UCARDA sosial yardım davası - FOTOLAR

Ucarda sosial yardım davası - FOTOLAR

 Rayonun bir qrup sakini Sosial Müdafiə Mərkəzinin rəhbərliyini rüşvətdə və korrupsiyada ittiham edir

 

Nazirlik «Bizim Yol»un şikayətlə bağlı göndərdiyi sorğunu cavablandırdı

"Bu şikayətə imza edənlərin hamısı bir neçə ay öncə ünvanlı dövlət sosial yardımı almaq üçün Ucar rayon Sosial Müdafiə Mərkəzinə müraciət edib müvafiq sənədləri təqdim etdik. Mərkəzin müdiri vəzifəsini icra edən Oruc Piriyevlə oranın əməkdaşı Hicran Məmmədova bizim qarşımızda şərt qoydular:  "ya əvvəlcə 800 manat verin, ya da 6 ay sosial yardım kartı bizdə qalacaq"".

Bu barədə Sadıqova Gözəl Tərlan qızı, Məmmədov Xanlar Akif oğlu, İbrahimxəlilov İntiqam Oruc oğlu, Abdullayev Zaur Vaqif oğlu, Musayev Mirsafa Niyazi oğlu, Hüseynov Teymur Qnyaz oğlu, Həsənova Əfsanə Füzuli qızı, Cəbrayılov Tural Malik oğlu, Həsənov Elşən Əli oğlu və Həsənov Nemət Nəbi oğlunun müraciətində yazılıb.
Onlar bildirir ki, bu tələbə razı olmadıqları üçün bir neçə aydan sonra sənədləri özlərinə qaytarılıb: "Bu açıq aşkar cinayət faktıdır, yoxlanılmasına zərurət var. 
O.Piriyev yaşadığı Qulabənd və qonşu Alpı kəndində saxta arayışlarla çoxlu sayda adamlara qanunsuz olaraq ünvanlı sosial yardım təyin edib ki, adamların siyahısını nazirlikdən gələ biləcək yoxlamaya təqdim etməyə hazırıq. Hansı ki, həmin arayışı kənd soveti sədri ilə əlbir olub alıblar. Ailə tərkibini düzgün qeyd etməyiblər və komissiya zamanı göz yumublar. Həmin saxta "yoxsulların" bahalı avtomobilləri, mal-qoyun sürüləri, torpaq sahələri bir çox imkanları var ki, buna rayon sakinləri təəccüblənirlər.
Belə oxşar saxtakarlıqlar Hicran Məmmədovanın da nəzarət etdiyi sahələrdə olub. Onlar belə qazanc hesabına bahalı avtomobillərə, möhtəşəm villalara sahib olub".
Müraciətdə şikayətçilər ailələrinin vəziyyəti ilə bağlı məlumat verirlər: "Himayəsində iki azyaşlı uşağı olan Qarabörk kənd sakini  Musayev Mirsafa Niyazi oğluna 10 manat 89 qəpik sosial yardım təyin edilib. H.Məmmədova ona 170 manat sosial yardım təyin edilməsi üçün 6 ayın pulunu istəyib, razı olmadığı üçün ona belə bir məbləğ yazıb. Ancaq Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin işçisi Gülxarə xanımın bacısı oğlu İbrahimov Əfqan Xudayar oğluna 299 manat yardım təyin edilib. Hansı ki, Əfqan İbrahimovun 18 yaşdan yuxarı iki övladı və böyük bir torpaq sahəsi var ki, onu  qeydə aldırmayıblar. Ucar rayonu Rəstəcə kənd sakini Həsənova Əfsanə Füzuli qızının sənədləri 1 ildir Ucar rayon Sosial Müdafiə Mərkəzində olsa da, hələ də gözləyir. Sadəcə olaraq Oruc-Hicran cütlüyünə istədikləri rüşvəti verməyə imkanı yoxdur. Hüseynov Teymur Qnyaz oğlunun da 8 aydır sənədləri orada yatır. O, maddi imkansızlığa görə xəstə uşağını müalicə etdirə bilmədiyi üçün azyaşlı dünyasını dəyişdi. Yenə də rüşvət verə bilmədiyi üçün Qazyan kənd sakini Sadıqova Gözəl Tərlan qızı 1 ildir sənədlərini versə də, hələ gözləyir". 
Müraciətdə daha sonra qeyd olunur ki, yoxsul Ucar sakinlərinə qənim kəsilmiş Oruc Piriyev və Hicran Hüseynova sosial yardım təyin edilməsi üçün çəkinmədən rüşvət istəyirlər və bu qanunsuzluqlarına belə don geyindirirlər ki, "qoyulan haqqı  nazirliyə verməsək yardım təyin edilmir". "Bu vəzifəli şəxslərin fəaliyyəti yoxlanılıb məsuliyyətə cəlb edilməlidirlər"-deyə şikayətçilər bildirirlər. 
