Payız depressiyası sizi “saraltmasın”

...

 

Son vaxtlar bəzi insanlarda sanki süstlük müşahidə olunur. Bunun payız depressiyası olmasından xəbərsiz olan insanlar mübarizə aparmaq əvəzinə, daha da ruhdan düşürlər. Bəs payız depressiyasının əlamətləri nələrdir, onunla mübarizəni necə aparmalıyıq?

Bu sahəni araşdıranlar payız depressiyasının ümumi olaraq əlamətlərini belə izah edirlər: "Daxili gərginlik, yuxudan erkən oyanmaq və yenidən yata bilməmək, əhvalın pisləşməsi, özünüqiymətləndirmənin aşağı düşməsi, həyata marağın azalması, kədər, əsəbilik, müsbət emosiyaların itirilməsi, gündəlik işlərin icrasında çətinlik çəkmə, stresli situasiyalara dözümsüzlük, tez özündən çıxma, daxili gərginlik, sosial əlaqələrdən, yaxınlarla və dostlarla ünsiyyətdən qaçmaq və sairə".

Psixoterapevt Elmir Əkbərin sözlərinə görə, pis mövsüm yoxdur, sadəcə, hər bir insan o fəsildəki gözəlliyi duymağa çalışmalıdır: "Hər bir insan çalışmalıdır ki, fəslin gözəlliyini tapsın. Bunu görmək üçün istəmək lazımdır, istəməsən, görə bilməyəcəksən. Məsələn, payızın ta qədim zamanlardan romantika fəsli kimi qəbul olunması bu gözəlliyi axtaranlar üçün bir bəhanə ola bilməzmi? Deməli, hər şey özümüzdən asılıdır". E. Əkbərin sözlərinə görə, payızda insanlar fiziki aktivliklə daha çox məşğul olmalıdırlar: "Bildiyiniz kimi, payızda günəşli günlər müəyyən qədər az olur. Günəş şüalarının azalması ilə bağlı serotonin maddəsi azalır. Bunu aradan qaldırmağa fiziki aktivlik müsbət təsir göstərir. Bəzi insanlar serotonin maddəsini artırmaq üçün şirniyyata meyil edirlər. Ancaq şirniyyat artıq çəki verir, ona görə də bu, bir az təhlükəlidir. Daha yaxşı olardı ki, qara şokolad yesinlər. Çünki qara şokolad serotonini artırır, amma kökəltmir".

Ekspert bu dövrdə bəzi insanların antidepressiv dərmanlarla çıxış yolu axtardıqlarını, bunun isə təhlükəli olduğunu bildirir: "Antidepressiv dərmanlara aludəçilik çox ciddi fəsadlara gətirib çıxara bilir".

Payız depressiyasından çıxış yolları

1. Yuxu rejiminizə diqqət edin.

2. İdman edin.

3. Qidalanmanıza diqqət edin.

4. Hisslərinizi sevdiklərinizlə, dostlarınızla, qohumlarınızla bölüşün.

5. Gəzintiyə çıxın, sizi narahat edən mənfi düşüncələrdən uzaqlaşın.

6. Gərgin vəziyyətlərdən uzaq durun.

7. Evinizdə bəzi dəyişikliklər edin - məsələn, əşyaların yerini dəyişin.

8. İnsanlarla ünsiyyətdən qaçmayın. Ünsiyyət əhvali-ruhiyyəni yüksəldir, müxtəlif problemləri həll etməyə kömək edir.

9. Ailə üzvlərinizlə münasibətləri yaxşılaşdırın.

10. Müsbət məqamlara üstünlük verin, hər şeydə mənfi cəhətlər axtarmağa çalışmayın.

11. Xeyirxah olun.

12. Düşüncələrinizə nəzarət edin.

13. Açıq havada, oksigenlə zəngin yerlərdə gəzin.

14. Öz-özünüzə müsbət motivasiya verin.

15. Enerjinizi artırmağa çalışın.

"Zaman Azərbaycan"






Fikirlər