Böhran və... bayramda dolub-daşan əyləncə məkanları - nonses

 Böhran və... bayramda dolub-daşan əyləncə məkanları - nonses

Azərbaycanlılar bütün pullarını Yeni il tətilində xərclədilər?

Geridə qoyduğumuz bayram günləri yaddaşımızda daha çox “sinfi bərabərsizliklə” qaldı. Aylardan bəri davam edən iqtisadi böhran bayram günlərində əhalinin əyləncə seçimlərinə də təsir göstərdi. Necə deyərlər, hərə öz cibinə, maddi durumuna uyğun istirahət növünə üstünlük verdi. Kimi xaricdə, kimi ölkə sərhədləri daxilində... 

Amma bu arada diqqəti çəkən əsas mənzərə Bakıdakı restoranlardakı alışıb-yanan Yeni il menyusu qiymətləri idi. Bir neçə restoranla bağlı qiymətləri yada salaq:  “Fairmont Baku”da yerləşən restoranlarda Yeni il gecəsi:

“BISTRO LE SAM” 

1 nəfər - 90 manat

Uşaqlar - 7-12 yaş 50 faiz endirim

7 yaşdan aşağı pulsuz

“Alov Restaurant and Jazz Bar”

1 nəfər - 150 manat

“Fairmont Gold” - bu restoran yalnız xüsusi qonaqlar üçün fəaliyyət göstərir. Yeni il gecəsində burada qiymətlər:

1 nəfər: 250 manat

“JW Marriott Absheron Baku”da restoranlar:

Otelin birinci mərtəbəsində təşkil olunan Yeni il şənliyində 1 nəfər - 95 manat. 

Otelin yuxarı mərtəbələrində yerləşən restoranlarında qiymətlər:

2 nəfər - 130 manat təşkil edir.

SEA BREEZE

“Shore House” restoran

1 nəfər - səhnəyə yaxın məsafəyə görə, 150-200-250 manatdır.

8 yaşa qədər uşaqlar pulsuzdur. 8-14 yaş isə 100 manatdır.

Daha çatımlı hesab olunan restoranlarda da qiymətlər heç də aşağı deyildi. Məsələn, “Yeganə” restoranında qiymətlər 150 manatdan 250 manatadək dəyişirdi. "Sərin" restoranında isə menyunun qiyməti 150-250 manat idi. “Neon Palace”da da qiymətlər 120-150 manat arası dəyişdi. “Flaminqo” restoranında biletlər 80-100 manat arasında olub. “Neolit”də isə qiymətlər bayram gecəsi üçün 150 manat təşkil etdi. 

Gördüyünüz kimi, rəqəmlər heç də sıradan deyil. Amma şəhərdəki mənzərə, tıxaclar, eləcə də sosial şəbəkədə insanların əyləncə fotoları bu bayramın əyləncəli, məsrəfli, böhran qayğısından uzaq keçirildiyini sübut edirdi. Daha bir məqam isə şəhərdəki AVM-lərdəki durumla bağlıdır. Bayram günlərində yolunu bu məkanlara salan paytaxt əhli kafe və restoranlarda oturmağa yer tapmırdı. Qəribə mənzərə yaranmışdı: insanlar əllərində yemək dolu padnoslarla başqa birinin boşaldacağı masanı səbirsizliklə gözləyirdi. Bu, oradakı bütün restoranlar üçün keçərli idi. 

Bayram günlərində Azərbaycanın istirahət bölgələrinə yolu düşənlər üçün də mənzərə fərqli deyildi. Xüsusən Quba, Qusar, Qəbələ kimi bölgələrə axın edənlərin sayı çox idi. İnsanlar Şahdağ, Tufandağ kimi qış komplekslərinə maraq göstərirdilər. Sözügedən məkanlarda istirahət etməksə ciddi məsrəf deməkdir, gedənlər bilir. Təkcə bir nəfərin kanata minməsi 12-18 manata başa gəlir. Hələ digər məsrəfli xidmətlərdən danışmırıq. Məsələn, Şahdağa gələnlər eyni zamanda xizək izi maşınında da gəzirlər. Onun 1 saatı isə uşaqlar üçün 16 AZN, böyüklər üçün 26 AZN-dir. Hesab edək ki, kimsə sadəcə kirşədə sürüşmək istəyir. Bu halda kirşə kirayələmək mümkündür. Sadə kirşələr 15 AZN, taxta kirşələr 20 AZN, dəmir kirşələr 30 AZN təşkil edir. Aeroxizək turu istəyənlər isə onun 10 dəqiqəsi üçün 21 AZN, 20 dəqiqəsi üçün 36 AZN ödəmək lazımdır. Əməkdaşımız bayram günündə Şahdağ Turizm Kompleksində boş otel nömrəsi tapa bilmədi. Ona bütün otaqların daha öncədən, xüsusən də ərəb turistlər tərəfindən bron edildiyi deyildi. 

