə verilməsi şəhər sakinlərinin işini xeyli asanlaşdırdı. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülərək yerində müasir tələblərə cavab verən Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi tikildi. Prezidenti İlham Əliyev 16 noyabr 2018-ci il tarixində Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak etdi. Beləliklə, şəhər sakinlərinin daha bir arzusu gerçəkləşdi…

  1. “AĞILLI ŞƏHƏR” (SMART CITY) VİZYONUNA DOĞRU ADDIMLAR ATILDI

Azərbaycanda ilk dəfə bu xidmətə Sumqayıtda başlanıldı – Sumqayıt daha bir ilkə imza atdı

Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış liftlər yeni elektron tipli liftlərlə əvəz olundu. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinin fonunda sakinlərə göstərilən lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu. Qafqaz regionunda ilk dəfə olaraq istismarda olan liftlərin istismar işlərinin mərkəzləşdirilmiş dispetçer xidməti (MDX) vasitəsi ilə idarə edilməsi işlərinə onlayn rejimdə start verildi.

Bu sistem sadəcə liftlə bağlı problemləri müəyyənləşdirmir, həm də bu problemlərin səbəbini müəyyənləşdirir, onların təhlilini aparır və həlli yollarını göstərir. Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə əsas verir.

Sözsüz ki, bu bir başlanğıcır. Sumqayıt şəhərində gələcəkdə digər sahələrdə də “Ağıllı şəhər” layihələrinə qoşulacaq. Hələ ki, gələcəyin qaçılmaz çağrışlarına məhz insanların gündəlik istifadə etdiyi liftlərdən başlanılıb. Digər sahələrdə də bu ayihələr uğurla icra olunacaq.

  1. “AĞCAQANADSIZ ŞƏHƏR” LAYİHƏSİNƏ BAŞLANILDI

Elə problemlər var ki, bəlkə də insanlar üçün sadə, o qədər də böyük görünməyə bilər. Lakin bu kiçik problem əslində bir çox böyük problemlərlə üz-üzə qoyur insanları. Ağcaqanadlar kimi. Zirzəmilərin baxımsız vəziyyətdə olması, müəyyən münbit şəraitlərin mövcudluğu şəhərdə ağcaqanad problemini kütləviləşdirmişdi. Xüsusilə havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sürətlə çoxalması baş verir. Bu çoxalmaya xüsusilə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində rast gəlinir. Bu isə şəhər sakinlərinin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranması səbəb olurdu. Hətta bəzi mikrorayonlarda bu problemin mövcudluğu əmlak bazarına da təsirsiz ötüşməmişdi. Sözsüz ki, müasirləşməyi, yeniləşməyi qarşıya hədəf qoyulmuş bir şəhər üçün bu halın mövcudluğu yol verilməz idi. Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işlərinə başlanıldı. Bu işlər hazırda da mütəmadi olaraq davam etdirilir.

  1. SUMQAYIT YAŞIL ŞƏHƏRƏ ÇEVRİLDİ

Prezident İlham Əliyev Sumqayıtın ekoloji vəziyyətini hər zaman diqqət mərkəzində saxlayıb.Son illərdə də şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ölkə rəhbərliyinin diqqətindən yayınmayıb.Şəhər ictimaiyyəti ilə görüş zamanı bu məsələyə də diqqət çəkən Prezident İlham Əliyev bildirmişdi: “Əsas məsələ ondan ibarətdir ki, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır”.

Son illərdə şəhərdə nəinki ağacların kəsilməsinə rast gəlinir, əksinə yüz minlərlə ağaclar əklib, geniş yaşıllıq zolaqları salınıb.

  1. SUMQAYITIN ƏN AĞRILI PROBLEMİNİN HƏLLİNƏ BAŞLANILDI

Sumqayıt şəhərinin əsas problemlərindən biri nəhayət ki, həll olundu. Söhbət “Acı dərə” kanalından gedir. Bu kanal şəhər üçün çox böyük təhlükə mənbəyi idi. Ötən dövr ərzində həllinə başlanılan əsas məsələlərdən biri də məhz  “Acı dərə” kanalının boruya salınması oldu.






Fikirlər