Cəfər Cəfərov: “Biz fərd olaraq daim işləməliyik ki, geridə qalmayaq. Təbii ki, “mən artıq hazıram”, “fəlsəfə doktoru adını almışam, bəsdir” kimi düşüncələr səhvdir. Bir yerdən sonra özünüzü yeniləməsəniz, o sənədlər sadəcə divara asılmış şəkil olaraq qalacaq”.
Uşaqlığından gələn riyaziyyat sevgisi onu Çikaqoya qədər aparıb. Seçdiyi sahənin dərinliklərinə bələd olmaq və burada ən yaxşı olmaq üçün daim oxuyub, araşdırıb. İstər təhsilində, istərsə də işində ən yaxşısını seçib və fərqlənməyi bacarıb. Deyir ki, “bizim sahədə öünüzü zəif hiss etmədiyiniz gün heç nə öyrənmədiyiniz gündür”.
"AzerTaym.az" Meta şirkətində (Facebook) tədqiqatçı alim kimi çalışan Cəfər Cəfərovun Kaspi-yə verdiyi müsahibəsini təqdim edir:
Sumqayıtda hərbiçi ailəsində dünyaya gəlib. Təhsilinə Sumqayıt 23 saylı orta məktəbdə başlayıb, birinciliklə qəbul olduğu Sumqayıt Özəl Türk liseyində davam edib. 9-cu sinifdən başlayaraq respublika və beynəlxalq olimpiadalarda iştirak edib, medallar qazanıb. Cəmi bir ay, yalnız bir fəndən repetitor yanına gedərək universitet imtahanında 600-dən çox bal toplayıb. Bununla yanaşı, YÖS imtahanından da yüksək nəticə ilə keçib. Türkiyənin Boğaziçi və Orta Doğu Teknik Universitetinə (ODTÜ) kompüter mühəndisliyi ixtisasına qəbul olub və birincini seçib: “Bizim ixtisasda hər tələbə məzun olmaq üçün bir layihə işləyir və təqdim edir. Mənim layihəm 2-ci yerə çıxdı. Oradan gələn həvəslə Boğaziçində nəzəri kompüter elmləri sahəsində magistratura təhsili aldım. Elmi rəhbərim Türkiyənin süni intellekt sahəsində ən öndə gələn isimlərindən olan Cem Say idi. Cem Say və amerikalı professorla birlikdə elmi məqalə üzərində işlədik, İtaliyada təqdim etdik. Daha sonra doktorantura təhsili üçün Amerikanın ən öndə gedən universitetlərindən olan Çikaqo Universitetinə tam burslu qəbul oldum. Kompüter elmi ilə bağlı Çikaqo Universitetində PhD oxudum. PhD təhsilim boyunca nəzəri kompüter elmi və maşın öyrənməsi -ML- (süni intellektin bir bölməsi) sahəsində araşdırmalar aparır və dünyanın ən prestijli ML konferanslarında məqalələr yayımladım”.
“Dünyanın nəbzini tutursunuz”
- İxtisasınız üzrə öz sözünü demiş universitetlərdə təhsil almısınız. Sizcə, tanınmış universitetlərin təhsil həyatınızdakı rolu nədir?
- İki məsələ çox önəmlidir. Birincisi, keçdikləri proqram dünya standartlarına uyğundur. Yəni siz bu təhsil ocaqlarında dünyanın nəbzini tutursunuz. Dünya hazırda nələrlə məşğul olursa, sizə də onu bütün dərinliyi ilə öyrədirlər. Buradan məzun olub bir addım geridə qalmaq mümkün deyil. İkinci məsələ isə yanaşma ilə bağlı idi. Məsələn, burada müəllim-tələbə münasibəti çox fərqli idi. Universitetlər var ki, müəllim tələbəyə çanta daşıtdırır, şəxsi köməkçisi kimi davranır. Çünki müəllim böyükdür, güc sahibidir və tələbə buna borcludur. Bizdə o yox idi. Müəllimlə müzakirə edib, öz fikrinizdə qala bilərsiniz. Yəni fikir ayrılıqları təbiidir. Bu, müəllimin şəxsiyyətinə toxunmur. Müəllim özünü sizdən yüksək görmür. Düşünür ki, mənim peşəm gələcək üçün kadrlar yetişdirməkdir və qarşımdakı şəxs də cavan olmağına baxmayaraq, gələcəyin potensial alimidir. Burada əsas kimin deməyindən çox, arqumentin nə olmasıdır. Boğaziçidə bizə təkcə elmin dərinlikləri yox, həm də necə iş görmək, elmlə necə məşğul olmaq öyrədilirdi.
