HƏBSDƏKİ RABİTƏÇİLƏR dövlətə nə qədər pil ödəyib? – Adlar, RƏQƏMLƏR

vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekom

“Rabitə işi” üzrə məhkəmə istintaqı artıq yekunlaşmaq üzrədir.

Lent.az bu dövrə qədər təqsirləndirilən şəxslərdən hansının dövlətə nə qədər vəsait ödədiyini araşdırıb.

Bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 3 milyon manat zərər ödəyib. Lakin istintaq dövründə onun vurduğu ziyan hesablanaraq 10 milyon manat dəyərində göstərilib. Belə olan halda, hələ Beytulla Hüseynovun dövlətə hələ 7 milyon manat borcu qalıb.

Ümumilikdə iş üzrə təqsirləndirilən 11 şəxsdən artıq 7-si dövlətə vurduqları ziyanı tam olaraq ödəyiblər.

Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ittiham görə, vurduğu ziyan 8 milyon hesablanıb. Sabiq aparat rəhbəri həmin məbləğdən 1 milyon 100 min manat ödəsə də, dövlətə borcu qalıb. V.Zeynalov məhkəmə iclasında xahiş edib ki, əmlakına qoyulan həbs götürülsün və o, mülklərini satıb dövlətə vurduğu ziyanı ödəsin.

“Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev də pul geri qaytarmayanlardandır. İttiham üzrə onun dövlət əmlakından 2 milyon manat mənimsədiyi bildirilib.

Dövlətə vurduğu ziyanı ödəməyənlər arasında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev də var. A. Mustafayev özünü günahkar bilmədiyini və dövlətə ziyan vurmadığını deyir. İttiham tərəfi isə onun dövlət əmlakına 567 min manat ziyan vurduğunu qeyd edib.

Təqsirləndirilən şəxslərdən “Aztelekom”un sabiq baş direktoru Məhəmməd Məmmədov (4,5 milyon manat), onun baş mühasibi Oqtay Rüstəmov (250 min manat), “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov (1,5 milyon manat), “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev (204 min manat) Korrupsiya qarşı Baş Mübarizə İdarəsində aparılan istintaq dövründə dövlətə vurduqları zərəri ödəmişdilər.

Təqsirləndirilənlərdən “Optik Qurğular” MMC və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-lərin rəhbəri Namazəli Məmmədov (4 milyon manat), onun baş mühasibi Səhrab Bağırov (600 min manat) və “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov (7 milyon 700 min manat) da dövlətə pul ödəyənlərdəndir. Onlar nazirlikdən alacaqları pulla dəymiş ziyanı əvəzləşdirdilər. Bununla bağlı məhkəmədə nazirliyinin nümayəndəsi çıxış edərək onlar barəsində heç bir tələblərin olmadığını dilə gətirdi.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 






Fikirlər