Onlar əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yolunu gözlədiklərini vurğulayıblar.
Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan sorğumuza cavab verilib: "Müraciətin araşdırılması zamanı müəyyən edilib ki, həmin şəxslər ünvanlı dövlət sosial yardımının alınması üçün Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tətbiq olunduqdan sonrakı dövrdə kağız üzərində olmaqla müraciət ediblər.  
Müraciəti imzalamış şəxslərdən Həsənov Elşən Əli oğlu, Məmmədov Xanlar Akif oğlu, İbrahimxəlilov İntiqam Oruc oğlu və Abdullayev Zaur Vaqif oğlu ünvanlı dövlət sosial yardımının alınması üçün jurnalist olduğunu iddia edən şəxsin vasitəsilə  sənədlərini 2016-cı il fevralın ortalarında mərkəzə təqdim edib. Siyahıdakı digər şəxs- Cəbrayılov Tural Malik oğlu da yardım almaq üçün mərkəzə cari il fevralın 15-dən sonra müraciət edib. Mərkəzin əməkdaşları tərəfindən həmin şəxslərə artıq ölkəmizdə ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sisteminin tətbiq edildiyi, bununla əlaqədar sosial yardımların alınması üçün elektron qaydada müraciət sisteminin həyata keçirildiyi bildirilib. Eyni zamanda, onların ailələrinə ünvanlı dövlət sosial yardımlarının alınması üçün elektron qaydada müraciət etmələri tövsiyə olunub və elektron müraciətin necə edilməsi ilə bağlı ətraflı izahatlar da verilib. 
Lakin həmin şəxslər bunu mərkəzin əməkdaşları tərəfindən guya onlara yardım təyin olunmasından imtina edilməsi kimi anlayaraq, mərkəzdən narazı halda geri dönüblər. Onlar bu narazılıqlarını Ucar rayon Əhalinin sosial müdafiəsi mərkəzinin əməkdaşları haqqında KİV-ə əsassız və böhtan xarakterli şikayət məktubu yazmaqla ifadə ediblər. 
Müraciətdə qeyd olunan şəxslərdən Ucar rayon Qarabörk kənd sakini Musayev Mirsafa Niyazi oğlunun ailəsinə ikinci dəfə olmaqla 01 sentyabr 2014-cü il tarixdən 31 avqust 2015-ci il tarixədək aylıq 79,89 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunaraq ödənilib. M.Musayevin 2016-cı ilin yanvar ayında ailəsinə ünvanlı dövlət sosial yardımın alınması üçün üçüncü dəfə müraciəti zamanı isə ailəsinin tərkibində olan dəyişiklik, yəni qayınatasının vəfat etməsi ilə əlaqədar ailə üzvlərinin sayının bir nəfər azaldığı və müraciətdən 1 ay əvvəl vətəndaşın aldığı pensiya ailənin gəlirlərində nəzərə alındığı üçün həmin ailəyə məhz 10,89 manat yardım təyin edilib. 
Məktubu imzalamış şəxslər sırasında olan və müraciətdə də adları keçən Həsənova Əfsanə Füzuli qızı və Hüseynov Teymur Qnyaz oğlu tərəfindən isə mərkəzə heç bir sənəd təqdim edilməyib və müraciət olunmayıb. Ucar rayon Qarabörk kənd sakini İbrahimov Əfqan Xudayar oğluna guya qanunsuz olaraq ünvanlı sosial yardım təyin edildiyi barədə qeyd olunanlar da əsassızdır. Belə ki, 2015-ci ilin sentyabr ayında Ə.İbrahimovun ailəsinin maddi-məişət şəraitinin müayinəsi aparılarkən həmin ailənin həqiqətən aztəminatlı olduğu müəyyən edilib"-deyə nazirliyin sorğuya cavabında qeyd olunur.
  (Böyütmək üçün tıklayın)
Ucarda sosial yardım davası - FOTOLAR
Ucarda sosial yardım davası - FOTOLAR
Ucarda sosial yardım davası - FOTOLAR
Ucarda sosial yardım davası - FOTOLAR
Ucarda sosial yardım davası - FOTOLAR
Ucarda sosial yardım davası - FOTOLAR
Ucarda sosial yardım davası - FOTOLAR
Ucarda sosial yardım davası - FOTOLAR

   






Fikirlər