Şaxta baba olmaq istəyənlərin sayı kəskin azalıb - “Heç kim qışın soyuğunda…”

 Картинки по запросу şaxta baba və qar qız

Yeni il bayramı ilə əlaqədar olaraq 10 nəfər Şaxta baba və Qar qız kimi işləmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, 10 nəfərə fəaliyyət göstərmələri üçün bu gündən icazə veriləcək: "Biz icazə verməsək, onlar işləyə bilməzlər. Yəqin ki bu gündən onlara icazə verəcəyik. Dekabrın 25-dən isə rəsmi şəkildə fəaliyyətlərinə başlayacaqlar. Onların sayının artacağını istisna etmirəm. Amma nə qədər artacağını deyə bilmərəm”.

 Əlabbas Bağırov qeyd edib ki, bu il keçən illərlə müqayisədə Şaxta baba və Qar qız kimi işləmək üçün müraciət edənlərin sayı azalıb: "2015-ci ildə 17 nəfər, 2014-cü ildə 30 nəfər, 2013-də isə 50 nəfər müraciət etmişdi. İl keçdikcə onların sayı azalır. Səbəbini isə biz də bilmirik.

 Əvvəllər bu işin təşkilatçısı fotoqraf olurdu. Hazırda isə hər kəsin öz mobil telefonu var. Fotoqrafa ehtiyac yoxdur. Ona görə də Şaxta baba və Qar qızların sayı azalıb.

Ümumiyyətlə, bu iş ticarət fəaliyyətidir. Onlar qazanc götürmək üçün bu işi görürlər. Heç kim bu qışın soyuğunda səhərdən axşam kimi gedib özünü xəstə etməz. Bütün günü orda ayaq üstə dayanmaq asan iş deyil. Həmçinin bu il insanların əhvalında da müəyyən dəyişikliklər var”.

AzerTaym.az






Fikirlər