Gördüyünüz kimi, söhbət kiçik rəqəmlərdən getmir. O halda bu suallar yaranır: Böhran varsa, insanların əyləncəsinə niyə təsir etmir? İmkansızlıq hansı təbəqəni vurur? Əhali kasıbdırsa, əyləncə məkanlarını, gəzinti yerlərini, alış-veriş məkanlarını dolduranlar kimdir? 

Ekspert rəylərinə keçmədən bəzi nüanslara nəzər yetirək. Birincisi və ən önəmlisi, ildə bir-iki dəfə baş verən bu bayram tətilləri üçün insanlar öncədən hazırlıq görürlər. Məsələn, bir neçə ay öncədən Yeni il tətili üçün pul yığan  çoxlu sayda insan var. Adı üstündə - bayram. İnsanlar şərtlərdən asılı olmayaraq, bayramda hər şeyin qaydasında olmasına çalışırlar. 

Daha bir məqam isə hazırda dükan-bazardakı bahalıqdır. İnsanlar orta səviyyəli bayram alış-verişi üçün 150-200 manata yaxın xərc çəkirlər. Bunun üzərinə də xanımların mətbəxdəki əziyyətini gələndə... “bayırda bayram keçirmək” az qala şərtə çevrilir. Necə deyərlər, evdə bayram keçirmək heç də havayı başa gəlmir. 

Keçək digər nüansa. Bakı əhalisinin 3 milyona yaxın olması faktoru bu qələbəlikdə mühüm rol oynayır. Şəhər kiçik, əyləncə məkanları az, insanlar isə çoxdur. İnsanların gedə biləcəkləri məkanların sayı iki əlin barmaqlarının sayı qədərdir. Uşaqların əyləncə məkanları, alış-veriş ünvanları da onun kimi. Bu halda toqquşma, basabas, insan qələbəliyi mənzərələri də qaçılmazdır. 

Psixoloji araşdırmalar isə sübut edir ki, belə məqamlarda insanlar daha çox “bir günün sevinci” prinsipinə üstünlük verirlər. Onsuz da qarşıdan çətin günlərin gələcəyindən əmin olan insanlar  bir neçə saat belə olsa, həyatdan zövq almaq istəyir. Bundan başqa, “qonşudan geri qalma” məsəlinin də yeri var. Sosial şəbəkələr, telekanallar bu məsələdə olduqca güclü faktordur. Hər kəs bir-birinin istirahət, əyləncə fotolarına baxdıqca imkanı zəif olsa da, hansısa formada əyləncə variantı tapır. Azərbaycanlıların ailəcanlı, uşaqcanlı olması faktoru isə bu məsələlərdə ciddi faktor sayılır. Hər kəs ilk növbədə uşağının əyləncəsini, sevincini nəzərə alıb, büdcəsindən müəyyən fədakarlıqlar edir. 

Image result for Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu isə “Yeni Müsavat”a müsahibəsində bu məqamla bağlı ilginc tezislər səsləndirib: “İnsanların bir qisminin sosial vəziyyəti pisləşib, onlar güzəranlarından narazıdırlar. Çünki yaşam şərtləri ağırlaşıb, xərclər artıb, insanların gəlirləri azalıb, məsrəfləri qarşılamaq imkanları məhdudlaşıb. Ancaq cəmiyyətin elə təbəqələri də var ki, onların sosial vəziyyətində dəyişiklik yoxdur, yenə də əvvəlki israfçılıqlarına davam edirlər, istirahətlərini təşkil etmək üçün yüksək məbləğdə pul xərcləyirlər. Bir tərəfdə yoxsullaşma gedir, digər tərəfdə isə insanlar israfçılığa davam edirlər. Bu artıq cəmiyyətdə qanunauyğunluğa çevrilib”. 

İqtisadi analizlər isə onu göstərir ki, bu gün kafe-restoranlarda, əyləncə məkanlarında gördüyümüz azərbaycanlılar əhalinin kiçik bir faizini təşkil edir. Necə deyərlər, 9 milyonluq əhalinin 100-150 mini o formada əylənirsə, bunu heç də bütün kəsimlərə şamil etmək mümkün deyil. Bütün hallarda keçmiş bayramınız mübarək və hər zaman əylənməyə, xoş saatlar keçirməyə imkanımız olsun. 

 






Fikirlər