17.09.2014- Hotel kameraları turizmi çökdürə bilərmi?

17.09.2014- Hotel kameraları turizmi çökdürə bilərmi?İlham İsmayıl: “Bu cür videoçəkilişlərin təşkil olunması, yayılması insanların şəxsi həyatına birbaşa müdaxilədir”

Son günlər müzakirə olunan mövzulardan biri də ABŞ-da yaşayan azərbaycanlı fəal Səid Nurinin Bakıda başına gələnlərdir. Belə ki, ABŞ-dan ailəsinə baş çəkmək üçün Bakıya gələn S.Nurinin istintaqda dindirilməsi, ardınca intim videosunun yayılması və son olaraq, ölkədən çıxarılması ilə bağlı söz-söhbətlər səngimək bilmir.

Burada əsas diqqət çəkən məqam Səid Nurinin haqqında yayılan videodur. İçərişəhərdə yerləşən “King Palace” hotelində çəkilən videonun S.Nuri ona məxsus olmasını təsdiqləyib. Əvvəlcə “Meridian” hotelin adı mətbuatda hallansa da, gənc fəal bunun doğru olmadığını, videonun keçən ilin may ayında Bakıda olarkən İçərişəhərdə yerləşən “King Palace” hotelində çəkildiyini bildirmişdi.

O, gənc olduğunu nəzərə alaraq, yaşadığı qızla intim əlaqələrinin olmasında qəbahət bir şey görmədiyini də qeyd etmişdi.

Xatırladaq ki, indiyə qədər Azərbaycanda bu cür videolar dəfələrlə yayılıb. AXCP üzvü Natiq Əbilov, yazar Qan Turalı, AXCP üzvü Azər Əhmədov, araşdırmaçı jurnalist Xədicə İsmayıl və başqaları şantaja məruz qalıblar.

Belə hadisələrin yaşanması ilə insanların şəxsi həyatlarına birbaşa müdaxilə olunduğu danılmaz bir faktdır. Bu cür hallar artmağa başlayıb.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl sovet dövründən bu sistemin mövcud olduğunu söylədi: “Bu texnologiya yeni deyil. Sovet dövründən bu sistem mövcuddur. Kiminsə çəkilməsi intim əlaqələrinə görə yox, başqa səbəblərlə bağlı icazə əsasında ola bilər. Amma heç kəs deyə bilməz ki, bunu MTN həyata keçirir. İndi texnoloji proseslər elə inkişaf edib ki, hər şeyi aydın çəkmək üçün gözəgörünməz kameralar var. Biz bunu Elşad Abdullayevlə bağlı yayılan videolarda gördük. O baxımdan demək olmaz ki, belə izləmələr MTN tərəfindən edilir. Texnologiya elə inkişaf edib ki, gözə görünməsi mümkün olmayan kiçik bir mikrosxemlə bütün otaq aydın şəkildə görsənir. Bütün bunlar hələ köhnə texnologiyadır. Təzəsi daha yüksəkdir. Bu heç vaxt görsənmir. Adi adam onu gözlə görə bilmir”.
İlham İsmayıl videokameraların bütün otaqlarda yerləşdirilmədiyini də qeyd etdi: “Belə kameralar bütün otaqlarda quraşdırılmır. Ancaq əməliyyat məqsədilə yerləşdirilir. Hər hansı bir şəxs cinayətdə şübhəli bilinirsə, əvvəlcədən həmin şəxsin hoteldə qalacağı otaq bəlli olursa, belə tədbirlərdən istifadə olunur. Lap sonradan belə şübhəli şəxslərin qalacağı yer məlum olarsa, yenə belə proseslər həyata keçirmək mümkündür”.

Sabiq polkovnik bu cür videokameraların hotellərdə quraşdırılmasının xaricdən gələn turistlərin səfərlərinə mane olmayacağını düşünür: “Belə videoların turistlərə aidiyyəti yoxdur. Çünki casusluqda, cinayətdə adı hallanan şəxslərə aid edilir. Turistlər də yaxşı bilirlər ki, belə hadisələr onların başına gələ bilməz. Hansı istiqamətdən baxsaq, bütün bunlar xoşagələn hadisələr deyil”.

Ekspert hesab edir ki, yayılan videolar insanların şəxsi həyatına müdaxilədir: “Bunlar yaxşı hal deyil. Heç kim deyə bilməz ki, bu, məhz dövlət tərəfindən həyata keçirilir. Hansısa maraqlı qüvvələr tərəfindən də təşkil oluna bilər. Texnika imkan verir ki, adi bir məsələni bu yolla həll edəsən. İstənilən halda bu cür videoların təşkil olunması, yayılması insanların şəxsi həyatına birbaşa müdaxilədir”.






Fikirlər