Bakıda kirayəsi 21000 manat olan avtomobilləri kimlər sürür? - REPORTAJ (FOTOLAR)

Avtomobil satışı bumunun bitdiyi dövrdə ən çox gündəmə gələn avtomobil kirayəsidir. Xüsusilə yay aylarında istirahətə getmək üçün nəqliyyat problemini həll etmək baxımından bu, ən əlverişli çözümdür. Sadəcə əliniz cibinizdə olsun vəssalam. Dünyanın ən varlı şəxsi Karlos Slimin mindiyi avtomobildən belə kirayələyə bilərsiniz. Necə? Oxuyun bilin...

 Publika.az yerli avtomobil kirayəsi bazarından reportajı təqdim edir:

 Ehtiyac, yoxsa bahalı avtomobil sevdası?

 Əvvəla qeyd edək ki, avtomobil kirayəsi sırf turistlərə hesablanmış bazardır. İllərlə bu sektorun inkişafı Azərbaycanda axsadığı üçün kirayə avtomobil bazarı da dar çərçivədə qalmışdı. Lakin Avropa Oyunlarının ölkədə keçirilməsi, eləcə də turizm sektoruna yatırılan sərmayələr kirayə bazarı da canlandırıb. Başqa tərəfdən yerli əhali də kirayə avtomobilə maraq göstərməyə başlayıb. Bəziləri lüks həyatı – bahalı avtomobilləri sevdiyindən, bəziləri isə ehtiyacdan.  

 Biz də salonları dolaşıb avtomobil kirayəsi ilə maraqlandıq. “Avis”   şirkətindən əvvəlcə bizi şərtlərlə tanış etdilər. Bildirdilər ki, avtomobilin kirayəsi üçün sürücülük, şəxsiyyət vəsiqəsi tələb edilir. Bununla yanaşı kredit kartı girov qoyulur. Kredit kartının məqsədini soruşduqda şirkətdən dedilər ki, bu, avtomobilin sığortası məqsədi daşıyır. Kartda 350 manat pul olmalıdır. Avtomobil “sağ-salamat” qaytarılanda kart pulla birgə müştəriyə verilir. O ki qaldı qiymətlərə, şirkət əsasən “Hundai”, “Mazda2”, “Kia”, “Honda” markalı avtomobilləri icarəyə verir. Belə avtomobillərin bir sutkalıq icarə haqqı 60-250 manat arasında dəyişir. Maşınların “klass”ından asılı olaraq aylıq icarə qiymətləri 70-3000 manat civarındadır.

 Bu arada, avtomobilin icarəsi zamanı müştəriyə vəkalətnamə, ya da yol vərəqəsi verilir. Hər iki sənəd avtonəqliyyat vasitəsinin başqa bir şəxsə etibar edildiyini təsdiqləyir. Qanunla icarəyə verilən avtomobillər saxlanıldıqda və sözügedən sənədlər olmadıqda cərimə meydançasına aparılır. Avtomobil qısa müddət üçün məsələn, bir neçə saatlıq və bir-iki günlük icarəyə veriləndə yol vərəqəsi ilə təmin edilir. Digər hallarda əsasən vəkalətnamədən istifadə olunur.

 “Mercedes”in uçurdan qiyməti

 Məşhur “rent a car” şirkətlərindən sayılan “Azrent”in də qapısını döydük. Öyrəndik ki, 2008-ci ilin modeli olan “Mercedes “Gelendevagen”nin gündəlik icarəsi 300 manat, həftəlik icarəsi gündəlik 250 manat təşkil edir. Avtomobilin aylıq icarəsi isə 4000 manatdır. Yəni gündəlik 133 manat. Sedan avtomobillərdə isə qiymətlər bir qədər ucuzdur. 2012-ci ilin istehsalı olan “Toyota Camry” nin gündəlik icarəsi 80 manat, həftəlik icarəsi günə 70 manatdır. Maşını aylıq kirayələmək istəyəndə 1300 manat ödənilir. Bu da günə 43,3 manat deməkdir. Maraqlıdır ki, şirkətin şərtləri daha ağırdır. Məsələn, “Gelendevagen”nin  kirayəsi zamanı 1000 manat depozit tələb edilir.

 “Ferrari”, “Buggati”, “Rolls-Royce Phantom”...

 Daha bahalı avtomobillərin kirayəsi ilə məşğul olan “Kral Rent a Car”ın qiymətlərini də sorğu-sual etdik. Müştəri xidmətlərindən bildirdilər ki, 2012-ci il modeli 4800 mühərrik “Porsche Cayenne HAMANN”ın kirayəsi gündəlik 300 manatdır. 2011-ci il istehsalı “Porsche Panamera”nı isə gündəlik 250 manata sürmək olar.

Onu da nəzərə çatdıraq ki, yuxarıda adı çəkilən salonların heç birində lüksün göstəricisi sayılan “Ferrari”, “Buggati” kimi milyonluq avtomobillərin kirayəsi aparılmır. Əvəzində “Rolls-Royce Phantom” avtomobilini 7 gün sürmək olar. Bu da nə az, nə çox “cəmi” 21 000 manata başa gəlir. “Bentley Continental”ın (mühərrik 6,0 kub. Sm) günlük sifarişi isə 700 manatdır.

