Ekspertdən İNSTİTUTUN qərarına reaksiya: AYIBDIR!

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu orfoqrafiya lüğətində dəyişiklik etmək istəyir.

Bununla bağlı 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Ancaq edilən bu dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a danışan media eksperti Qulu Məhərrəmli bu cür orfoqrafiya dəyişikliyinin qəbuledilməz olduğunu vurğulayıb:

“Bu elmi məsələ deyil. Mütəxəssislərin əksəriyyəti bu dəyişmələrin əleyhinədir. Digər tərəfdən, dil ümumilli sərvətdir və biz onun istifadəçiləriyik. Bu cür ciddi məsələləri təkcə Dilçilik İnstitutunun öhdəsinə qoymaq olmaz. Doğrudur, bu qurumda bəzi yaxşı mütəxəssislər var. Amma bu prosesdə ictimaiyyət, dil daşıyıcıları, ziyalılar aktiv iştirak etməlidir. Çünki lüğətin və təklif olunan dəyişikliklərin bir çoxunun heç bir elmi əsası yoxdur. Komissiyanın təklif etdiyi bu qərarların ümumi qanunauyğunluqlardan daha çox, kimlərinsə şəxsi yanaşması olduğu görünür. Bu cür ciddi məsələ ilə bağlı başdansovdu, bir ay müddətində qərar qəbul etmək düzgün deyil”.

Ekspertin sözlərinə görə, dilçilik qaydaları mühafizəkarlığı sevir, burada eksperimentlərə yer yoxdur:

“Əvvəl “metafora” yazasan, 5 ildən sonrakı orfoqrafiya lüğətində onu “metafor” kimi verəsən, indi də təklifdə bulunasan ki, gəlin yenə “metafora” yazaq, bu, sadəcə, ayıbdır! Deməli, yanaşmada heç bir elmi əsas yoxdur. AMEA və Dilçilik İnstitutu orfoqrafiya qaydalarını yavaş-yavaş aşsüzənə çevirir”.

Tanınmış jurnalist, dilçi Şəmşad Ağa isə bildirib ki, dilin lüğət fonduna daxil olan və artıq əksəriyyəti ümumişlək sayılan yeni sözlərin - neologizmlərin yazılışı ilə bağlı xaotik vəziyyət var:

“Xeyli söz var ki, lüğətə salınmayıb. Yaxşı olardı ki, dilçi alimlərimiz, Dilçilik İnstitutu həmin sözlərlə bağlı operativ qaydada reaksiya versin və və işləsinlər. Yoxsa 40 il dildə mövcud olan sözləri “çevir tatı, vur tatı” prinsipi ilə tez-tez dəyişib çaşqınlıq yaratmağın faydası yoxdur. Görünür, bu komissiya indiyə qədər süni fəaliyyətlə məşğul olub. İndi isə yadlarına düşüb ki, dildəki sözlər qrammatik qaydalara uyğun yazılmalıdır. Son qaydaya görə, indiyə qədər “əsgər” kimi yazılan sözün indi mənbə dildəki yazılışı əsas götürülüb və “əskər” yazılacaq. Bu isə ciddi yanlışdır. İltisaqi dilin öz, flektiv dilin öz qaydaları var. Azərbaycan dilinin fonetik prinsipinə görə, sözü necə tələffüz ediriksə, dilimizdə də o şəkildə işlətməli və yazmalıyıq. Bu sözlərə əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə kimi sözləri də daxil ediblər. İndi başa düşüblər ki, bəs bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək “g” hərfi ilə yazılıb. Yəni mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib”.

Şəmşad Ağa vurğulayıb ki, əslində, orfoqrafiya qaydalarının tez-tez dəyişməsi pis haldır:

