1 il əvvəl təyin olunan mərkəzin direktoru cərimələndi, məhkəməyə müraciət etdi
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov cərimələnib.
AzerTaym.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mərkəzin direktoru haqqında protokol tərtib edib.
Müvafiq işlə bağlı "Məhkəmə portalında" məlumat verilib.
Prorokol İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında tərtib olunub. Sözügedən maddəyə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Mirələm Cəlalov qərardan şikayət edib. İşə Bakı şəhəri Nəsimi rayon məhkəməsində Elməddin Hüseynov hakimliyi ilə baxılacaq.
Xatırladaq ki, Mirələm Cəlalov ötən il Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor təyin olunub. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub.
Təyinatdan bir neçə gün əvvəl "103" xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib