Tikintidə təhlükəsizliyə nəzarət insan həyatına hörmət deməkdir
Tikintidə təhlükəsizliyə nəzarət insan həyatına hörmət deməkdir. Başqalarına qara yaxaraq özünü "ağ günə" çıxarmaq istəyənlər bu yazını diqqətlə oxusunlar! Son illərdə istər paytaxt Bakıda, istərsə də bölgələrdə "tikinti bumu"nun yaşandığı bir həqiqətdir. Bu, şübhəsiz ki, Azərbaycanda sosial-iqtisadi inkişafın, əhalinin rifah halının yaxşılaşmasının və yüksəlməsinin göstəricilərindən biridir. Lakin "tikinti bumunun" eyni zamanda müxtəlif çətinliklər doğurduğu da sirr deyil. Söhbət ilk növbədə təhlükəsizlik tələblərinin qorunmasından və müvafiq qanunvericiliyə əməl edilməsindən gedir. Təəssüf ki, bəzən istər fiziki, istərsə də hüquqi şəxslərin hər iki baxımdan etinasızlığı hiss olunur. Bu baxımdan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin üzərinə ciddi vəzifələr düşür. Son zamanlar xüsusilə qanunsuz tikililərin müəyyənləşdirilərək lazımi tədbirlərin görülməsi adıçəkilən Agentliyin öz öhdəliklərinə ciddi, məsuliyyətli yanaşmasının nəticəsidir. Bir fakt bu dediklərimizin təsdiqidir: təkcə ötən il təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 4000-dən çox obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov öz çıxışlarında qanunsuz tikililərin qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinə mütəmadi şəkildə toxunur, bununla bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə vaxtaşırı olaraq müvafiq tövsiyələrini və tapşırıqlarını verir. Cənab nazirin tövsiyə və tapşırıqlarını əsas götürən Agentlik rəhbərliyi isə yekunda öz fəaliyyətini kifayət qədər səmərəli şəkildə qurmağa nail ola bilib. Bu baxımdan qurumun tikinti şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşləri, maarifləndirici tədbirləri xüsusilə təqdirəlayiqdir. Belə görüşlərdə, tədbirlərdə məxsusi olaraq vurğulanır ki, tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən, eləcə də qanunvericiliyin digər tələblərinə riayət olunmasından sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmamasının, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olacağı diqqətə çatdırılır. Cəbrayıl Xanlarovun rəhbərlik etdiyi Agentliyin məhz bu cür ardıcıl, sistemli maarifləndirmə və təbliğat işlərinin nəticəsidir ki, ölkəmizin tikinti sektorunda təhlükəsizlik məsələsi artıq ilk pillədə dayanır. Vaxtilə bu məsələyə müəyyən qədər etinasız yanaşan sahibkarlar da indi aydın şəkildə başa düşürlər ki, insanların həyat və sağlamlığı istənilən biznes fəaliyyətinin nüvəsini təşkil etməlidir. Bu sadə həqiqətlə barışmayanlarla bağlı isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunvericiliyin müəddaları çərçivəsində gərəkli addımlar atılır: müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işlərinin qarşısı alınır, bu cür tikililər mütəmadi şəkildə aşkarlanaraq sökülür. Düzdür, bəzən kimlərsə qanunsuz tikililərin sökülməsini qaraqışqırıqla qarşılayır, hətta bunu qarayaxma kapaniyasına çevirməyə çalışırlar. Lakin qanunvericiliyin müddəalarını və insanların həyatını, sağlamlığını hər şeydən üstün tutan Agentlik rəhbərliyi və əməkdaşları heç bir kənar təsir altında qalmadan öz vəzifə borclarını layiqincə yerinə yetirmək üçün əllərindən gələni əsirgəmirlər. Cəbrayıl müəllimin öz işinə məsuliyyətli və peşəkar yanaşması göz qabağındadır. Təsadüfi deyil ki, cənab Prezidentin sərəncamı ilə 3 il öncə ona 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. Ancaq bəziləri hələ də hər fürsətdə öz məkrli niyyətlərini işə salmağa çalışırlar. Belələri sadə bir həqiqəti unudurlar: ölkənin ali rəhbərliyinin etimad bəsləyib qiymətləndirdiyi bacarıqlı bir kadrı hansısa kirli maraqlar naminə gözdən salmaq boşuna zəhmətdir.
Elə Cəbrayıl Xanlarov və rəhbəri olduğu qurumda da belə düşünürlər, ona görə də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi heç bir qarayaxmanı ciddiyə almadan yalnız öz fəaliyyətini gücləndirməklə məşğuldur. Tikinti obyektlərində rast gəlinən çatışmazlıqlara qanunvericiliyin tələbləri çərçivəsində adekvat reaksiya verən Agentlik əməkdaşları yaxşı başa düşürlər ki, onların işə məsuliyyətli yanaşmasından bizim hər birimizin həyatı asılıdır. Təkcə bir məqamı qeyd edək: Azərbaycan ərazisində ötən il ən yüksək maqnitudalı iki zəlzələ baş verdi. Söhbət 4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələlərdən gedir. Lakin hər iki zəlzələ zamanı paytaxtdakı tikililərdə heç bir ciddi fəsad qeydə alınmadı. Bu, şübhəsiz ki, Fövqəladə Hallar Nazirliyinin və onun tabeliyindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tikinti sektorunda dövlət nəzarət tədbirlərini uğurla həyata keçirməsinin də bir nəticəsidir. Bir anlıq təsəvvür edək: əgər bu sektorda mütəmadi şəkildə, ardıcıl olaraq zəruri nəzarət tədbirləri həyata keçirilməsə vəziyyət necə olardı? Hər birimizin həyatı, sağlamlığı üçün ağır risklər ortaya çıxmazdımı? Bütün bunlardan sonra Cəbrayıl Xanlarov və rəhbərlik etdiyi qurumun uğurlu fəaliyyətini təqdir etmək əvəzinə, onu qarayaxma kampaniyalarının hədəfinə çevirməyə çalışmaq hansı məntiqə sığır? Belələrindən bir də bunu soruşmaq lazımdır ki, sizin üçün necə, insan həyatının və sağlamlığının bir mənası varmı?! Azər Nəcəf, ''AzerTaym.az'' saytının rəhbəri.