Baş redaktorlar Dilçilik İnstitutuna ETİRAZ etdilər

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb.  “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Bəs media nümayəndələrinin bu dəyişikliyə münasibəti necədir?

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a açıqlamasında  qeyd edib ki, bəzi sözlərin yazılışı ilə bağlı verilən qərarlar doğru deyil:

 “Dilçilərimiz də bu sahədə peşəkarlığı olan insanlar da buna iradlarını bildirirlər. Akademik Nizami Cəfərov haqlı olaraq deyir ki,  mümkün qədər oturuşmuş sözlərə dəyişiklik edilməməlidir. Sözün yazılış qaydarı ilə bağlı dəyişikliklərə ehtiyac yoxdur. Əgər dilçilərimiz uzun illər boyu formalaşmış yazı qaydalarına tətbiq olunan formaları saxlasalar daha yaxşı olar. 2 eyni hərfdən birinin ixtisarı ilə heç nəyə nail ola bilmərik. Dildə problemlər onla bağlıdır ki, xaricdən bizə kifayət qədər sözlər daxil olur. Bunlar elmi-texniki, informasiya texnologiyaları, beynalxalq münasibətlərlə bağlı sözlərdir. Bunlara ciddi fikir vermək lazımdır. Müasir iformasiya texnologiyaları sürətlə inkişaf edir. Azərbaycanla bağlı həm elmi,həm siyasi, həm mədəni  baxımdan olan informasiyalar axtarış sistemlərində olduğu kimi yerləşdirilməlidir. Bunlara ciddi fikir vermək lazım idi. Yoxsa “eşşək” sözündə “ş” hərfinin birini atmaqla, “əsgər” sözünü “əskər” yazmaqla heç nə dəyişmir. Çox təəssüf ki, dilimizin qoruyucuları bu barədə ciddi fikirləşmirlər.

 Akif Aşırlı deyib ki, media dili araşdırılmalıdır:

 “Alınma sözlərin ümumişlək sözlərə çevrilməsi yalnız media vasitəsilə olur. Bu baxımdan diqqəti media müstəvisinə yönəltməli idilər. Bir sözlə bu dəyişiklikləri təqdir etmirəm”. 

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı oturuşmuş sözlərdə edilən dəyişikliklərin narahatlıq doğurduğunu bildirib:

 “Təbii ki, vaxtaşırı olaraq dil lüğətimizə baxmalıyıq. Dilimizə yeni sözlər daxil olur, eyni zamanda köhnəlmiş sözlərimiz var. Vaxtaşırı bunlar tənzimlənməlidir.

 “Əsgər” sözünün “əskər” kimi, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması zaman-zaman ciddi problemlər yaradacaq. Bu cür dəyişikliklərin olmağındansa olmamağı daha yaxşı olardı. Biz həmişə Dilçilik İnistutunun fəaliyyətsizliyindən ciddi şəkildə şikayətçi olmuşuq ki, onlar dilimizlə bağlı ciddi işlər görmürlər. Amma gördükləri iş  budursa, yaxşı olar dilimizə əl vurmasınlar, necə alışmışıqsa elə də qalsın”.

 






Fikirlər