Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Azərbaycanda anti-korrupsiya tədbirləri çərçivəsində vaxtaşırı saxlananlar olur. İndiyə kimi onlarla yüksək və orta ranqlı məmur bu əmələ görə həbs edilib. Bəzilərinin barəsində məhkəmənin qərarı ilə uzunmüddətli həbs qərarı seçilib. Elə məmurlar da var ki, dövlətə vurduqları ziyanı geri qaytarırlar və azadlığa çıxırlar. Belə məmurlar sırasında keçmiş nazirlər, komitə sədrləri, icra başçıları və dövlətə külli miqdarda ziyan vuran iş adamları var. Bildiyimiz kimi, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri prosesi davam edir. Dövlətin pulunu oğurlamış şəxslərdən geri alınan pulların müəyyən faizinin Qarabağın tikintisinə həsr olunması şübhəsizdir. Oxşar nümunələr başqa ölkələrdə də var. Məsələn, Qazaxıstanda korrupsionerlərdən geri alınan pullarla 28 yeni məktəb inşa edilir. Bizdə də eyni addımın atılması mümkündürmü? Ümumiyyətlə, bu pullardan sosial sahədə bəzi ciddi işlər görmək üçün də istifadə oluna bilərmi? Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, korrupsiya və rüşvətxorluğun daha çox özünə yer aldığı ölkələr bir qayda olaraq zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdir. Onun sözlərinə görə, bu sırada dominantlığın həmin ölkələrə məxsus olmasının bəlli səbəbləri var: “Belə ölkələrdə adətən qanunlar mükəmməl olmur, olan qanunlar isə yaxşı işləmirlər. Qanunların mükəmməl olmadığı və mövcud qanunların pis işlədiyi dövlətlərdə rüşvətxor məmurların əl-qolu açılır. Belə ölkələrdə adətən nəzarət sistemi də çox aşağı səviyyədə olur. Bütün bunlar isə həyatının mənasını dövlətin büdcəsindən oğurlamaqda görən məmurlara “bulanıq suda daha çox balıq tutmaq” şansları yaradır. Çox təəssüf ki, Azərbaycanda da rüşvət və korrupsiyaya bulaşmış məmurlar az deyil. Son illər bir çox rüşvətxor və korrupsiya əməllərinə bulaşmış məmurlar işdən çıxarılsa da, onların bir çoxu həbs edilsə də, bu, hələ o demək deyil ki, biz ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəni yüksək səviyyədə təşkil edə bilmişik. Lakin bunu etməyimiz çox vacibdir. Bunun üçün ilk növbədə bütün sahələrdə mövcud olan monopoliya sındırılmalı, bazarda bərabər hüquqlu oyunçu ordusu formalaşdırılmalıdır. Digər tərəfdən hüquqları pozulan hər bir oyunçu məhkəmələrdə hüquqlarının obyektiv araşdırılacağına və obyektiv qərarlar qəbul ediləcəyinə əmin olmalıdır”. Sabiq nazir deyib ki, bütün dedikləri edildikdən sonra ölkədə korrupsiya və rüşvətxorluq halları kəskin şəkildə azala bilər:
Fikrət Yusifov “Əgər dünən dövlətin büdcəsini talayıb işdən qovulmuş məmur və onun övladları bu gün şəhərin ortasında, xalqın gözü qarşısında dəyəri yüz min manatlarla ölçülən avtomobillərdə şütüyürlərsə, dəyəri milyonlarla manat olan dəbdəbəli villalarda yaşayırlarsa və onlardan həmin var-dövlətin necə, hansı yolla əldə edildiyi soruşulmursa, bu, fəaliyyətdə olan məmurlar üçün çox pis bir nümunə deməkdir. Onun açması isə belədir – sizlər də oğurlayın, işdən qovulandan və hətta həbs ediləndən sonra dövlətdən oğurladığınızı əlinizdə nə qədər alsalar da, onun böyük bir qismi yenə sizə qalacaq… Baxın, biz mövcud mənzərəni aradan qaldırmağın optimal yollarını tapmalıyıq. Bu yolda dövlətin cəza maşını daha sərt işləməlidir. Bir az da obrazlı desək – dövlətdən oğurlayan vəzifəlinin əlindən oğurladığı son manatı da geri alınmalı və ona ən ağır cəza verilməlidir ki, “gözü çıxarılan qardaşı” görüb, fəaliyyətdə olan məmurlar tamahlarını ram edə bilsinlər”. Fikrət Yusifovun fikrincə, korrupsionerlərdən alınan pulları dövlət hara zəruri sayarsa, ora da xərcləyə bilər: “Rüşvətxorlardan geri alınan pullarla dövlət istəsə bağça, istəsə məktəb tikə bilər. Hamısını Qarabağın bərpası üçün də yönəldə bilər. Artıq bu, dövlətin baxışları ilə xərclənməlidir. O pullar xəzinəyə qayıtdıqdan sonra ən zəruri təyinat üzrə xərclərə yönləndirmək olar”. Xatırladaq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov onun tərəfindən dövlətə dəymiş bütün ziyanı – 20 milyonu ödəyib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov, 2 milyon 25 min manat ziyanı banka keçirib. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu ziyanı – 10 milyon manat məbləğində pulu ödəyib. Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi də 8 milyon manatlıq ziyanı tam ödəyib.