“Bu gün kişilər komitədən daha çox kömək istəyir, nəinki qadınlar” – Komitə sədri

c237b5bbde816d2b787d3ee77ed166d9

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, ilahiyyatçılar və başqa şəxslər iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, tədbirin keçirilməsində məqsəd islamda qadın-kişi bərabərliyi, islam cəmiyyətində qadının mövqeyi, ailə dəyərlərinə və qadınlara qarşı zorakılığa islami münasibətin düzgün qiymətləndirilməsidir. H.Hüseynova qeyd edib ki, İslam qadınların ictimai aktivliyini dəstəkləyən bəşəri dindir.

Dövlət Komitəsinin sədri əlavə edib ki, məişət zorakılığı böyük bir problemdir: “Bizim Komitə tərəfindən artıq məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məişət zorakılığı haqda bütün məlumatlar həmin bankda toplanır”.

H. Hüseynova qeyd edib ki, bu gün kişilər Dövlət Komitəsindən daha çox kömək istəyir, nəinki qadınlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, bu məsələdə ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir: “Biz dini maarifləndirmə işlərini davam etdirməliyik. Məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir. Bütün dünyada zorakılıq halları olur. Səmavi dinlərin müqəddəs kitabları hər cür zorakılığın əleyhinədir. İslam dini qadın hüquqlarına böyük önəm verir. Qadına qarşı zorakılıq elementləri xristian ölkələrinə nisbətən islam dünyasında daha azdır”.

Tədbirdə daha sonra millət vəkilləri Aqiyə Naxçıvanlı, Hadı Rəcəbli və başqaları çıxış edib.

 






Fikirlər