"Sədrlik mənə ZİYAN OLACAQ" - Əsəd Cahangirdən gənclərin dəstəyinə CAVAB...
"AzerTaym.az" tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirin gənc yazarların bəyanatından sonra Kulis.az-a verdiyi açıqlamanı təqdim edir. Qeyd edək ki, dünən gənc yazarlar AYB ilə bağlı bəyanat imzalamışdılar və qurultayda səslərini Əsəd Cahangirə vermək istədiklərini bildirmişdilər. "Mənə etimad göstərən bütün gənclərə öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar verdikləri qiymətə görə. Amma mən gənclərin sədri olmadan da, onlara qayğı göstərmişəm, kömək etmişəm və bundan sonra sədr olmadan da bu qayğını, diqqəti göstərə bilərəm. Bunun üçün sədr olmaq vacib deyil. Ona görə də məni dəstəkləyən, etimad göstərən gəncləri Anar müəllimə səs verməyə çağırıram. Çünki mən də qarışdan gələn qurultayda Anar müəllimə səs verəcəm. Mənə elə gəlir ki, indiki şəraitdə sədr kimi Anarın alternativi yoxdur. Çünki o çoxillik iş təcrübəsinə, böyük nüfuza malikdir. Biz onun təcrübəsindən və nüfuzundan həm ədəbiyyatımızın inkişafı, həm də şair, yazıçılarımızın bir sıra maddi-məişət problemlərinin həlli baxımından istifadə etməliyik. Əgər Anar müəllim özü Yazıçılar Birliyinin sədri olmaq istəməsə və seçkilərə qatılmasa, bu artıq tamamilə başqa məsələ olar. Bu barədə isə mənim heç bir məlumatım yoxdur. Bunu yalnız Anar müəllim özü bilər. Əgər Anar müəllim öz istəyi ilə, könüllü surətdə sədrlik postunu tərk etmək istəsə, tam səmimi deyirəm ki, mən yenə də sədr olmaq istəmərəm.. Bu çox məsuliyyətli və çətin vəzifədir. İyirmi ildən çoxdur ki, AYB-də işləyirəm. Bu illər ərzində Anar müəllimin nə qədər çətinliklər çəkdiyinə özüm şahid olmuşam. Həm psixoloji, həm mənəvi çətinliklər, həm təzyiqlər, sıxıntılar, haqsız ittihamlara tuş gəlmək... Ona görə də hesab edirəm ki, mənim sədr olmağım, ilk növbədə özümə ziyan olacaq. Ədəbi prosesdə fəal şəkildə iştirak etmək istəyirəm və bundan sonra da istəyəcəm. Sədr olmaq çox ağırdır mənim üçün. AYB-nin 2400 nəfər üzvü var və hamısına kömək etmək fantastik dərəcədə çətin bir şeydir. Birini razı salırsan, 2399 nəfər səndən narazı qalır. İstənilən halda, kimsə sədrdən razı olmur".