Ağsu rayonunda toyuna bir gün qalmış gəlinin başqası ilə qaçdığı haqda xəbər vermişdik. Onu da bildirmişdik ki, qızın qaçma səbəbi ailəsinin bu evliliyə məcbur etməsi olub.
Təəssüflər olsun ki, gəlinin ata evindən və ya ər evindən qaçması halı ilk dəfə deyil ki, yaşanır. Bunun da əksəriyyətinin kökündə məcburi nikahlar dayanır. Məcburi şəkildə nişanlanmış və ya evləndirilmiş gənclər valideynlərin övladlarının həyatı ilə bağlı yol verdikləri ciddi səhvə qaçmaqla qarşılıq vermiş olurlar. Ancaq bir məsələ də var ki, bu zaman valideynlər bir kənarda qalır və həmin gənclər qınaq obyektinə çerilirlər.
Maraqlıdır, biz həmin gəncləri qınamaqla doğrumu edirik? Bu məsələlərdə günah daha çox hansı tərəfin üzərinə düşür? Məcburən evləndirilmiş gənclərin sağlamlığında və ya gələcəkdə dünyaya gətirəcəkləri uşaqların sağlamlığında hansısa mənfi fəsadlar ola bilərmi?
Moderator.az-ın mövzu ətrafında suallarına tibb elmləri namizədi, tanınmış həkim Rəşid Mahmudov aydınlıq gətirib.
R.Mahmudov bildirib ki, belə məsələlərdə məsuliyyət daha çox anaların üzərinə düşür:
“İlk öncə onu qeyd edim ki, gəncləri məcburi qaydada evləndirmək əsla yol verilməzdir. Valideynlərə heç bir haqq verilmir ki, uşaqlarını kiminləsə ailə qurmağa məcbur etsinlər. Evlilik elə bir məsələdir ki, burada ilk növbədə ailə quran gənclərin razılığı olmalıdır. Bunun üçün də valideynlər, əsasən də analar qızları ilə rəfiqə münasibəti qurmalıdırlar, qızlarını daima nəzarətdə saxlamalıdırlar. Xüsusən də evlilik yaşına çatmış qızlarla. Ana əvvəlcə qızının kimisə sevib, sevmədiyini öyrənməlidir. Yox əgər qız kimisə sevir və bunu anasından gizlədirsə, bu da artıq doğru deyil. Qız valideynlərinə hər şeyi açıq deməlidir. Əgər həmin ərəfədə qız başqasını sevdiyini gizlədirsə və ailəsinin verdiyi adamla nişanlanmağa razı olursa, əlbəttə ki, bundan sonra qız kimisə qoşulub qaçarsa, günah özündədir. Çünki əvvəldən narazılıq etməyibsə, sonradan qaçmaqla həm valideynlərinə, həm də qarşı tərəfə zərbə vurmuş olur.
Yox əgər qız əvvəldən başqasını sevdiyini açıq deyirsə və valideynləri buna məhəl qoymadan qızı başqasına verirsə, bu zaman əlbəttə ki, günah valideynlərdədir. Ümumiyyətlə valideynlər övladlarının evlilik məsələsinə qarışmamalıdırlar”.
R.Mahmudov məcburi nikahların fəsadlarından da danışıb:
“Məcburi evliliklər həm cəmiyyət üçün, həm gənclərin evlilikdən sonrakı həyatı üçün, həm də sağlamlıqları üçün də fəsadlıdır. Məcburən evlənən cütlüklər gələcəkdə ailə qayğıları ilə üzləşəndə daha da aqressivləşirlər. Bu zaman ailə daxili münaqişələr qaçılmaz olur. Demək olar ki, cütlüklərin günü dava-qırğınla keçir, heç birinin sözü qarşı tərəfin boğazından keçmir. Həm özlərinin gününü zəhərə döndədrirlər, həm də qonum-qonşunun, qohum-əqrəbanın. Və beləliklə də ya həmin ailədə bir tərəf digər tərəfə qarşı cinayət törədir, ya da ailə boşanır.
Bundan əlavə məcburən evləndirilənlərin sağlamlığında, psixoloji vəziyyətində problemlər yaranır. Gənclər, xüsusilə də qızlar daha çox özünə qapanır, əsəb, stress yaşayırlar. Hətta onların arasında intihara əl atan belə olur. Əlbəttə ki, bu problemlər onların dünyaya gətirikləri övladlarında da özünü göstərir.
Buna görə də bir daha təkrarlamaq istəyirəm ki, gəncləri məcburi şəkildə kiminləsə evləndirmək olmaz. Əgər gənclərin öz sevdikləri varsa, bu sevgi qarşılıqlıqlıdırsa, müvəqqəti deyilsə, maddiyyat üzərində qurulmayıbsa, valideynlər də bu sevgini dəstəkləsinlər, onları ayırmasınlar”.
Xatırladaq ki, Ağsuda baş verən hadisədə də ailəsi tərəfindən məcburən nişanlanan qız başqasını sevirmiş. Bu barədə də ailəsini xəbərdar edibmiş, lakin ailə həm qohumluq münasibətlərinə, həm də oğlanın anasının xəstə olduğuna görə qızlarının etirazlarına etinasız yanaşıb.