İncitməyin oğlanları... - Ağacavad Əlizadənin şeirləri...

Vaxt vardı...

 

Gül əllə yelləyib gül beşiyimi,

Xoş səslə laylamı çalardı qızlar.

Çəkib keşiyimi, olub həyanım,

Mənə dayə kimi baxardı qızlar.

 

Barmaq toxundurub barmaqlarıma,

Zərif sığal çəkib yanaqlarıma,

Hələ süd qoxuyan dodaqlarıma

Məhəbbət çiləyən bahardı qızlar.

 

Elə ki, ilk qədəm atıb yeridim,

Divardan, divandan tutub yeridim,

Yıxıla-yıxıla durub yeridim -

Körpə addımımı sayardı qızlar.

 

Böyüdüm, bir gəzdik çölü-çəməni,

Düzdüm tellərinə tər yasəməni.

Gündüz gizlənpaçda itirib məni,

Gecə yuxusunda tapardı qızlar.

 

Hər gün bir istəkdə mən yada düşdüm,

Bir bəxtə yar oldum, bir ada düşdüm.

İndi də sönməyən bir oda düşdüm,

Ruhumu yandırıb-yaxardı qızlar.

 

Təzəcə dil açan nəğmələrimi

Oxşayıb ən əziz əmanət kimi,

Bölüşüb - ən dadlı bir nemət kimi -

Ürəkdən-ürəyə yayardı qızlar.

 

Eşqin sınağında yoxlanan canım,

Neştər kirpiklərlə oxlanan canım,

Gözəllər dalınca boylanan canım,

Vaxt vardı dalımca çapardı qızlar.

 

Dəyişdim illərin naxışlarında,

İslandım həsrətin yağışlarında.

Sehrli, əfsunlu baxışlarında

Gözümün nurunu apardı qızlar.

 

1977

 

İncitməyin oğlanları...

 

Hərbin ocağına düşəndə bir vaxt,

Yurdumda nə qədər cavan azalıb, -

Vətən qeyrətini, el namusunu

Ölümün ağzından alan azalıb.

 

Döyüşdə palıdtək yıxılanların

Yerində boy atıb yaşıl pöhrələr.

İndi ata olub, ana olublar

Bir zaman atasız qalan körpələr.

 

İndi oğullar var - Fərhad misallı,

İndi gözəllər var - Şirindən şirin.

Bu oğlan nəvələr, bu qız nəvələr

Canlı heykəlidir o igidlərin.

 

Onlardan əbədi xatirə qalıb

Bu ülfət, sədaqət, vəfa, etibar

Sevən ürəklərin ünsiyyətində

Baba vüqarı var, nənə andı var.

 

Qoruyaq o andı, o vüqarı biz,

Ona zərrə qədər düşməsin ləkə.

Sinədən sinəyə köçən ürəyi

Nə hicran ayırsın, nə də təhlükə.

 

Döyüşdə yıxılsan, yenə yaşarsan,

Sevgi yollarında yıxılmaq - ölüm!

Elə yaşayın ki, elə sevin ki,

Sevda ümmanında batmasın heç kim!

 

Qızlar, incitməyin oğlanları siz,

Onsuz da oğlanlar yaman azalıb, -

Eşqə biganələr üzüpis olur.

Məhəbbət oduna yanan azalıb.

 

Sənsiz

 

Səndən ayrı düşəli

            yaman narahatam mən,

Xəyalın gecə-gündüz

            qoymur rahat yatam mən.

Sənsiz qara yel əsir

            könlümün otağında,

Bəbəyim hicran gölü...

Gözümün qapağından

Muncuq-muncuq düzülən

gümüşü yaş asılıb,

Vallah, ürək yerinə

            bir ağır daş asılıb.

İpək telli sinəmdən -

            daşıya bilmirəm mən.

Sənsiz gülə bilmirəm,

Niyə belə? Bilmirəm!

Sənsiz ölə bilmirəm,

Yaşaya bilmirəm mən!

 

1977

 

Badamı gözlərin

 

(Mahnı)

 

Alovsuz yandırır

Adamı gözlərin,

Salacaq könlümü

Odamı gözlərin?!

