“Onları vətən xaini kimi ölkədən qovmaq lazımdır!”
Zaman-zaman cəmiyyətdə və mətbuatda Mirzə Ələkbər Sabir və digər satira yazan şəxsiyyətlərin şeirlərinin milləti aşağıladığı kimi fikirlər səsləndirilir, hətta onun barəsində heç danışmamaq, şeirlərini dərsliklərdən çıxarmaq kimi təkliflər də irəli sürülür. Bəs görəsən, onları dərsliklərdən çıxarmaq lazımdırmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bu fikirlərlə razı olduğunu bildirib. Onun sözlərinə görə, görkəmli şəxsiyyətlərin yaradıcılığından yalnız müəyyən hissələr dərsliklərə salınmaq üçün uyğundur: “Azərbaycan ədəbiyyatının klassik qolunda orta məktəb şagirdlərinin öyrənəcəyi çoxsaylı müəlliflər, görkəmli qələm adamları və dəyərli ədəbi nümunələr var. Amma bu heç də o demək deyil ki, şairlərimizin yazdığı bütün əsərlər, dərsliklərə salınmış bir çox nümunələr müasir şagirdlər üçün maraqlıdır. 21-ci əsrdə - internet, nanotexnologiyalar dövründə yaşayırıq, bizim klassiklərin saf-çürük edilməsinə əlbəttə ki böyük ehtiyac var. Çünki orta məktəb dərsliklərinə salınmış mətnlər uşaqlarda yaşadıqları ölkəyə, onun vətəndaşlarına, dəyərlərinə sevgi, sayğı yaratmalıdır, estetik, etik dünyagörüşünün formalaşmasına təsir etməlidir. Sabir əlbəttə ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir, amma o dövrün satirik ədəbiyyat nümayəndələrinin bir çox əsərləri var ki, mən kulturoloq olaraq onların dərsliklərə salınmasının qəti əleyhinəyəm. Həmin nümunələri tədqiqata cəlb edə bilərlər, lakin idrakı formalaşmamış uşaqların dərsliklərinə bunu salmaq doğru deyil. “Tülkü Həccə gedir” satirasını necə orta məktəb dərsliklərinə daxil edə bilərik? “Harda müsəlman görürəm qorxuram”, “Millət necə tarac olur, olsun, nə işim var?” kimi misraları formalaşmamış şagirdin beyninə necə yeritmək olar? Uşaqların beynini mənfi fikirlərlə doldurmaq nəyə lazımdır? İstənilən halda, hər bir görkəmli söz sənətkarının yaradıcılığında müəyyən hissələri orta məktəblərdə, yaxud ali məktəblərdə keçmək olar”. Kulturoloq qeyd edib ki, gənc nəslin klassik ədəbiyyatla yüklənməsinin əleyhinədir: “Mən gənc nəsli klassik ədəbiyyatla həddindən artıq yükləməyin qəti əleyhinəyəm. Uşaqlar daha çox texniki yeniliklərlə tanış olmalıdır. Nağıl və folklor əvəzinə, elmi-fantastik əsərlər, texniki innovasiyaların inkişaf etdirilməsi ilə bağlı materiallar oxumağın tərəfdarıyam”. Yazıçı Seyran Səxavət isə bunun yanlışlıq yox, düşmənçilik olduğunu bildirib: “Bu məsələnin müzakirəyə belə ehtiyacı yoxdur. Əgər kim klassiklərimizin orta məktəb dərsliklərinə salınmasının əleyhinədirsə, Mirzə Ələkbər Sabir, Səməd Vurğun kimi şəxsiyyətlərin əsərlərinin dərsliklərdən çıxarılmasını tələb edirsə, onun özünü ölkədən çıxarmaq lazımdır. Onları vətən xaini kimi qovmaq lazımdır. Əgər onlar Mirzə Ələkbər Sabir, Səməd Vurğun müasir standartlara uyğun gəlmir deyirsə, onların özü Azərbaycan xalqının mənəviyyatına, əxlaqına standart kimi uyğun gəlmirlər!”