Ailələrin dağılmasını sürətləndirən 17 səbəb - Hansılardır?
Bu gün boşanmaların sayının kəskin artdığının, cütlüklərin bir-birini anlamadığının tez-tez şahidi oluruq. Bir çox gənc problemlərin həll yolu kimi boşanmanı görür, amma bundan öncə cütlük terapiyalarına qatılmağı ağıllarına belə gətirmir. Bəs görəsən, boşanma həddinə çatan, anlaşmazlıq yaşayan gənc cütlüklər birgə psixoloqa üz tutarsa, aralarındakı problemlər həqiqətən çözülə bilərmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Fəridə Şərifova hətta bir-birini sevərək ailə qurmuş gənclər arasında da anlaşılmazlıqların, münaqişələrin olduğunu bildirib: “Bir-birlərini sevən cütlüklər ömür boyu birlikdə yaşamaq üçün evlənsələr də, zaman-zaman fikir ayrılıqları, mübahisələr yaşaya bilərlər. Bu da onların arasında aqressiyaların, münaqişələrin yaranmasına gətirib çıxara bilir. Bu münaqişələr, mübahisələr, fikir ayrılıqları tərəflərin bir-birlərini başqa bir yöndən tanıdıqları, sevgililik, nişanlılıq dönəmindəki xoş tərəflərindən əlavə digər xüsusiyyətlərini də kəşf olunduğu anlardır. Eyni zamanda bu sanki bir sınaq meydanıdır. Burada əsas məsələ ortaya çıxan problem deyil, o problemi hansı yolla həll edib münasibətlərin sonrakı gedişatına göstərcəkləri təsirdir. Bəzən gənc cütlüklər problemlərin həlli istiqamətində düzgün yolları seçməkdə çətinlik çəkirlər. Və nəticədə baxırsan ki, təməli xırda bir səbəbdən başlayan məsələ böyüyüb boşanma həddinə qədər gəlib çıxıb”. O, qeyd edib ki, cütlüklər arasında daima sağlam ünsiyyətin olması çox vacibdir: “Bu kimi halların yaranmasına ən əsas səbəb ailə daxilində ünsiyyət çatışmazlığının olmasıdır. Ailə fərdləri arasında sağlam ünsiyyət qurulmazsa, ailə birliyinin təməlində çat yaranıb deməkdir. Ailədə normal ünsiyyət və münasibətləri əngəlləyən bir sıra faktorlar var: 1) Bütün ailə və ailəni təşkil edən fərdlərlə bağlı önəmli məsələləri əhəmiyyət vermədən üzdən danışmaq 2) İfrat dərəcədə sual vermək, yersiz şübhə və tərəddütlər 3) Süni münasibət qurmaq 4) Danışıb, izahat almadan qarşı tərəf haqqında qərar çıxarmaq 5) Keçmişdəki üzücü və pis hadisələrin sıx-sıx gündəmə gətirilməsi 6) Verilən sualları cavabsız buraxmaq 7) Ailə üzvlərinə söz ilə hücum etmək 8) Başqaları ilə müqayisə etmək və qarşı tərəfin fikirlərini qəbul etməkdə çətinlik çəkmək 9) Günahlandırmaq, neqativ düşüncələr və aqressiya 10) Əmr vermək, təhdid etmək 11) Yalan söyləmək və səmimiyyətdən uzaq durmaq 12) Lağa qoymaq, alçaltmaq, fikirlərinə dəyər verməmək 13) Kiçik səhvləri həddindən artıq böyütmək 14) Fədakarlığı daima qarşı tərəfdən gözləmək 15) Birgə vaxt keçirməmək, ortaq məsuliyyətlərə önəm verməmək 16) Qarşı tərəfə özünü ifadə etmə imkanı verməmək 17) Ailəyə qarşı diqqətiz və hörmətsiz yanaşmaq” F.Şərifova bildirib ki, bu tip problemlərin aradan qaldırılması üçün ailə terapiyası faydalıdır. Terapiyalarda psixoloqun köməyi ilə cütlüklər arasındakı problemlər çözülə bilir: “Bu və bu qəbildən olan problemlərin aradan qalxmasında ailə terapiyasının əhəmiyyəti danılmazdır. Ailə terapiyası ailə üzvləri arasındakı anlaşılmazlıqların, münaqişə və problemlərin ailə psixoloqunun köməyi və nəzarəti ilə çözümlənməsi prosesidir. İnsan bir problem yaşadığı zaman bütün duyğu üzvləri, emosiyaları ilə həmin problemə köklənir, problemin ta mərkəzində dayanır. Bu zaman düzgün qərar vermək, düzgün yol seçmək çox çətin olur. Ailə psixoloqu müraciət edənləri məhz o problemin mərkəzindən çıxarıb hadisələrə daha yuxarıdan baxmağa və dəyərləndirməyə kömək edir. Daha hansı yollar və seçimlər var, o anda daha nə edə bilərdim, başqa cür daha necə davrana bilərdim və ya hadisənin baş vermə səbəblərini daha aydın dərk etməyə yardımçı olur. Bu müşahidələrdən sonra yekun qərarı verən əlbəttə ki, cütlüklər özləri olur. Amma onu qeyd etmək lazımdır ki, 90 faiz hallarda ailə bütövlüyünü qoruya, hətta əvvəlkindən daha da möhkəm edə bilirik. Xoşbəxtliyin standart bir resepti yoxdur. Hər bir ailənin hüzur və xoşbəxtlik mənbəyi fərqlidir. Hər ailənin özünəməxsus bir “sevgi dili” var. Önəmli olan bu mənbəni tapmaq və eyni “sevgi dili”ndə danışa bilməkdir. Bu yolda ən yaxşı bələdçi məhz ailə psixoloqudur”.