 

Məhəbbət ulduzum -

Badamı gözlərin,

Qoşa bəxt ulduzum -

Badamı gözlərin.

 

İnciyib, eləmi,

Küsübdür yenəmi?

Baxacaq mənəmi,

Yadamı gözlərin?!

 

Qızılgül çətirli

Badamı gözlərin,

Bənövşə ətirli

Badamı gözlərin.

 

Gizlincə güləcək

Sehrli o çiçək.

Ömrümü verəcək

Badamı gözlərin?!

 

Könlümün məhrəmi

Badamı gözlərin.

Şəfası, məlhəmi

Badamı gözlərin.

Məhəbbət ulduzum -

Badamı gözlərin.

Qoşa bəxt uldumuz -

Badamı gözlərin.

 

Sən yanımda olanda

 

(Mahnı)

 

Yüz sınaqdan çıxaram -

Sən yanımda olanda!

Dağı belə yıxaram -

Sən yanımda olanda!

 

Mənimdir söz meydanı!

Səsim tutar hər yanı,

Səsim tutar cahanı -

Sən yanımda olanda!

 

Sözlü çıraq olaram,

Qaynar bulaq olaram,

Oynar uşaq olaram -

Sən yanımda olanda!

 

Çaylar kimi daşaram,

Sahilləri aşaram.

İki ömür yaşaram -

Sən yanımda olanda!

 

1979

 

Dedi: "Mən şairəm!"

 

Dedi: "Mən şairəm!" - döşünə döydü,

Üstümə qoçutək yeridi o gün.

Səsi qurşun kimi sinəmə dəydi,

Özü gözlərimdə əridi o gün.

 

Diksindi min illik sözüm, söhbətim,

Oyandı qəlbimdə neçə sənətkar:

Füzulim, Sabirim, Hadim, Səhhətim...

Dedilər! "Deyəsən təzə xəbər var!".

 

Sənət meydanını tutsa da Cəfər,

Ölüncə həvəskar saydı özünü.

Başına yağdıqca alqış-çiçəklər,

Uşaqtək utanıb örtdü üzünü.

 

Şeirimə pozulmaz nəqşlər vuran

Müşfiqim susmayan odlu ürəkdir:

"Şairəm söyləyir yerindən duran,

Adamın üzündə həya gərəkdir!".

 

Vurğun mizrab vurdu sazına yenə,

Sevindi səhərlər, dindi axşamlar

Güldü təbiətin səxavətinə:

"Neçin yaranmışdır artır adamlar?"

 

...Dilləndi könlümdə o səslər mənim,

Baxdım "Mən şairəm!" deyən hərifə.

Dirildi eşqimlə o kəslər mənim -

Yoxdu minnətləri yersiz tərifə.

 

Sərraflar fikrimi yaxşıca anlar,

Hər səs - ömür payım, mənə bəs oldu.

Həyatda yox ikən - dağ oldu onlar,

Var ikən o nadan - görünməz oldu!..

 

1978

 

Tapammadım...

 

Tanıdım - daha bəsdir,

And-amanın əbəsdir.

Sən elə "vəhşisən" ki,

Yerin yalnız qəfəsdir.

 

Adın var, hörmətin yox,

Abrın yox, ismətin yox.

Mərifət ocağında

Bir parça qismətin yox.

 

Yıxmaqdır məni qəsdin,

Ömür yolumu kəsdin.

Neçə il gecikmisən,

Neçə ildir tələsdin.

 

Bəlddirlər işinə,

Gəl, çox döymə döşünə.

Quduz itə dönürsən -

Qan dəyəndə dişinə.

 

Cəllada bənzərin var,

Yaman bəd nəzərin var.

Xeyir səndən qaçaqdır,

Harda varsan - şərin var.

 

Peysərin qıpqırmızı,

İnsafsız, az qır bizi.

O murdar əllərinlə

Daşlara az vur bizi.

 

Saya gəlməz günahın,

Zəhərlidir silahın.

Neçə qapı bağladın

Açılmasın sabahın.

 

Tərifləmə özünü,

Eşit, deyim düzünü;

İstədim ki, tüpürəm,

Tapammadım üzünü!..

 

1978

 






Fikirlər