Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMA

Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMA

Bu gün Azərbaycanda boçanmaların artdığı, nikahların isə azaldığı zamanlara gəlib çıxmışıq. Son statistikalarda bildirilib ki, Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. Kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür. Digər tərəfdən Azərbaycanda evlilik yaşı belə artıq dəyişib. Bu gün Azərbaycanda gənclər evlənmək niyyətində deyillər. Əlbəttə ki, bunun digər bir səbəbi karyeradan başqa, sosial-iqtisadi problemlərdir.

Bu gün bir çox ölkələrdə münasibəti olmayan və evlənə bilməyən şəxslər nikah agentlikləri və tanışlıq kimi qurumlara müraciət edirlər. Hətta bununla məşğul olan platformalarda var. Azərbaycanda da bu kimi qurumlar az da olsa fəaliyyət göstərir. Hətta telekanllarda da bununla bağlı şou xarakterli verilişlər hazırlanırdı. Lakin cəmiyyət arasında bu kimi qurumlara yaxud agentliklərə yanaşma birmənalı deyil. Kimisi müsbət qarşılasa, kimisi də bu kimi qurumların fəaliyyətini tənqid edir. Bəs bunun səbəbi nə ilə bağlıdır? Mütəxəssislər onların fəaliyyətini necə qiymətləndirir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mail Yaqubov deyib ki, indiki zamanda nikah agentlikləri yaxud tanışlıq şirkətlərinin fəaliyyəti müsbətdir:
"Belə agentliklərin olmasına müsbət baxıram. Burada pis heç bir şey yoxdur. Əgər bəy və xanım orada tanış olub, onlar deyir işə vəsilə olurlarsa, burada pis bir şey yoxdur. Əksinə bu kimi agentliklərin olması çox gözəldir. Çünki eyni şəhərdə bir-birinə uyğun olan cütlüklər var. Onlar bir-birindən xəbərsizdir və tanımırlar. Belə agentliklər olmalıdır. Bəzi televiziya proqramlarında yüngül verilişlər hazırlayırlar. Bu kimi halları agentliklərin fəaliyyəti ilə qarışdırmaq olmaz. Bunlar ayrı-ayrı məsələlərdir. Amma ümumilikdə həmin agentliklərin olması indiki boşanmaların artdığı, nikahların azaldığı bir vaxtda onların fəaliyyətlər göstərməsi gözəl bir təşəbbüsdür".

Məsələ ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov saytımıza öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, insanlar şəxsi həyatları ilə bağlı qərar vermək istəyəndə, başqalarının üzərinə məsuliyyət qoymağa çalışırlar:
"Böyüklər də daha doğru qərar verə bilərlər deyə, bu məsuliyyəti öz üzərinə götürmüş olurlar. Formalaşmış düşüncə budur. İnsan üç anlayışı özü seçmir- doğulduğu ailə, vətən və zaman. Hər zaman bu üç anlayış üzərində yaşadığı dövr ərzində mübarizə aparır. İnsanın seçimləri isə onun öz psixologiyasından gələn qərarlar olmalıdır. Belə olmadığı halda hər zaman problemlər yaranacaq. Yaranan problemlərə münasibət bildirəndə başqalarını günahlandırırlar. Biz bu düşüncə xətasını dəyişmək üçün edəcəyimiz səhvlərdən qorxmamalıyıq. İnsan etdiyi səhvlərdən qorxmamalıdır. İnsanın şəxsi həyatında edəcəyi səhvlər həm də onun şəxsiyyət kimi formalaşmasına təsir edəcəkdir".

Psixoloqun sözlərinə görə, cütlüklərə ailə qurmamışdan əvvəl psixoloji uyğunluq testindən keçərək konsultasiya almaları tövsiyə olunur:

"Əgər psixoloji uyğunluq testində uyğunsuzluq yaranarsa, cütlüklər seanslara cəlb edilir və gələcəkdə yarana biləcək problemlər aradan qaldırılır. Bu günləri boşanmaların 99 faiz səbəbi psixoloji uyğunsuzluqdur. Yəni şəxslər arasında yaranmış psixoloji arasında yaranmış psixoloji uçurumdur. Bütün problemlərdə dialoqun itməsidir. Dialoq o zaman itir ki, şəxslər artıq öz düşüncələrində bir-birindən ayrılmış olurlar və bərpa edə bilmirlər. Empatiya qurmur və gələcəyə baxışlarını formalaşdıra bilmirlər. Yenidən xüsusi olaraq vurğulamaq istədiyim məqam odur ki, ailə qurmamışdan əvvəl psixoloji konsultasiya üçün psixoloqlara müraciət etsinlər".






Fikirlər