 Şirkətdən aldığımız məlumatda qiyməti dodaq uçurdan avtomobillərin, xüsusilə “arendası” 21 000 manata olan maşının da icarəyə götürüldüyü qeyd edilsə də, israrımıza baxmayaraq müştərilərin kimliyi haqqında informasiya əldə edə bilmədik.

 Sorğularımız əsasında bəlli oldu ki, kirayə maşın üçün əvvəllər ölkəyə neft çıxarmağa gələn əcnəbilər müraciət edirdisə, artıq bu mədəniyyət yerli əhali arasında da formalaşıb. Bununla belə, biz hələ də bu sahədə  qonşu ölkələrdən Türkiyədən, Gürcüstandan geridəyik.

 Avropanı üstələyən Azərbaycandakı qiymətlər

 Təhlillər göstərir ki, Azərbaycanla müqayisədə Türkiyədə mühərrikinin həcmi böyük olan avtomobillərin kirayəsi daha bahadır. Türkiyədə “Bentley Continental” icarəyə götürmək istəsəniz ən azı 1200 avro ödəməlisiniz. Mühərrikinin gücündən asılı olaraq eyni modelin icarə haqqı 2000 avroya qədər gedib çıxır. “BMW” markalı avtomobillərin də günlük kirayəsi ucuz deyil. Məşhur alman markasının icarə qiyməti 250 avrodan başlayır. “Renault”, “Hundai”, “Ford”, “Fiat” avtomobillərinin kirayəsi isə nisbətən ucuzdur. Qiymətlər 15-40 avro arasında dəyişir.

 Qeyd edək ki, qiymətlərin bahalığı Türkiyədə vergilərin, eləcə də yanacağın tariflərinin yüksək olması ilə izah olunur. Lakin nəzərə alsaq ki, Azərbaycanda vergi dərəcələri yüksək, eləcə də yanacaq qonşu ölkəyə nisbətən ucuzdur, o zaman avtomobillərin icarə haqlarının yuxarı olması başa düşülən deyil. Gürcüstanla müqayisələr də eyni nəticələrə gətirib çıxarır. Düzdür, Gürcüstanın kirayə avtomobil bazarında əsasən kiçik ölçülü, nisbətən ucuz maşınlar üstünlük təşkil edir. Amma ölkədə yanacaq, vergi dərəcələri yüksək olsa da maşın kirayəsi cibə uyğundur. Gürcüstanda  BMW-nin günlük kirayəsi 48 avro, “Mercedes” 33 avro, “Chevrolet Spark” 16 avro, “Honda Accord” 50 avro, “Peugeot 107” 14 avrodur.

 Ümumiyyətlə praktik əhəmiyyət daşıyan avtomobil icarəsi xidməti dünyanın əksər ölkələrində son dərəcə əlverişlidir. Qərbi Avropada (Böyük Britaniya, Belçika, İtaliya, İspaniya) “ekonom-klass” səviyyəli avtomobilin 5-6 günlük icarəsi ən azı 400 avroya başa gəlir. Bu qiymətə, avtomobilin qaçırılması və ya ciddi zədələnməsi hallarında ödənişlərin həyata keçirilməsini nəzərdə tutmayan ilkin sığorta (üçüncü şəxslər qarşısında avtomobil mülkiyyəti məsuliyyətinin məcburi sığortası – OSAQO – 1 500-2 000 avroyadək) daxildir. Digər ölkələrə gəlincə, Xorvatiyada avtomobil kirayəsi 46.63 avroya, ABŞ-da 45.26 avroya, Yunanıstanda 45.20 avroya, Fransada 42.90 avroya, Portuqaliya 33.40 avroya başa gəlir...

 Ağırlaşan şərtlər

 Avtomobil kirayəsinin şərtləri sürücülük vəsiqəsi, depozit qoyuluşu ilə bitmir. Məsələn, salonlar yolda maşının xarab olmayacağına dair təminat vermirlər. Belə hal baş verdiyində isə hətta müştəri borclu çıxarılır. Depozit-franşiza qismində alınan məbləğ geri qaytarılmır. Bundan əlavə icarə müddətində maşının yük yerinin qapağı, yaxud bamperi əzildikdə  icarədar şirkət pulu geri qaytarmır. Bu da onunla əlaqələndirilir ki, həmin avtomobilə xidmət göstərən sığorta şirkətinin özü də sığorta hadisəsi zamanı avtomobilin təmirinə çəkilən xərclərin geri qaytarılması üzrə franşiza təyin edir. Beləliklə, əgər müştəri kiçik yol-nəqliyyat hadisəsinə məruz qalırsa və avtomobilin təmirinin ümumi dəyəri franşizanın həcmindən artıq deyilsə, o halda sığorta şirkəti avtomobil emalatxanasının xidmət haqqını ödəmir. Həmin xidmət haqqı  müştərinin yatırdığı depozit hesabına ödənilir. 

 Niyə mühərrikinin həcmi böyük olan maşınlar?

 “Rent a car”ları gəzərkən diqqətimizi çəkən məsələlərdən biri də əsasən mühərrikinin həcmi böyük olan maşınların icarəsinin təklif edilməsi oldu. Belə ki, Avropada “rent a car” şirkətlərinin verdiyi maşınların çoxu 0,8-1,2 motora malikdir. Bizdə isə kiçik ölçülü nəqliyyat vasitələrinin icarəsi bu bazarın cəmi 1 faizinə bərabərdir.

 

* Fotoları təqdim edirik

 






Fikirlər