Azərbaycanda kolleclərin fəaliyyəti dayandırılır? - Mühüm açıqlama
“DİM kolleclərə qəbul elan edib. Bəs kollec məzunlarına iş yeri də düşünülübmü... Azərbaycan təhsil pilləsində kolleclərə ehtiyac varmı?” “AzerTaym.az” bildirir ki,bu fikirləri Yeni Sabaha təhsil eksperti Məzahir Məmmədli bildirib. O, ölkədə fəaliyyət göstərən kolleclərə və bu müəssisədə təhsil alanların iş probleminə diqqət çəkib: “Bildiyimiz kimi artıq 100 illiyik fəaliyyətini qeyd etdiyimiz kolleclər var. (Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 1919-cu ildən fəaliyyət göstərir) Azərbaycan Xalq Cümhuriyyəti dövrundən başlayaraq, ümumilikdə ölkədə 70-dən çox kollec fəaliyyət göstərib. Bu kolleclərin əksəriyyəti rayonlarda pedaqoji və kənd təsərrüfatı yönümlü kadrlar hazırlayıblar. 1992 -ci il müstəqilliyin bərpasından sonra Azərbaycanda Ali Təhsil Müəsisələrin sayının çoxalması kolleclərə olan münasibəti mənfiyə doğru dəyişdirib. 2000-ci ildə aparılan islahatlarda kolleclərin sayı 60 qədər azaldıldı. Adlarının dəyişdirilməsi prosesinə başlanıldı. Bəziləri birləşdirildi, bir çoxunda ixtisas dəyişiklikləri baş verdi. Lakin bu islahatlar da bəzi kolleclərdə tədrisin keyfiyyətini dəyişdirə bilmədi. Hazırda ölkədə 61 kollec fəaliyyət göstərir ki, onlardan cəmi ikisi özəldir. Bakı Biznes və Kooperasiya Kolleci, digəri isə Odlar Yurdu Universiteti nəzdnində orta ixtisas kollecidir. Digər kolleclərdən doqquzu səhiyyə nazirliyinə, səkkizi Qafqaz Müsalmanları Ruhani idarəsinə, biri Xəzər Dəniz Gəmiçilik İdarəsinə tabedir. Elm Və Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin də əksəriyyəti universitetlərin nəzdnində fəaliyyət göstərir. Nazirlər Kabinetinin “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” qanunu qüvvəyə minəndən sonra Ali Təhsil Müəsisələrinə qəbulda canlanma başladı. Bu qanun bütün məzun olanların hamısına imtahansız ali təhsil müəsisələrinə qəbul imkanı verdiyi üçün universitetlərə kütləvi axın başladı ki, bu da növbəti tədris ilindən ümumi göstəricilərin aşağı düşməsinə səbəb oldu”. Ekspert qeyd edir ki, abituriyentlər kolleci universitetə qəbul olmaq üçün tramplin kimi istifadə edir:
“Ötən illərin nəticələrinin müzakirəsi zamanı DİM sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bu sadaladığımız faktları etiraf etmişdir. DİM sədri: “Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar”. Göründüyü kimi, hazırda orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olduğu bildirilirsə, bu gənclərin həmin təhsil pilləsinə olan maraqlarından irəli gəlmir, ali məktəbə imtahansız daxil olmaq üçün tramplin kimi istifadə məqsədi daşıyır. Əlbəttə, çəkinmədən demək olar ki, bu, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım hər iki səbəblə, yəni o ixtisaslara maraq, həmçinin gələcəkdə tramplin kimi istifadə amilindən irəli gəlir. Ötən il "Ali həhsil haqqında" Qanunun parlamentdə müzakirəsi zamanı da orta ixtisas təhsili müəssisələrinə münasibət məsələsi dilə gətirilmişdi. Orta ixtisas təhsili bir vaxtlar ən dəbdə olan təhsil pillələrindən sayılırdı. Lakin sonralar Boloniya sisteminə keçməyimiz, təhsilin hamı üçün əlçatan olması siyasəti ilə bağlı ali məktəblərdə keçid ballarının aşağı, 150-200 balla qəbulun olmasına qədər gətirib çıxardı”. Mütəxəssis kollec bitirən məzunların iş tapması gün keçdikcə müşkülə çevrilir: “Qeyd etdiyim kimi, bir zamanlar ümumitəhsil məktəblərində ibtidai sinif müəllimlərinin və kənd təsərrüfatı işçilərinin əsas heyətini kollec məzunları tuturdu. Araşdırmalarım onu göstərir ki, Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikasiya ilə bağlı keçirdiyi imtahanlarda ən az nəticələr göstərən müəllimlər məhz region kolleclərindən məzun olan müəllimlərdir. Bir çox işəgötürənlər, xüsusilə də özəl müəssisələr hətta bakalavra ikinci dərəcəli pillə kimi baxırlar, nəinki kolleclərə. İşəgötürən ilk növbədə baxır ki, görüm magistratura təhsili varmı? Düşünürəm ki, kolleclər təhsilin ikipilləli, bakalvr-magistr pilləsinə keçidlə bağlı nüfuzdan düşmüş oldu. Artıq orta ixtisasa ehtiyac olmadığı iddiası da gündəmdədir. İndiki halda təhsildə fasiləsizliyi qorumaq üçün yaxşı olardı ki, yeni "Təhsil haqqında" Qanunun əsas pillələrindən biri kimi universitetlərin tərkibində 2 iilik suvbakalavr, növbəti mərhələ 3 ya da 4 illik bakalavr, sonrakı mərhələdə magistratura və doktarantura pillələri kimi nəzərdə tutulsun. Bu halda universitetlər təhsilin növbəti pillələri üçün yüksək nəticə göstərən tələbələri seçə biləcəklər ki, bu da tpamplin kimi sui-istifadə hallarının qarşısını almış olar. Elm və Təhsil naziri mətbuat üçün açıqlamasında da bildirmişdi ki, artıq məktəblərin ibtidai siniflərində və məktəbəqədər müəsisələrdə müəllimlərin hamısının ali təhsilli olması planlaşırılır. Bu fikirdən də aydın görünür ki, artıq əmək bazarında kollec bitirən məzunların işlə təminatında çox ciddi problemlər yaranmaqdadır”.