“Qadınlar nə qədər istəyir danışsın, kişilər onları heç vecinə də almır“

“Qadınlar nə qədər istəyir danışsın, kişilər onları heç vecinə də almır“

Son zamanlar məşiət zorakılığı ilə bağlı problem yenidən aktuallaşıb. Zərif cinsin nümayəndələrinin həyat yoldaşları, bəzən isə ataları və qardaşları tərəfindən müxtəlif bəhanələrlə qətlə yetirilməsi kişilər və qadınlar arasında qarşıdurmanı bir qədər də dərinləşdirib. Tərəflərin bir-birini günahlandırmağa meyilli olması ziddiyyətləri daha da kəskinləşdirib.

Cəmiyyətdə nə baş verir?

Cəmiyyət yenidən “qadının yeri mətbəxdir” düşüncəsinə qayıdır?

Kişilərlə qadınların dil tapması niyə bu qədər çətin olub?

Milli Məclisin deputatı Aqil Abbas Yenisabah.az-a açıqlamasında deyib ki, yola getməyən qadın və kişi bir yerdə yaşamağa məcbur deyil:

“Hər şeyin kökündə ilk növbədə maarifçilik dayanır. Münasibətlər normal deyilsə, hüquq mühafizə orqanlarına və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edə bilərlər.

İnsanlar yola getmirlərsə, bir yerdə yaşamağa məcbur deyillər. Bizdə adətən uşağın xətrinə ailələr məcbur da olsa birgə yaşayırlar. Bu problem təkcə bizdə deyil. Bütün dünyada var. Bununla yanaşı, bütün dünyada qadın, hətta kişi qətilləri də var. Bizdə bu hallar indi-indi müşayiət olunur”.

Deputatın sözlərinə görə, işsizlik ailə daxili münaqişələrə səbəb olur:

“Türk xalqlarında qadına kişinin eşi, tayı deyirlər. Qadın əri ilə birlikdə müharibəyə də, işə də gedirdi. Qadın hüquqları kişi ilə bərabər tutulurdu. Son illər bu ideologiyadan ayrılmışıq. 30 ildir ideologiyamızı formalaşdıra bilməmişik.

Hazırda boşanmaların çoxu maddi vəziyyət üzündən olur. Sıxıntılar mübahisələrə səbəb olur. Sonu da boşanmaya gətirib çıxarır. İşsizlik buna ciddi təsir göstərir.

Valideynlər də gənc ailələrin işinə qarışmamalıdır. Hər kəs yeni yaranan ailənin üzərində hökmranlıq etmək istəyirlər. Onda da ortaya başqa məsələlər çıxır. Cəmiyyət hələ silkələnir, tam otura bilmirlər. Düşünürəm ki, qanunları da bir qədər sərtləşdirmək lazımdır”.

A.Abbas qeyd edib ki, qadınlar nə qədər istəyir danışsın, kişilər qadınların çox danışmasını heç vecinə almır, qalıb ki, infarkt keçirsinlər:

“Qadın çox danışanda onu vurub öldürməzlər. Qadın çox danışdığına görə onu vurub öldürərlər? Mən çox danışan adamam, onda gərək məni vurub öldürsünlər... Bu nə deməkdir?

Rəşid doktor deyib ki, qadınlar çox danışdığı üçün kişilər infarkt keçirir. Ona hörmətim var. Amma boş söz-söhbətlərdi. Qadın çox danışır ona görə kişi infarkt olur? Elə şey ola bilməz.. Kişi heç vecinə almır. O qulağından alıb, bu birinə verir. Bunlar səbəb deyil.

Cavid demiş, bəşəriyyət qadınla yüksələcək. Azərbaycanda görün nə qədər qadın deputat, nazir var. Azərbaycan cəmiyyətində qadına dövlət tərəfindən bu cür yanaşılır. Ayrı-ayrı adamlar var ki, qadını qısqanır, amma bunu hamıya şamil etmək olmaz. Kişilər adətən özlərini yüksək sayırlar. O da düz deyil. Qadınlara şərait yaradılmalıdır”.






Fikirlər