“Çikaqoda o sərhədləri aşdım”
- Boğaziçi istədiyiniz təhsili sizə verirdisə, PhD üçün ABŞ-ın ildə 6-7 faizlə qəbul alan ən çətin universitetlərindən birində araşdırma aparmağa sizi nə vadar etdi?
- Boğaziçinin 10 qatı da Çikaqo Universitetindədir. Çətin olduğunu bilirdim. “Bacara bilərəmmi?” marağı məni ABŞ-a apardı. Türkiyədən ayrılmaq çətin qərar idi. Amma bu sual motivasiya qaynağım idi. Həm də bilirdim ki, bizim sahədə elmin beşiyi, ən böyük yeniliklərin olduğu ölkə ABŞ-dır. Ətrafımızda o qədər ağıllı, bacarıqlı insanlar var ki, onlarla ayaqlaşmaq lazımdır. Türkiyədə qalaraq öyrənə biləcəklərimin sərhədi var idi. Çikaqoda o sərhədləri aşdım. Tanıdığım o qədər insan var idi ki, burada davam edə bilmədilər. Proqramı bitirmək çətindir, amma maraqlıdır.
- Yəqin ki, seçdiyiniz sahənin sürətli inkişafı da sizi narahat edib.
- Çox sürətli inkişaf edir. Bu işdə ən yüksək səviyyədə qala bilmək üçün daim oxumalı, yeni çıxan məqalələrdən xəbərdar olmalısınız. Həm universitetlərdə aparılan elmi araşdırmaları, həm də böyük şirkətlərin tədqiqat laboratoriyalarında əldə olunan nəticələri izləməlisiniz. Çox geniş texniki baza var və bu, hər gün yenilənir. Biz fərd olaraq daim işləməliyik ki, geridə qalmayaq. Təbii ki, “mən artıq hazıram”, “fəlsəfə doktoru adını almışam, bəsdir” kimi düşüncələr səhvdir. Bir yerdən sonra özünüzü yeniləməsəniz, o sənədlər sadəcə divara asılmış şəkil olaraq qalacaq.
“Bunun ciddi cəzaları var”
- Alqoritm dizaynları üzərində işləyirsiniz. Bu sahə nəyə xidmət edir?
- Alqoritmlər çox vaxt kompüter proqramları ilə bir tutulsa da, əslində, riyazi ağırlıqlı sahədir. İlk alqoritmlərin tarixi eramızdan əvvələ çatır. Misal üçün, orta məktəbdə öyrəndiyimiz iki ədədin toplanması metodu bir alqoritmdir. Sənaye və texnologiyada ağla gələn hər avtomatlaşdırılmış prosesin təməlində alqoritm dizaynı dayanır. Bu gün isə ən çox istifadə olunmağa başlanan süni intellekt alqoritmləridir. Məsələn, “Tesla” özü-özünü idarə edən avtomobilləri istehsal edir. Maşın bunu süni intellekt dediyimiz alqoritmləri bir araya gətirməklə edir. Yaxud, ən sadəsi, sosial şəbəkənizdə sizə maraqlı olan reklamlarla, videolarla rastlaşırsınız. Bunlar sizin rəy bildirdiyiniz, bəyəndiyiniz kontent üzərindən gəlir. Buna qərar verən də süni intellektdir.
- Bəzi insanlar da düşünür ki, telefonda bizi kimsə izləyir.
- Bu, mümkün deyil. Böyük şirkətlər istifadəçi gizliliyinə çox ciddi önəm verir. Axtardığımız xəbərlərin qarşımıza çıxması, əslində, məsləhət sistemlərinin nə qədər yaxşı işlədiyinin göstəricisidir. Sizin onlayn fəaliyyətinizi çox yaxşı analiz edir və sizə uyğun, reaksiya verəcəyiniz təklifləri göndərir. Onların qanun-qaydalarında gizliliyə önəm verilməsi xüsusi qeyd edilir. Kiminsə şəxsi məlumatını almaq, bunu istifadə etmək asan deyil. Bunun çox ciddi cəzaları var.
- “Meta”dakı işiniz nədən ibarətdir?
- Burada maşın öyrənməsi (ML) sahəsini araşdırıram. FB səviyyəsindəki şirkətlərin müsahibə prosesləri universitetə hazırlaşmağa bərabərdir. Bir çox yerdən iş təklifləri aldım. Buranı seçdim. Çünki elmin və texnologiyanın ən qabaqcıl formada birləşdiyi şirkətlərdən biri də “Meta”dır. Burada öyrənə biləcəklərimin sərhədi yoxdur. Çox geniş tətbiq sahəsi var. Hazırda 2 tətbiq mövzusu ilə maraqlanıram. Birincisi, “instagram”da, “facebook”da istifadəçiyə gedən kontentin keyfiyyətini və aktuallığını təmin etməkdir. İkincisi isə, bilirsiniz ki, FB-un gəlirləri, əsasən, reklamdan gəlir. Düzgün reklamların düzgün insanlarla görüşdürmək məsələsi çox önəmlidir.
