Azərbaycanda erkən nikahlara görə 3 cinayət işi AÇILIB

Ötən il Azərbaycanda erkən nikah hallarına görə 3 cinayət işi açılıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov AZƏRTAC-a müsahibəsində deyib.

Məcburi erkən nikahların baş verməsi halları ilə bağlı komitəyə ərizələrin daxil olduğunu deyən E.Səfərov qeyd edib ki, son bir neçə il ərzində komitənin regional mərkəzləri tərəfindən belə faktların qarşısının alınması istiqamətdə müxtəlif tədbirlər görülür.

“2012-ci ilə qədər Azərbaycanda 2.500-3.000 civarında erkən nikah faktı olub. Bunun nəticəsində 3.500-4.000 uşaq doğulub. 2012-ci ildən 2017-ci ilədək Azərbaycanda erkən nikahların sayı 400-500 civarına çatıb. Erkən nikahda doğulan uşaqların sayı isə 40 faiz azalaraq 2 minə çatıb”, - deyə E.Səfərov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda erkən nikahlardan doğulan uşaqların sayı azalır, bu sahədə müsbət tendensiya var. Erkən nikahların sayının azaldılması üçün dövlət tərəfindən edilən təşəbbüslər müsbət nəticələr verir. Lakin erkən nikahlardan doğulan uşaqların sayı azalsa da, məcburi erkən nikah faktı hər halda ətraflı araşdırılmalıdır.

Şöbə müdiri bildirib ki, Dövlət Komitəsində reabilitasiya proqramlarının aparılması ilə bağlı mütəmadi işlər görülür. Komitə və digər dövlət qurumları tərəfindən, xüsusilə də yerli icra hakimiyyətləri tərəfindən preventiv tədbirlər çərçivəsində psixoloji və hüquqi yardım kampaniyaları keçirilir. Eyni zamanda, yerli icra hakimiyyəti orqanlarının məişət zorakılığı ilə əlaqəli monitorinq komissiyaları tərəfindən erkən nikahların qeydiyyatı aparılır və mütəmadi olaraq nəzarətdə saxlanılır, belə nikahın qeydə alındığı ailələrə daha çox xüsusi şərtlər daxilində dəstək göstərilir. Erkən nikahlar qızların təhsilinin effektiv tamamlanmasına mane olur, onları peşəkar və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı imkanlardan məhrum edir, erkən hamiləliyin baş verməsi riskini yaradır, qızların seksual zorakılığa məruz qalması riskini yüksəldir. Hazırda ölkədə məişət zorakılığının qarşısının alınması üzrə möhkəm qanunverici baza yaradılıb. Eyni zamanda, məişət zorakılığının və erkən nikahlara operativ reaksiya verməyə imkan verən regional monitorinq komissiyaları fəal işləyir. Monitorinq komissiyaları məişət zorakılığı ilə mübarizə sahəsində regionlarda dövlət təşkilatlarının fəaliyyətini birləşdirməyə və erkən nikah faktlarının qarşısını almağa imkan verir.

E.Səfərov qeyd edib ki, dünyada hər il orta hesabla 15 milyon qız, yəni hər dörd qızdan biri erkən evliliyə məcbur edilir.






Fikirlər