Qənddən DƏMİR çıxdı – “Sevdiyim Dad” FAKTı etiraf ETDİ

İstehlakçı "Sevdiyim Dad” adı ilə "Yeni” qablaşdırmada və "Xəyal” Keyfiyyətə Zəmanət ştampı ilə satışda olan qəndin içində yad cisim – dəmirlə qarşılaşıb.

Bu barədə daxil olan şikayətdə bildirilir ki, əgər vətəndaş qəndi diqqətdən keçirmədən yesəydi ağır nəticələri ola bilərdi. 

"Sevdiyim Dad” firmasının nümayəndəsi Əlövsət Babayev isə Azadinform-a bildirib ki, bu barədə məsuliyyəti firma daşıyır: "Buna baxmayaraq, biz də firmanın nümayəndəsi kimi məsuliyyəti öz üzərimizə götürürük. Hər halda belə bir hal yaşanmamalıdır. Mən də orda işləyirəm, yəqin ki, firma işçiləri səhlənkarlıq ediblər”. 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikrini öyrənməyə çalışdıq. Birlik sədri qeyd etdi ki, əgər həmin müəssisəyə müraciət eləsək görəcəyik ki, gigiyenik sertifikatı var: "Guya burada hər şey əladır. Lakin malın içərisindən kənar cisim çıxırsa, orda heç bir gigiyenik tərəflərdən danışmaq olmaz. Deməli, orada heç bir gigiyenik qaydalara əməl olunmur. Bu yaxınlarda bir Çörək İstehsalı Zavodunda oldum. Gördüm ki, qadınlar qulaqlarında sırğa, boyunlarında muncuq, barmaqlarında üzük orada işləyirlər. Müəssisə rəhbərinə dedim ki, belə olmaz. Zinət əşyalarının qırılıb məhsulun işinə düşmə ehtimalı var. Yəni müəssisədə gərək steril təmizlik olsun ki, kənar cisim malların içərisinə düşməsin. Çox təəssüflər olsun ki, hər bir şeyə Səhiyyə Nazirliyi gigiyenik sertifikatlar verir. Əslində normal yoxlamalar getmir. Bu arzuolunmaz haldır. İstehlakçı hüquqlarının pozulmasıdır və təəssüflər olsun ki, sahibkarlar  biznes üçün yaradılmış toxunulmaz hallarından sui-istifadə edirlər”.//azadinform  






Fikirlər