ƏT KƏSİMİ ilə bağlı yeniliklər – NAZİRLİK AYDINLIK gətirdi
Qida Təhlükəsizliyi Agentliyinin(QTA) sədri Qoşqar Təhməzlinin bir müddət əvvəl “Bakıda yeni ət kəsimi məntəqələri yaradılacaq” açıqlaması ictimaiyyət arasında geniş müzakirələrə səbəb oldu. O qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar monitorinq keçirilib: "Monitorinq zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın". Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxtətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Artıq onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib”. Məsələ ilə bağlı Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiriQalib Əbdüləliyev bildirib ki, ət və ət məhsulları ilə bağlı səlahiyyətlər yeni yaradılan quruma verilsə də, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Agentlik tərəfindən koordinasiya olunacaq: Q.Əbdüləliyevin sözlərinə görə, yeni ət kəsim məntəqələri özəl sektora aid sahibkarlar vasitəsilə tikiləcək: “Amma hələlik kəsim məntəqələrinin şəhərdən kənara çıxarılması istiqamətində nazirlikdə hər hansı müzakirələrə başlanılmayıb. Ət kəsimi və ət məhsullarına nəzarətin gücləndirilməsi istiqamətində beynəlxalq tələblərin icrası gündəlikdədir. Amma bu gün faktiki olaraq, iş görülməyib”. AzerTaym.az