Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Son məlumatlara görə, 71 hərbçimiz şəhid olub.
Belə həssas dövrdə media məlumatların yayılmasında əsas rol oynayır. Ona görə də telekanallar operativ şəkildə fəaliyyət göstərməli, cəmiyyətimizə düzgün informasiya çatdırmalı, media nümayəndələri informasiya axınını peşəkar şəkildə idarə etməlidirlər.
Lakin Vətən müharibəsi təcrübəsinə rəğmən, hələ də bəzi saytlar, xəbər portalları müəyyən məlumatları yanlış təqdim edirlər. Nəticədə insanlar arasında gərəksiz təşviş yaranır. Çünki hər insanın psixikası məlumatı fərqli formada qəbul edə bilər.
Maraqlıdır, media belə dönəmlərdə necə davranmalıdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən professor Qulu Məhərrəmlinin sözlərinə görə, ölkədə həddindən artıq həssaslıq yaranıb:
“Əlbəttə, indiki şərait, o cümlədən medianın, televiziyaların çalışdığı şərait, adi vəziyyətdən çox fərqlənir. Faktiki olaraq elan olunmasa da, indi biz fövqəladə vəziyyət şəraitindəyik. Çünki sərhədlərdə çox ciddi toqquşmalar, itkilər var. Hər iki tərəfin itkiləri var. Ona görə belə bir vaxtda televiziyalar öz proqram siyasətinə, gündəlik verilişlərə, keçidlərə, kimlərin ekranda çıxış etmələrinə çox həssas yanaşmalıdırlar”.
Professor qeyd edib ki, özəl televiziyalar bayağı şoulardan imtina etməlidirlər:
“İlk məsələ günün nəbzini tutmaq, aktuallığını saxlamaq, cəmiyyətin istəklərini ifadə etməkdir. Ağıllı, şüurlu, məntiqli diskussiyalara, baş verənlərin mahiyyətini izah etməyə ehtiyac var.
Bu gün faktiki olaraq hamı üçün hədəf eynidir. Millətin salamatlığı, Vətənin təhlükəsizliyi məsələlərinə, insanların rifahı, onların duyğu-düşüncələrinə həssaslıqla yanaşılmalı, proqram bunun üzərində qurulmalıdır”.
Q.Məhərrəmli əlavə edib ki, media bu dönəmlərdə çevik işləməyi bacarmalıdır:
“Bu ilk dəfə deyil. 2020-ci il hadisələrindən sonra media artıq hazır, reaksiyalar adekvat olmalıdır. Dəyirmi masalar, xalqın, auditoriyanın düşüncəsini qidalandıran verilişlər olmalıdır ki, cəmiyyət üçün bir fayda daşısın, təsirli olsun”.