Müştəri deyir 20 manata alıram, satıcı isə... - Bal yarmarkasından REPORTAJ
“Xanım, ay xanım, bir dənə baxarsız?” “Ay gözəl, gəl bir dadına bax!”, “Almasan da, dadına bax, gör necə gözəl baldır?!” Ənənəvi bal yarmarkasında ənənəvi müştəri cəlb etmə cümlələri... Bakıda növbəti bal yarmarkası açılıb. Sentyabrın 29-a qədər davam edəcək yarmarka bu il də eyni ünvanda təşkil olunub - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi (“Gənclik” metrostansiyasının yaxınlığı). vakansiyalar Bakıda Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu artıq arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasıdır. Hər arıçı maksimum 400 kq bal və 30 ədəd arı şanı satışa çıxara bilib. Lakin hər il olduğu kimi, digər arıçılıq məhsulları da az deyil. Piştaxtalar arasında gəzdikcə maraqlı dizaynlar diqqət çəkir. Arıçılar uzun yoldan gətirdikləri məhsulları satmaq üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Alıcıları şirin dillə cəlb edənlər az deyil. Bəzi arıçılar isə müasir dövrün tələblərinə uyğun olaraq brend yaratmağa çalışırlar. Məsələn, “Balçı”, “Bir Laçın brendi” kimi adlar diqqətimizi çəkdi. 4 cərgə piştaxtalarda o qədər çox məhsul var ki, yarmarkada ən azı 1 saat gəzmək gərəkir. Təbii ki, bal yalnız etibar etdiyin satıcıdan alınan məhsullardandır. Lakin təcrübəli arıçı müştəriyə dolğun məlumat verməyi bacarırsa, bu, az da olsa, inam yaradır. Arıçılarla söhbətimizdə onlar bildirdilər ki, hər il olduğu kimi, məhz bal almaq üçün gələnlər çoxdur. Amma arıların min dərdə çarə digər faydalı məhsullarından xəbərdar olanlar da var. İlk həmsöhbətimiz təcrübəli arıçı Hikmət Əliyevdir. O, yarmarkada övladları ilə birgə iştirak edir: “Bu il 5 növdə 300 kiloqram bal gətirmişəm. Biyan balı, Lerik (Zuvand) balı, Hadrutdan 1-ci və 2-ci süzüm və Tuğ balı gətirmişəm. Çiçək tozu, güləm, propolis şamları, mum güvəci cövhəri, arı cövhəri, ballı alma sirkəsi, varikoz əleyhinə maz kimi məhsullar da satıram. Biyan balının bir kilosu 20 manata, Qarabağ balı 30 manata satılır. Qarabağ balının maya dəyəri bir qədər yüksək olsa da, endirim etməyə çalışıram. Çiçək tozunun 100 qramı 5 manat, güləmin 70 qramı 10 manatdır. Propolis şamının kiloqramı 100 manatdır. Biri isə 1,20 AZN-dir”. H. Əliyev balın keyfiyyətini yoxlamağa çalışan müştərilərə məsləhət verdi: “Kimi balı süzmək, kimi yandırmaq istəyir, digəri yod tökür, halbuki yod ancaq suya qatılandan sonra kraxmalı göstərir. Bütün bunlar təsdiqini tapmayan üsullardır. Balı yalnız güvəndiyin arıçıdan almaq məsləhətdir, bir dəfə alıb yoxladıqdan sonra əmin olmaq olar. Balın əsl keyfiyyəti laboratoriya nəticəsinə görə müəyyən edilə bilər. Ən azı müşahidə etmək olar. Mən 2006-cı ildən yarmarkada iştirak edirəm, heç vaxt müştəri çağırmamışam. Çeşidim çox, özüm də təcrübəli, məlumatlı arıçı olduğum üçün məhsullarımı sata bilirəm”. “Balçı” brendi ilə tanınan gənc arıçı Elvin Bayramlı ilə həmsöhbət olduq. O bildirdi ki, yarmarkaya icazə veriləndən bir qədər az bal çıxarıb, çünki qablaşdırılmış bala maraq azdır: “İnsanlar bitonlarda satılan bal almağa üstünlük verirlər. Mən isə balı hazır qablaşdırmada satıram. Məhsullarımız keyfiyyətli olduğu üçün endirim az edirəm. Hətta eyni yerdə, müxtəlif arıçılar tərəfindən istehsal olunan ballar fərqli olur. Bunun bir neçə səbəbi var. Birinci səbəb arıların güclü olub-olmaması, yaxşı məhsul götürülməsi, üstəlik, arılara kimyəvi preparatların verilib-verilməməsidir. Bal istehsalı dövründə kimyəvi dərmanlar verilməsi məhsulu zərərli edir. Ən böyük bəlalardan biri arılara şərbət, yemləmə verilməsidir. Bu halda bal kimyəvi cəhətdən təmiz olmur, keyfiyyətsiz, şəkər tərkibli olur. 10-15 manata olan bal aşağı