Anar yaşlı nəslin vəzifədən getməsi haqda – “AYB seçkili orqandır…”
“Hesab edirəm ki, yaşlı nəslin nümayəndələri vəzifədən getməli və onların yerinə gənc nəslin nümayəndələri gəlməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib. O, gənclərin yüksək vəzifələrə təyin olunmasını müsbət qiymətləndirdiyini bildirib: “Azərbaycanda dövlət müəssisələrində gənclərin təyinat almasını çox təbii hal kimi qiymətləndirirəm. Belə də olmalıdır”. AYB sədri sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “Mən təbii ki, istefa verməmişəm. Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi seçkili orqandır və burada sədr qurultayda seçilir. Azərbaycan Yazıçılar Birliyinə sədr seçilməsi üçün qurultay olacaq və orada kim seçiləcəksə, sədr o olacaq. Qurultayın da gələn il keçirələcəyi gözlənilir”. Qeyd edək ki, A.Rzayevin 81 yaşı var. O, 1987-ci ildən AYB-nin sədri vəzifəsini tutur.