“O, dünyagörüşü ilə çox geridə qalıb” - Şəhriyar Məmmədyarovu tənqid etdilər...
Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun qadınlarla bağlı səsləndirdiyi fikirlər fərqli reaksiyalar doğurub. Məsələ ilə bağlı “Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Teleqraf.com-a açıqlamasında Şəhriyar Məmmədyarovun fikirlərinə təəssüfləndiyini vurğulayıb: “Çox təəssüf edirəm ki, Şəhriyar Məmmədyarov kimi istedadlı, Azərbaycanı dünyada tanıdan şahmatçı qadınlar haqqında belə sözlər deyib. Tamamilə yanlış yanaşma tərzidir. Dünya kişi-qadın bərabərliyinə doğru gedir. Qadınlar bütün sahələrdə aktiv iştirak etməli və öz sözlərini deməlidirlər. Artıq bu kimi fikirlər keçmişdə qalıb, “ən yaxşı aşpaz kişilərdir”, “ən yaxşı rəssamlar kişilərdir”, “ən yaxşı yazıçılar kişilərdir” yanaşması olmamalıdır. Belə fikirləşənlər əsrlər boyu qadınlara imkan verməyiblər. Son 100 ildir qadınlar ali təhsil almağa başlayıblar. Regionlarda, kəndlərdə qızlar səkkizinci sinifdən sonra məktəblərə buraxılmırlar. Dünyada da vəziyyət ürəkaçan deyil. Yəni qadınlar üçün normal şərait yaradılmır ki, hansısa bir sahədə uğur qazansınlar. “Kişilər qadınlardan daha ağıllı və bacarıqlıdır” ifadəsi tamamilə səhv fikirdir”. Tanınmış jurnalist İlhamiyyə Rzayeva də qrossmeysterin qadınlar haqqında fikirlərini düzgün qarşılamayıb: “Kişilər ona görə güclüdürlər ki, qadınlar onları belə görmək istəyir. Tam əksini də demək olar. Qadınlar ona görə zəifdirlər ki, kişilər onları belə görür. Hərçənd qadını zəif yox, zərif görmək lazımdı. Qadın kişinin güclü olması üçün var gücüylə hər şey edir. Bəs, əvəzində kişi nə edir? Deyir, qadın gücsüzdür, zəifdir, mənə çata bilməz. Onu güclü edən varlığa gücsüz deyir. Həyatda sözdən təsirli nə var ki?! Qılınc yarası sağalar, söz yarası sağalmaz. İntellektual saydığımız bir adamın bu sözü deməsi, qarşı cinsi zəif salması üçün ciddi addımdır. Halbuki əksinə olmalı idi. Bəlkə siz zəif saydığınız qadın şahmatını inkişaf etdirmək üçün addım atasınız?.. Təəssüf ki, çempionumuz Şəhriyar bəy öz seksist yanaşmasında kişi cinsinin orta statistik nümayəndəsidən heç nəylə seçilmir. Hər fürsətdə qadının gücsüz, yetənəksiz olduğunu iddia edənlər, görünür, qadının cəmiyyətə artan nüfuzundan və bu fonda öz güclü rolunun itiriləcəyindən qorxuya düşür. Bu bir kompleksdir. Vaxtilə Marqaret Tetçerdən soruşurlar ki, sizdə yəhudilərə qarşı ayrı-seçkilik varmı? O da cavab verib ki, bizdə naqislik kompleksi yoxdur. Biz özümüzü yəhudilərdən pis hesab etmirik. Bir kişi qadının gücsüz olduğunu deyirsə, demək ki, qadının daha güclü olduğunu ya bilir, ya da hiss edir. Yaradan qadını zərif, kişiləri isə kobud, qarışqanı kiçik, fili də böyük yaradıb. Amma qarışqa öz çəkisindən 50 dəfə artıq yük qaldıra bilir. Bir də filin siçan qarşısında tir-tir əsməsini xatırlayın. İndi deyin kim güclüdür? Qadın-kişi ayrı-seçkiliyi olan cəmiyyət geridə qalmış və patriarxal cəmiyyətdir. Mədəni mühitdə yaşayan bir insan çox nadir hallarda “qızım məktəbə getməsin!” deyər. Amma ucqar və geridəqalmış kəndlərdə bu kimi hallara çox rast gəlmişik. Şəhriyar Məmmədyarov yaxşı şahmatçı, intelektual bir insan ola bilər, dünyagörüşü isə çox geridə qalıb. Elə olmasaydı, söylədiklərinin ağırlığını hiss edərdi. Kişiləri qadınlardan daha intellektual hesab edən şahmatçımıza genetika elminin son nailiyyətlərini xatırladıram. Genetiklər sübut ediblər ki, bütün kişilərə intellekt anadan keçir, qız uşaqlarına isə atalarından". Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Persona” verilişində bu sözləri deyib: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.