DYP sürücülərə müraciət ETDİ
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtın mərkəzi hissələrində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərinə, habelə bu ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə müraciət edib. "AzerTaym.az"-ın xəbərinə görə, müraciətdə deyilir: "Paytaxtda keçiriləcək Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib. Həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.Bunula əlaqədar, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi paytaxtın mərkəzi hissəsində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərindən, habelə həmin ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən xahiş edir ki, tədbirin keçiriləcəyi ərəfədə özlərinə və işçilərinə məxsus nəqliyyat vasitələrinin yalnız yolların hərəkət hissələrindən kənarında yerləşən duracaqlarda saxlanılmasını təmin etsinlər. İş yerlərinin yaxınlığında belə duracaqları olmayan şəxslərə isə bu günlərdə ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük vermələri tövsiyə olunur.Sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durmanın qadağan edildiyi, eləcə də yol kənarlarında parklanmaqla digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə maneə yaradan avtomobillər evakuatorlar vasitəsilə təxliyyə olunacaq, sürücüləri isə inzibati məsuliyyətə cəlb ediləcəklər. Baş DYP İdarəsi paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı bütün hərəkət iştirakçılarını yol qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edir” - idarədən əlavə olunub.