keyfiyyətlidir. Balın qiymətinin bəlli həddi var. Əgər 3-5 kiloqram 20 manatdan az satılırsa, deməli, balın keyfiyyətində problem var. Yalnız topdan satış qiymət bundan ucuz ola bilər”. Elvin Bayramlı qablaşdırmada satılan balların gigiyenik cəhətdən daha təmiz olmasına diqqət çəkdi: “Bal çirklənən məhsuldur. Onu yumaq olmaz. Pətək balda problem olmur. Açıq olan bala toz dolur, küləklə birgə başqa yad cisimlər düşür. Sırf xüsusi qablaşdırmada bal satdığımız üçün 300 nəfər arasında bizə “Ən təmiz arıçı” sertifikatı verilib. Düşünürəm ki, bal yarmarkaya qablaşdırılmış şəkildə gətirilməlidir. Bankalar sterilizasiya edilməlidir”. O ki qaldı qiymətlərə, Elvin Bayramlının arı təsərrüfatı əsasən Ağstafa-Qazax bölgəsində olur. Artıq 2 ildir ki, Kəlbəcər və Laçın bölgələrinə də aparılır. Arıçı qeyd etdi ki, dağlıq bölgə olduğu üçün zəngin bitki aləmi var: “Bu da arıların keyfiyyətli bal istehsal etməsi üçün əlverişli mühit deməkdir. Qiymətlər 30,40, 45 AZN arasında dəyişir. Propolisin 30 ml-si 10 manata satılır. Xüsusi 250 ml-lik şüşə qabda satılan bal sirkəsinin qiyməti 10 AZN-dir”. Artıq iki ildir ki, yarmarkada Qarabağ bölgəsinin balı satılır. Laçınlı arıçı Kamal Allahverdiyev doğma yurduna köçüb və təsərrüfatını da doğma yurduna aparır. O, yarmarkaya 200 kiloqram bal gətirib: “Gördüyünüz kimi, xüsusi hədiyyəlik qutular gətirmişəm. Bu qablaşdırmada balın bir kiloqramını 50 manata satıram. Bu, standart qiymətdir. Kimsə balonla alsa, hər kiloqrama 5 manat endirim edirəm. Çiçək tozunun 100 qramı 10 manat, güləmin 100 qramı 15 manatdır. Kosmetik vasitə kimi istifadə olunan mumlar 3 manatdır”. Qarabağlı arıçı Telman Musayev də 3-cü ildir ki, təsərrüfatını işğaldan azad edilmiş bölgələrə köçürür: “Mən Füzuli rayonunu təmsil etsəm də, təsərrüfatımı Xocavənd, Hadrut ərazisində saxlayıram. Arıçılıq deyəndə hər kəsin ağlına ilk növbədə bal gəlir, ancaq bal arının ən ucuz məhsuludur. Arı 7 növ məhsul istehsal edir. 300 kiloqram bal, 30 pətək gətirmişəm. Bilikli alıcılar propolis, arı südü kimi məhsullara maraq göstərirlər. Arı südünün qramı 5 manatdır, hər adamın imkanı çatmır. Amma istifadə etsələr, yaxşı olar. Çiçək tozu, propolis, güləmdən daimi istifadə ilə yanaşı, bal qəbulu da faydalıdır. Pətək və süzmə balın kiloqramı 35 AZN-dir. Maddi vəziyyəti nəzərə alaraq Qarabağ balının əlçatan olmasına çalışıram. Adı da Qarabağ balıdır, özü də. Addan istifadə etmək olmaz! 5 kiloqamdan artıq alana endirim edirəm. 500 ml-lik bal sirkəsinin qiyməti 11 manatdır”. Alıcılarla da söhbətləşdik. Müşahidə etdik ki, kimi balın rənginə fikir verir, kimi qoxulayır, kimi də dərhal dadına baxır. Azər Abdıyev dedi ki, əsasən balın qoxusuna fikir verir: “Ya Gədəbəy, ya da Daşkəsən bölgəsinin balını almağı düşünürəm. Bu bölgədən gətirilən balın qeyri-adi iyi olur. Hadrut balının qoxusu məni cəlb etdi. Dadını bilməsəm də, maraqlandım”. Səidə Əliyeva isə yarmarkaya hər il gəldiyini dedi: “Çiçək balına üstünlük verirəm, ən çox xoşuma gələn bal qaymağıdır. Əsasən Zaqatala bölgəsinin balını alıram. Təmiz bal bahadır. Kiloqramı 20 manata bal ala bilirəm”. Yarmarkaya ilk dəfə gələnlər də var. Ülviyyə Abdullayeva uzun illər Rusiyada yaşadığı üçün Azərbaycan istehsalı balın dadına və digər arıçılıq məhsullarına çox bələd deyil. O, yarmarkaya yerli məhsullarla maraqlanmaq üçün gəlib: “Güləm çox faydalıdır, çox istifadə edirəm. Balın qaymağını da xoşlayıram. Allergiyam olduğu üçün baldan çox istifadə edə bilmirəm. Arı südü ilə də maraqlanıram. Büdcəmə uyğun olsa, bir neçə arı məhsulu almağı düşünürəm”. Yarmarkada 39 rayondan 275 arıçı iştirak edir. Məhsul bol, çeşid bol! Odur ki, fürsəti dəyərləndirə bilərsiniz! /Musavat.com