“GƏMİQAYIRMA”, “MAŞINQAYIRMA” sözlərini niyə biədəb YÖNDƏ YOZURLAR?
Müasir Azərbaycan dilində işlədilən bəzi sözlər çox zaman xoşagəlməs mənada yozulur. Məsələn, “basmaq”, “qayırmaq”, “salmaq”, “taxmaq” və s. Təbii, bu cür hallar insanlar tərəfindən birmənalı qarşılanmır. Hətta bu sözlərdən istifadə edərkən utananlar da kifayət qədərdir. Bu baxımdan bəzi söz birləşmələrinin yanlış olduğunu düşünənlər də var. Tutaq ki, “Gəmiqayırma”, “maşınqayırma” söz birləşmələri... Bu kimi söz birləşmələrini dəyişmək mümkündürmü? Dilçi-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin rəhbəri İsmayıl Kazımov Modern.az saytına açıqlamasında deyib ki, belə hallar mütəmadi olaraq müşahidə edilir: “Məsələn, “maşınqayırma” sözü işlənsə də, insanlar bu “qayırmaq” felini biədəb, başqa mənfi mənada da istifadə edirlər. Bu səbəbdən belə sözlərin dəyişilməsini tələb edənlər var. Halbuki, heç bir dəyişikliyə ehtiyac yoxdur. Çünki sözün məna çalarları çoxdur. Bu səbəbdən proseslərin qarşısını almaq olmaz. Ya da “gəmiqayırma” sözünü dəyişmək lazım deyil. Onsuz da xalq arasında bu tipli sözlər daim işlənir. Həm də söz birləşməsi artıq oturuşub. Adətən belə sözləri işlətməzdən qabaq “türkün məsəli” ifadəsini səsləndirənlər də var. Bu, mənfi anlamın qarşısını almaq üçün istifadə edilir. Yəni millət özü nəyin nə olduğunu başa düşür”. İ.Kazımov deyir ki, əslində “Gəmiqayırma zavodu”nun adını dəyişmək mümkündür: “Həmçinin sözü sinonimlə əvəzləmək olar. Tutaq ki, “Gəmidüzəltmə zavodu”. Ümumiyyətlə sözlərə mənfi çalarların yüklənməsi düzgün deyil. Amma fakt odur ki, bunlar işlənir. Elə sözlər var ki, onlara bir o qədər də əhəmiyyət vermirlər. Xalq arasında hər cür söz işlənməlidir. O cümlədən də mənfi anlamı olan sözlər. Məsələn, tabular var - qadağan olunmuş sözlər. Söyüş, təhqir mənasında işlənən sözlər əvəzinə yumuşalmış sözlər istifadə etmək lazımdır. Qeyd etmək lazımdır ki, sözün bir mənası yoxdur. Azərbaycan dilində sözlərin bir neçə mənaları ola bilər. Onların içində biri camaata qəribə görünür ya da söyüş xarakterli dil vahidinə çevrilir. Xalq olaraq bu cür şeylərə alışmalıyıq, qaçmalı deyilik. Düzdür, bizdə belə sözlər işlədiləndə bir az utancaqlıq olur. Amma belə şeylərə ehtiyac yoxdur. Təbii ki, hər bir sözün işlənmə yeri var”.