Yayda üzə çıxan təhlükə - İnsanlar daha bir virusun astanasinda...
Yay fəslinin qorxulu və narahatedici tərəflərindən biri də ağcaqanadlardır. İsti havalarda üzə çıxan bu həşəratların insanları sancması zamanı həm dəridə qızartı, qaşıntı əmələ gəlir, həm də daha böyük təhlükə olan malyariya virusu qana keçə bilir. Sadalananlar isə əhali arasında təşvişə səbəb olur. Mövcud təhlükə riski ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlama verib. Bildirib ki, malyariya ilə mübarizədə ağcaqanadların məhv edilməsi vacib məsələdir: “Ağcaqanadlar müxtəlif virusların keçiriciləridir. Xüsusilə, Azərbaycanda malyariya virusunu daşıyan ağcaqanad mövcuddur. Anopheles cinsindən olan ağcaqanadlar bu virusun daşıyıcılarıdırlar. Həmin həşəratlar malyariya plazmidini insandan-insana yayır. Bu da ölkəmizin isti rayonlarında, əsasən, Sabirabad, Saatlı, Salyan və s. bölgələrdə geniş yayılıb. Malyariya ilə mübarizədə ağcaqanadların qırılması vacibdir. Ağcaqanadlar əsasən gölməçələrdə, göllənmiş yerlərdə, su hövzələrində, bir də çox isti yerlərdə olur”. Professor malyariya daşıyıcısı olan ağcaqanad növünün təkcə rayonlarda yox, Bakıda da olduğunu vurğulayıb: “Ağcaqanadlardan qorunmaq lazımdır. Bunun üçün bir neçə vasitə var. İlk növbədə kondisioner, daha sonra isə ağcaqanadqovan maddələr var ki, maye şəklində olur, elektrik cihazına taxan kimi buxarlanır və havaya qarışır. Çoxsaylı bu cür vasitələr mövcuddur. Bəzən bağ, yaxud bostanda çalışan zaman da ağcaqanad hücumuna məruz qalmaq olur. Belə yerdə olan şəxslər uzunqol geyinməli, bədənində açıq yerin az olmasına diqqət etməlidirlər. Mümkün qədər qorunmaq lazımdır. Rayonlarla yanaşı Bakıda da bu təhlükə riski mövcuddur. Məsələ ilə bağlı mübarizə aparılsa da, hesab edirəm ki, daha diqqətli olmaq lazımdır”.