“İnsan əməyi tarix olacaq”
- Bu gün süni zəka və ML-in öyrənilməsinin əhəmiyyəti nədir? Gələcəkdə bizi nə gözləyir?
- Kompüter hesablama gücünün artması və daha önəmlisi internetin yayılması ilə Big Data reallığının yaranması bizim vaxtilə nəzəriyyədə qalan, praktiki olmadığı üçün kənara qoyduğumuz fikirləri yenidən gün üzünə çıxarırdı. Süni intellekt də bunlardan biridir. Süni intellekt və ML “Meta”, “Google”, “Amazon” kimi nəhəng şirkətlərin, demək olar ki, bütün məhsullarında istifadə olunur. Misal üçün, ağıllı telefonlardakı səsli tapşırıqvermə özəlliyi ML alqoritmlərinə əsaslanır. Maliyə və bank sistemləri də investisiya strategiyalarını artıq ML üzərində qururlar. Süni intellektin çox fərqli sahələrdə də tətbiqi var. Bu gün süni intellekt ilə xəstəyə diaqnoz qoymaq mümkündür. Tibbi analizlərinizə əsasən, kompüter sizdə ola biləcək problemləri asanlıqla təyin edir. Təkcə diaqnostikada deyil, genetik xəstəliklərin, eləcə də xərçəngin tədqiqatında istifadə olunur. ML-in bir başqa maraqlı tətbiqini işə alım prosesində görmək mümkündür. Əvvəllər CV-nizi göndərirdiniz, qarşı tərəfdən şirkətin təmsilçisi oxuyurdu. Hər ay minlərcə insanın müraciət etdiyi böyük şirkətlərdə bu sistemlər indi avtomatlaşdırılır. Bayaq “Tesla”nın özünü idarə edən maşınlarını qeyd etdim. Bu maşınların ətrafını anlaya bilməsi (misal üçün qabaqda piyada, ya da maşın varmı yoxmu, svetofor hansı rəngdədir) və ona görə addım atması (misal üçün tormoza ya da qaza basması, dönməsi) çox mürəkkəb mexanizmlər tələb edir. Bu qərarları hansısa insan vermir, arxa fonda ML alqoritmləri işləyir. Belə görünür ki, gələcəkdə taksilər sürücüsüz xidmət verəcək. Hətta işə götürmə prosesini kompüterlər etdiyi üçün HR-lara ehtiyac qalmayacaq.
- Yəni süni intellektlə insan əməyi tarix olacaq?
- Düzdür, bu, bir tərəfdən neqativ görünə bilər ki, insanlar işsiz qala bilər. Digər tərəfdən də, əslində, insan həyatının rahatlaşması, asanlaşması və insanın daha ali, rahat, yorucu olmayan işlərə yönəlməsinə səbəb ola bilər. Məsələn, maşın özü ünvana çata bilirsə, insanlar niyə 10 saat sürücülük etsinlər? Süni intellekt aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunur. Çox vaxt tələb edən məsələlərin həllində effektivdir, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir, xətaların başvermə ehtimalı çox kiçikdir.
“Ətrafımdakı insanlar çox ağıllıdır”
- Cəfər bəy, Çikaqo Universitetində müəllimlik təcrübəniz də olub. Yəqin ki, orada müəllim olmaq, tələbə olmaqdan çətindir.
- Burada tədris 3 semestr olur. Bakalavr və magistr tələblərinə alqoritm, riyaziyyat dərsləri deyirdim. Burada tənbəl tələbə yoxdur. Hər biri, həqiqətən, oxumağa gəlib. Çünki universitet ancaq “qaymaq”ları seçib götürürdü. Onlar da vaxtını boşa xərcləmirlər. Bu, müəllimdən ciddi intizam, savad və pedaqoqluq tələb edir. Yəni sahəni yaxşı bilmək bəs deyil, onu izah etmək bacarığı da lazımdır. Hər tələbənin anlayacağı dildə başa düşmək ayrı bir hazırlaşma, məsuliyyət tələb edir. Mən müəllimlik prosesində daha çox öyrənirdim.
- Tələbəlik illərində “qaymaq”lardan daha zəif olmaq kompleksiniz var idimi?
