Xalqın etimadını və rəğbətini qazanmış Prezident ...

Xalqın etimadını və rəğbətini qazanmış Prezident

Zamanov Asəf Dağbəyi oğlu
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.Ölkə Prezidenti cənab İlham Əliyev 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Dövlət başçısı cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasında, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Danılmaz həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli liderin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirərək ötən il sentyabrın 27-də düşmənin törətdiyi növbəti təxribata cavab olaraq məhz Ali Baş Komandanın “İrəli!” əmrindən sonra Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi.

“Dəmir yumruq” əməliyyatı kimi tarixə yazılan İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.
Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha təsdiqini tapır.Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəniyyət mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Ötən 18 il ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə edilib. Azərbaycan keçid dövrünü uğurla başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasına qədəm qoyub. Bu gün ən müxtəlif iqtisadi mərkəzlərdə respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenindən danışılır, “İnkişafın Azərbaycan modeli”nin mahiyyəti öyrənilməyə çalışılır.
Ulu öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 18 il ərzində misilsiz uğurlara imza atılıb.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanıb. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib, TAP layihəsi yekunlaşdırılıb, həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.
Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderdir.Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
Bu gün biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq.

Ölkə Prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən ən vacibləri sırasında vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşaması və bu torpaqlarda həyatın canlanması idi. İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi, bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payının işğaldan öncəki vəziyyətə çatdırılması və davamlı artırılması, bölgənin ölkədə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməsi, bölgədə ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə nail olunması, sərmayə cəlbediciliyinin yüksəldilməsi, zəruri stimullaşdırma yolu ilə özəl təşəbbüslərin hərtərəfli təşviqi və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi kimi vəzifələrin artıq yüksək sürətlə rellaşdırılması artıq göz qabağındadır. Bütün bu göstərilənlər Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlarda öz vacibliyini və həlli istiqamətlərini tapmışdır.
Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata nail olmalıyıq. Qazanılacaq hər bir uğurun əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Ölkə başçısı cənab İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.






Fikirlər