“İndiki qızlar çox abırsız, həyasız olublar” - Əməkdar artistdən AĞIR SÖZLƏR...
“Son illər gənc xanımlarda bəyənmədiyim bir çox xüsusiyyətlər var. Onların əksəriyyətini bəyənmirəm. Hamı deyir ki, havadan, sudandır. Xeyr, havadan, sudan deyil. Bütün günü əllərindən telefon düşmür, lazımsız şeylərə çox vaxt ayırırlar. Mənə hərdən elə gəlir ki, onlar nə istədiklərini bilmirlər. İstəyirlər ki, hər şeyi birdən əldə etsinlər. Bir çoxları bunu əldə edir də. Əllərinə bir kitab alıb oxumurlar. Nə olsun ki, əksəriyyəti evdar xanımdır?! Çoxu buna pis baxır. Evdar qadının missiyası işləyənin missiyasından daha çətindir. Uşaq tərbiyə etmək asan məsələdir? Dünyada bəlkə də ən böyük, şərəfli bir vəzifədir. Onun öhdəsindən gələ bilsən dünyanın ən xoşbəxti olarsan”. Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib. O daha sonra əlavə edib. “Bəzən avtobusda, küçədə qızları görürəm, çox abırsız olublar. Böyük-kiçik bilmirlər, bilmirlər burada yaşlı kişi dayanıb, bilmirlər. Həyasız olublar. Vallah bizim dövrdə belə deyildi. Olubsa da milyonda biri belə olub. İndi milyonda birini axtarırıq ki, düz olsun. Yeni ailə həyatı qururlar, o ailənin başına oyun açırlar. Mənim deməyə bəzən sözüm bitir” deyə aktrisa bildirib. Gülşad Baxşıyeva tələbələrinə tətbiq etdiyi cəza üsullarından da danışıb. “Ümumiyyətlə bu tələbkarlıq təkcə müəllimlik sənətində yox, bütün sənətlərdə olmalıdır. İnsan hətta özünə qarşı da tələbkar olmalıdır. Bəli, mən tələbəyə qarşı çox tələbkaram, nizam-intizam sevən insanam. Əgər nizam-intizam yoxdursa, orada heç bir inkişaf baş verə bilməz. Belə şey ola bilər ki, mən sinifdəyəm, tələbə ikinci dərsə gəlir, bəs tamaşanın 1-ci hissəsindəki onun obrazını kim oynayacaq?! Ona görə hər bir işə ciddi yanaşmaq lazımdır. Düzdü, başıboş tələbələr də çoxdur, amma ciddiləri də az deyil. Mən həmişə bəzən onları belə cəzalandırıram. Deyirəm ki, bax bu tələbə sizin səhnənizi məşq etdirməyə mane oldu. Yəni gəlmədi, o hissə batdı. İndi onun cavabını siz özünüz verin. Sinifdən çıxıram, qapını bağlayıram. Onu verirəm həmin tələbələrin ixtiyarına. Qoy özləri onu tənbeh etsinlər. Özüm də tənbeh edə bilərəm. Mən etsəm birdəfəlik edirəm. Çünki mən başlasam bunu etməyə onu sinifdən qovmalıyam. Mənə o tələbəni universitetdən qovmaq lazım deyil. Oxumağa gəliblərsə nəsə bir şey öyrənsinlər. Kor gəlib, kor getməsinlər. Qaldı ki, sevməyə.. Bu 37 illik pedaqoji praktikamda elə tələbələr olub ki, mənə deyiblər ki, müəllimə siz bizi sevmədiniz. Bu sözün cavabında əlimi səhnəyə uzadıb onlara deyirəm ki, mən səhnəni, sənəti sevəni sevirəm. Kim ki, işini, sənətini sevəcək, rolu üzərində məsuliyyətlə çalışacaq, mən də onu sevəyəcəm. Vay o gündən ki, naqislik edəcək, gözümdən də düşəcək. Sonrakı tələbələrimə qabaqdan gəlmişlik edib, özüm demişəm ki, sizdən əvvəlki tələbələr mənə onları sevmədiyimi deyiblər, hörmətli tələbələr, biz bura sevişməyə gəlməmişik. Müəllim gəlib ki, bu sənətdə əlifbanı öyrətsin, mən də çalışıram ki, bunu sənə öyrədim. Sən sevgi ilə bu işə yanaşacaqsan, mən səni sevəcəyəm. Yanaşmayacaqsansa səni sevməyəcəm. Yaxşı tələbələr çoxdur. Hər bir tələbənin öhdəsindən gəlməyi bacarıram. Necə ola bilər ki, tələbə mənim yanımda biədəb otursun, nəsə nalayiq hərəkət, qanacaqsız olsun?! Biz tələbələrə təkcə dərs yox, həm də həyat dərsi keçirik. Heç vaxt dərsə o məqsədlə girmirəm ki, kimsə məni sevsin. Bəzi pedaqoqlar var ki, elə aura yaradırlar ki, tələbə onları sevməlidir. Mən həmişə özümü birbaşa sənətdən sevdirirəm, özümdən yox. Tab gətirənlər də olur, tab gətirməyənlər də. Mən hər şey edirəm ki, onlar sənətdə öz layiqli yerlərini tutsunlar” deyə aktrisa bildirib. /Yenisabah.az