“Müharibə hamının psixologiyasını tamamilə dəyişib” - Psixoloq
Tanınmış meyxanaçı Rəşad Dağlının həbsindən sonra sosial şəbəkələrin Azərbaycan seqmentində onunla bağlı paylaşımların sayı getdikcə artıb. Bir sıra ekspertlər bu axında gənclərin kriminal aləmə olan marağından narahatdır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vəfa Rəşidova deyib: “Allah Rəşad Dağlı da daxil olmaqla, hər kəsin qapısını açsın, ölənlərə isə rəhmət etsin. Onsuz da kriminal aləmə maraq ölkədə hər zaman özünü büruzə verib. Hər şey insan psixologiyasından asılıdır. Həmişə gizli qalan, əlçatmaz olan hər şey daim insanların maraq dairəsində olub. Bu, insanların xislətində var, çünki Allah insanı yaradanda bu cür yaradıb”. V. Rəşidova mövzuya Mövlanədən sitat gətirməklə davam edib: “İnsan əldə etdiyi hər şeyin nankoru, əldə edə bilmədiyi şeylərin isə dəlisidir”. İnsan daim çata bilmədiyi arzularının, yaxud hadisələrin marağında olur. Kriminal aləmlə bağlı da daim filmlər və proqramlar çəkilməkdədir. İnsanlar da daim onlara baxaraq həmin filmdəki həyata fokslanır. Yeniyetmələrin kriminal aləmə meylli olmasında valideynlərin də rolu danılmazdır. Məsələn, valideyn hansısa Milli Qəhrəman barədə danışsa, uşaqların da həmin mövzuya marağı artacaq. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi demək olar ki, hər kəsin psixologiyasını tamamilə dəyişib”. “Kriminal aləmə marağın səbəb isə çoxdur. Dava olanda insanlar dalaşanları ayırmaqdan çox onu izləməyə üstünlük verirlər. Kriminal aləmə meylli olan gənclərimizi bu fikirlərdən yayındırmaq istəyiriksə, ilk növbədə, ailədaxili ünsiyyətə önəm verməliyik. Uşaq ailədən nə görürsə, onu da götürür”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.