Azərbaycan ötən il avtomobil İDXALINI 2 dəfədən çox artırıb

2017-ci ildə Azərbaycana avtomobil idxalı 2016-cı illə müqayisədə 7 352 ədəd və yaxud 127,95% (2,3) dəfə artıb.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, ötən il ərzində xaricdən Azərbaycana 5 746 ədəd avtomobil gətirildiyi halda, 2017-ci ildə 13 098 ədəd avtomobil idxal olunub.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 187 ədədi, yaxud 1,43%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 11 610 ədədi, yaxud 88,64%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 227 ədədi və ya 9,37%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 74 ədədi, yaxud 0,57%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Əvvəlki ilə nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 91 ədəd, yaxud 94,79% artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,3 dəfə, yaxud 6 619 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 656 ədəd, yaxud 2,15 dəfə artıb. Lakin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 14 ədəd, yaxud 15,91% azalıb.






Fikirlər