Bakı bulvarında bir uşağın 4 dəqiqəlik əyləncəsi 2-3 manata başa gəlir - REPORTAJ, FOTOLAR

Havaların soyuq keçməsi hər zaman işlək olan Dənizkənarı Milli Parkda attraksionların dayanmasına səbəb olub.

Günün ən pik saatlarında, həftə sonlarında belə attraksionlar demək olar ki, işləmir. Təbii ki, buna səbəb təkcə havaların soyuq keçməsi deyil. Ailələrin maddi imkanı hər gün daha da kiçilir. Bu da əlavə xərclərin qarşısını alır.

Təəssüflər olsun ki, bir çoxları qənaətə başlayan zaman ilk olaraq əyləncələrini azaldırlar. Tətilə çıxmırlar, kinoteatrlara getmirlər, uşaqlarının əyləncəsini sadəcə arada-sırada şəhərdə gəzinti ilə əvəz edirlər.

Uşaqların əyləncəsindən pul qazanan yerlər, məkanlar, əyləncə məkanları da buna görə, iflas etmək üzrədir. Bulvarda olan attraksionlar hazırda demək olar ki, işləmir. Günün, hətta həftənin böyük hissəsi attraksionlar dayanmış halda olur.

İşçilər hər il eyni halın yaşandığını, amma ötən və bu il vəziyyətin daha da pis olduğunu deyirlər: "Əslində həmişə qış aylarında açıq havada olan attraksionlar, əyləncə yerləri ya pis işləyir, ya da heç işləmir. Bizdə də vəziyyət eynidir. Dənizin kənarıdır. Külək daha çox, soyuq da bir yandan, buna görə də, normaldır. Amma bu il vəziyyət daha da pisdir. Hava isti olan günlərdə də ciddi bir şey dəyişmir. Yəqin camaat qənaət edir. Heç yayda da vəziyyət yaxşı deyildi. Valideynləri qınamaq olmur. Bir yerdən, hansısa bir xərcdən kəsməsələr də olmur. Hə, ailələr var ki, imkanları çox yaxşıdır. Onlar üçün fərqi yoxdur. Onlar da uşaqlarını bulvara yox, qapalı olan əyləncə məkanlarına aparırlar".

Sevinc Dadaşova adlı valideyn deyir ki, attraksionlar bahadır. Uşağı buraya gətirməkdənsə, alternativ uşaq əyləncə məkanlarına aparmaq daha sərfəlidir: "Maddi olaraq elə də sıxıntımız yoxdur. Olsa belə uşağın əyləncəsindən heç vaxt kəsmərəm. Amma bulvara uşağı gətirmirəm. Qapalı əyləncə məkanları var. Ora gedirik. Həm mən dincəlirəm, həm də uşaq rahat oynayır. Bulvardakı attraksionlar mənə təhlükəli gəlir. Həm də bahadır. Attraksionlara nəzarət edən işçilər kobuddurlar. Sıra olanda aləm dəyir bir-birinə. Mədəni istirahət mədəniyyətsiz hal alır".

Fikrət Əliyev adlı Bakı sakini isə əsasən qiymətlərdən şikayətləndi: "Mənim əkiz uşaqlarım var. Havanın soyuq olması bəhanəm olub. Uşaqlara deyirəm ki, "Soyuq olar. Havalar isinsin, karuselə minərsiniz". Çünki mənim üçün hər yerdə qiymət 2 dəfə artıq çıxır. Buna görə də, gərək büdcəmə uyğun addım atım.

Bakıda uşaqların əylənməsi üçün münasib qiymətə yer yoxdur. Kasıb təbəqəni heç bir yerdə düşünmürlər. Bizim uşaqlarımız əylənə bilməz? Bir uşağın 4 dəqiqəlik əyləncəsi 2-3 manata başa gəlir. Dörd dəqiqə... İki uşaq üçün azı 4-5 manat verməliyəm. Hesablayaq. Görək orta statistik azərbaycanlı ailədə kim 4 dəqiqəyə 5 manat qazanır? Bu qiymətlər nəinki qonşu ölkələrlə, heç Avropanın əksər dövlətləri ilə də müqayisəyə gəlmir. Minimum əməkhaqqının 105, orta əməkhaqqının 430 manat olan ölkədə 4 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir izahatı yoxdur. Biabırçılıqdır".

Daha sonra ərazidəki karusellərin kassirlərinə yaxınlaşıb, onlardan insanların qiymətlərlə bağlı narazılığına fikir aldıq. Bütün kassirlər də bir-birinə bənzər söz dedilər: "Qiymətlərlə bağlı narazılıq hələ olmayıb. Hamı razıdır".

 






Fikirlər