- Açığı, ilk başlayanda belə idi. Bizim diskret riyaziyyat dərsimiz var idi, çox çətin olmağı və professoru ilə məşhur idi. Mən səhər dərsə gəlir, bitdikdən sonra evdə gedib 1 saat yemək fasiləsindən sonra bütün gün ev tapşırıqlarını edirdim. O qədər çox ev tapşırığı verilirdi ki... Orada anladım ki, tələbə mövzunu imtahanla deyil, ev tapşırığını edərək öyrənir. Düşünürdüm ki, ətrafımdakı insanlar çox ağıllıdır, ABŞ-ın ən yaxşı universitetlərindən gəliblər. Üstəlik ingilis dilini bilsəm də, onlar kimi, ana dilim deyildi. Amma o dərsi mən “A” ilə keçdim. Sonra dostlaşdıq, gördüm ki, hamı çətinlik çəkirmiş. Bizim sahədə özünüzü zəif hiss etmədiyiniz gün, heç nə öyrənmədiyiniz gündür.
“Həmişə “bacararam” hissi ilə davam etmişəm”
- Riyaziyyatçılar dəqiqliyi sevirlər. Bu dəqiqlik normal həyatınıza təsir edibmi? Ümumiyyətlə, sizin peşə xəstəliyiniz nədir?
- Detallara çox fikir verirəm. Adi bir təklifin hər detalını soruşuram. “Xəstəliyim”in ən ağır forması isə, hər gördüyüm işin ən pis halını fikirləşib, analiz etməyimdir. Bu alqoritm dizaynının mənə öyrətdiyidir. Biz alqoritm yaradanda ən pis ssenaridə necə performans göstərir, ona baxırıq. Normal həyatda da hər addım atanda ən pis halı fikirləşirəm. Halbuki, bir çox hallarda o ehtimal çox kiçik olur. Lakin planımı buna görə qururam.
- “Linkedin”də özünüz haqqınızda məlumat hissəsində “özünü motivasiya edən insanam” deyirsiniz. Özünüzü necə motivasiya edirsiniz?
- Asan deyil. Dikbaşlılıqla edirəm. Necə ola bilər ki, qarşımdakı məsələ qarşısında aciz qalım? Həmişə “bacararam” hissi ilə davam etmişəm. Məsələyə qarşı səbirli davranır, analiz edir, yetərsizlikləri doldururam. Bəlkə də, bu, eqoizmdir. Amma hansısa məsələ qarşısında aciz qala bilmərəm.
- Uduzmağı qəbul edə bilmirsiniz?
- Öz sahəmdə, bəli. Təcrübəmə, biliyimə güvənirəm.
“Hamı anadan olanda ağıllıdır”
- Cəfər bəy, bu gün kompüter elmləri sahəsinə tələbat çoxdur. Hər kəs bu sahədə peşəkar ola bilərmi?
- Dünyanın tək gözəl peşəsi bu deyil. Önəmli olan tələbənin nəyə marağı olmağıdır. Mən işimi sevməsəydim, Çikaqoya getməzdim. İnsan sevmədiyi sahədə xoşbəxt olmur. Ən pisi isə o sahənin keyfiyyətsiz mütəxəssisi olur. Nə qədər yaxşı universitet və müəllim olsa da, onların sizə verdikləri bir yerə qədərdir. Gərək siz öyrənməyə maraqlı olasınız. İnsan məşhur olduğu üçün deyil, marağı olan sahədə olmalı, zamanını sərf etməkdən qorxmadığı işlə məşğul olmalıdır.
- Təhsil və karyeranızda “ən”--ləri etməyə nail olmusunuz. Uğur sirriniz nədir?
- Bu, yalnız mənim əməyim deyil. Bunu valideynlərimə, müəllimlərimə və məni yaxşı işlər görməyə vadar edən dostlarıma borcluyam. Mənə elə gəlir ki, ortalama hər bir insan anadan olanda ağıllıdır. Bunun necə işləndiyi, necə tərbiyə edildiyi önəmlidir. O da valideyndən asılıdır. Şansın da rolunu dana bilmərəm. Şanslıyam ki, gec olmadan sevdiyim işi tapmışam. Bu lüksə sahib olmaq önəmlidir. Təbii ki, heç kim sizə bunları qara qaşınıza, gözünüzə görə vermir. Siz də müəyyən tələbləri qarşılamalı, bacarmalısınız ki, uğur qazana biləsiniz. Axsayanda və geri qalanda, uğur yerini uğursuzluğa verər. Bunun üçün də nizamlı, səbirli, özünəinamlı olmaq lazımdır.