”Alqı-satqı” sözü sovet dövründəki orfoqrafiya lüğətlərindən 2013-cü ilə qədər olan bütün nəşrlərdə “alğı-satqı” kimi yazılıb. Ancaq 2013-cü ildə bu söz “alqı-satqı” kimi yazıldı və mübahisəyə səbəb oldu. Düzdür, Azərbaycan dilinin qrammatikasının tələbinə görə bu söz “alğı-satqı” kimi yazılmalıdır. Deməli, nəzəriyyəyə əsaslansaq, sözün “alqı-satqı” kimi yazılması qrammatik normanın pozulmasıdır. Bu, həm də fonetik normanın pozulması hesab oluna bilər. Amma mən bu sözün “alqı-satqı” kimi yazılmasının tərəfdarıyam və 2013-cü ildə nəşr olunan lüğətdəki qaydanı doğru hesab edirəm. Çünki ilk növbədə bu söz “alqı-satqı” şəklində daha ümumişləkdir. Eyni zamanda “alğı” şəklində tələffüzü və yazılışı dildə ağırlıq yaradır. Nəzərə alsaq ki, fonetik norma həm də sözlərin asan tələffüzünə və yazılışına əsaslanır, onda bu versiya daha doğrudur. Yəni “çalğı” sözü “çalqı”, “yarğı” – “yarqı”, “pusqu” – “pusğu” kimi necə ağırlıq yaradırsa, “alqı” da “alğı” kimi eyni ağırlığı yaradır. İkincisi isə bu sözlərin heç biri mürəkkəb söz kimi işlədilmir. Ona görə də “alqı-satqı” sözündə ikinci tərəfin – “satqı” - tələbilə bu sözün “alqı” kimi yazılışı da normaldır. Üçüncüsü, dildəki istisnaları bu sözə də aid etməklə, sözün “alqı-satqı” kimi yazılışını doğru hesab etmək olar”.

Şəmşad Ağa vurğulayıb ki, komissiyanın qoşa “y” ilə yazılan sözlərin bir “y” ilə yazılması qərarının tərəfdarıdır:

“Amma bu sözlər bakalavr və magistr imtahanlarında tərkibinə görə təhlilə salınacaqsa, quruluşuna görə necə götürüləcək: sadə, yoxsa düzəltmə? Düzəltmə söz götürüləcəksə, axı şəkilçi ərəb dilindən daxil olan “iyyat”dır və cəmlik bildirir. Layihədə həmçinin səmavi kitabların adları - Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur, o cümlədən planet adları, mifonimlər - Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir. Guya Herakl nə vaxt kiçik yazılırdı ki? Və ya Ay və Günəş planet adı olaraq həmişə böyük yazılıb, axı! İndi “Rəb” və “Tanrı” sözlərini böyük yazırlarsa, problem yoxdur. Amma bu sözlərin hansı kontekstdə işlənmə məsələsi var: ad kimi, yəni Allah sözünə sinonim kimi, bir də ümumi mənada. Bunlar mütləq fərqləndirilməlidir”.

Məsələyə münasibət bildirən təhsil eksperti Şəmil Sadiq isə qeyd edib ki, Dilçilik İnstitutu dildə gedən proseslərdən geri qalır:

“Dilçilik İnstitutunun növbəti qərarı qəlizdir. Çünki 25 ildir dilimizdə yığılıb qalan yüzlərlə problem var. Bunların həlli üçün mütəmadi olaraq hər il təkliflər irəli sürülsə idi, indi bu problemlərin əziyyətini çəkməzdik. Problemlər o qədər böyükdür ki, son bir-iki ildə Dilçilik İnstitutunun dildə hansısa dəyişikliklər etməsi ilə bağlı çıxışları cəmiyyətdə birmənalı qarşılanmır.

Komissiyanın bu qərarlarının müsbət məqamları ondan ibarətdir ki, artıq müəllimlər, şagirdlər, eləcə də cəmiyyətin digər üzvləri tərəddüddə qaldıqları sözlərin düzgün yazılış qaydasının necə olması ilə bağlı rəsmi qurumun qərarına istinad edə biləcək. Çünki bayaqdan müəyyən sözlərin yazılışında dilçi alimlərin demək olar ki, subyektiv fikirləri əsas götürülürdü. Amma şübhəsiz ki, bu dəyişikliklərin özü də məktəblərdə ciddi fəsadlar törədəcək”.

Ekspertin sözlərinə görə, dilçilik şifahi nitqdə baş verən prosesləri ədəbi dilə uyğunlaşdırmağı bacarmalıdır:

“Digər tərəfdən, dil canlı varlıqdır. Dildə hər dəfə yeni sözlər meydana gəlir. Təəssüf ki, Dilçilik İnstitutu belə qərarları cəmiyyət arasında açıq müzakirəyə qoymadan qəbul edir. Çünki bu tipli qərarlar müzakirə edilmədən qəbul edildikdə şəxslərə görə dəyişir. Çünki alimlərin fikirləri subyektivdir. Orfoqrafiya Komissiyası ayda bir dəfə, yaxud iki dəfə müzakirələrə getsə, xalqdan təklif alsa, daha uğurlu nəticələrə nail ola bilərlər.

Dil asan olmalıdır, dili sadələşdirməliyik. Komissiyanın qoşa “y” ilə yazılan sözlərin “y” ilə verməsi qərarını alqışlayıram. Bu qərarlar onu göstərir ki, yaradılan yeni komissiyada da dilin asanlaşdırılması tövsiyə edilir”.






Fikirlər