Novxanı qəsəbəsində yerləşən bu məscid XIV əsrin tarixi abidəsidir. İnşasına Şah Soltan Hüseyn tərəfindən göstəriş verildiyi deyilir. Bu səbəbdən də “Şah Soltan” məscidi adlandırılıb. Baxımsız durumda olduğundan məscidin yarısı demək olar ki, uçub. Birmərtəbəli, kürsülü inşa edilən məscid 4 otaqdan və geniş həyətdən ibarət olub. Əvvəllər bura Novxanı camaatının yeganə məscidi olub.
Sakinlərin sözlərinə görə, müğənni Eyyub Yaqubov Novxanı ilə bağlı olan mahnısına burada klip çəkdirdikdən sonra məscid, daha da qəzalı duruma düşüb. Belə ki, çəkiliş zamanı klipin arxa fonunda məscidin daha yaxşı görünməsi üçün divarları su maşınları ilə yuyublar. Bundan sonra sementsiz tikilən məscid zaman-zaman aşınmaya məruz qalıb.
Musavat.com-un müxbiri Novxanı qəsəbəsində olub, “Şah Soltan”məscidi haqqında ətraflı məlumat almağa çalışıb. Məscid haqqında bilgisi olan, o zamankı halını görən kənd ağsaqqalları il görüşüb. 1944-cü il təvəllüdlü, Novxanı kəndindən xəbərdar olan, pinəçi Yusif Şükürovun dediyinə görə, Xalq Cümhuriyyətinin banisi Məhəmmd Əmin Rəsulzadənin atası Molla Ələkbər bu məscidin axundu olub. O zaman çar çinovniklərindən qaçan Stalini Rəsulzadə bu məsciddə, moizə oxunan minbərin altında gizlədib.
Tarixi faktlara görə, Rəsulzadə Stalini iki dəfə ölümdən qurtarmışdı. О vaxtlar, yəni 1907-ci ildə Stalin Balaxanı neft mədənlərində çalışan fəhlələr arasında milyonçuların əleyhinə təbliğat aparırdı. Milyonçuların yan-yörəsində gəzən qoçular bundan xəbər tutub Stalini yaxalayır və quyuya salmaq istəyirlər. Bunu eşidən adamlar əhvalatı Мәһәmməd Əmin Rəsulzadəyə xəbər verirlər. Rəsulzadə vaxtında yetişib Stalini quyuya atmaq istəyən qoçuların əlindən alıb. Gələcək diktatoru ölümün əlindən qurtaran Rəsulzadə onu gizlətmək üçün Novxanıdakı bağ evinə gətirib. Burada qonağı Məhəmməd Əminin atası — məşhur din xadimi Axund Molla Ələkbər layiqincə qarşılayıb. Evdə qadınlar olduğuna görə o, Stalini çox saxlaya bilmir, onu nесә xilas edəcəyi barədə düşünür. Nəhayət, “Məscid Allahın evidir, yəqin, qonağı orada gizlətsək, bu, çar çinovniklərinin ağlına gəlməz”, — deyə Stalini məscidə aparır, onu moizə oxuduğu minbərin altında gizlədir. “Qonaq” minbərin altında olduğu vaxt ona xətər dəyməsin deyə məscidə axtarışa gələn şəxsləri saxlamaq üçün oradan moizə oxumağa da başlayır. Axund çox böyük nüfuz sahibi olduğundan və moizə oxunan vaxt minbərə yaxınlaşmaq ümumiyyətlə gunah sayıldığından xəfiyyələr məscidin içinə girməyə cürət etmirlər. Kənd саmааtı işdən xəbərdar olduğundan sakitcə moizəyə qulaq asır, amma hər ehtimala qarşı əllərini xəncərdən də çəkmirlər. Evləri alt-üst edən xəfiyyə və polislər isə axtardıqlarını tapmayıb kor-peşman geri qayıtmalı olurlar. Beləliklə, axund Molla Ələkbərin “qonağı” ara sakitləşdikdən bir müddət sonra kəndi rahatca tərk edir.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.
Fikirlər