Yol polisinin qanunsuz hərəkəti qalmaqal yaratdı - “Az qala torpaqbasdı istəyirlər”
Bakıda yol polisinin daha bir qanunsuz əməli narazılığa səbəb olub. Bakı-Sumqayıt yolundakı Ekologiya postunun əməkdaşları, öz ərazilərindən kənarda, Bakının Nəsimi rayonu ərazisində avtomobili saxlayıb və qeyri-qanuni cərimə yazıb. Bu barədə BakiPost.az-a polis özbaşınalığı ilə üzləşən sürücü Rövşən Həbib məlumat verib. Onun sözlərinə görə, Ekologiya Yol patrul xidmətinin inspektoru onu kəmər taxdığı halda kəmər taxmamağa görə cərimələyib: "Mən Ekologiya postundan tez-tez keçirəm. Yolumun üstüdür. Hər keçəndə bu inspektor məni saxlayır. Heç bir şey tapmır, buraxır. Amma dekabrın 21-i axşam 21:00 radələrində məni 99 YP 687 dövlət nömrə nişanlı xidməti avtomobili ilə, öz ərazisindən kənar yerdə, 20 Yanvar dairəsinə 50-100 metr qalmış saxladı. Sənədləri istədi. Mən də verən kimi götürdü, kobudcasına sığorta vərəqini atdı mənim maşınıma, getdi. Mən də arxasıyca getmədim. Bir də gördüm əlində protokol gəlir. Kəmər taxmamağa görə mənə cərimə yazıb. Deyirəm ki, necə olur, kəmər taxdığım halda mənə cərimə yazırsınız? Deyir görürsən axşamdır, plana çatmıram, hər dəfə saxlayıb heç nə yazmıram. İndi yazıram. 36 manatdır da, ödəyərsən”. Sürücü bildirir ki, polis işçisi protokolu öz adına deyil, yanındakı yoldaşın adına rəsmiləşdirib: "Məni cərimələyən polisin adını bilmirəm, çünki protokolu öz adına rəsmiləşdirmədi. Sənəddə adı keçən Orucov Vaqif Xaliyəddin oğlundan heç bir şikayətim yoxdur. Çünki o, kifayət qədər səmimi insandır. 1 saata yaxın mənimlə söhbət etdi, işi yoluna qoymaq istədi. Amma mənim hüququm pozulub. Bununla bağlı 102-yə də şikayət etmişəm. Ekologiya postunun işçisinin sahəsi "Şamaxinka” dairəsində bitir. Məni isə 20 yanvar dairəsində saxlayıb. Özü də qanuna riayət etdiyim halda cərimə yazıb. Hər şey kameralarda da var. O polis işçisi məni hər oradan keçəndə saxlayır. Bezdirib əməlli-başlı. Belə qanunsuzluq olmaz ki. Mən məgər hər oradan keçəndə torpaqbasdı vergisi verməliyəm? Şikayət edəcəyimi biləndə protokolu özü götürüb ödəmək istəyirdi. Əgər düz etmişdisə, niyə özü ödəməyə razı olurdu?” R. Həbib işin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və sözügedən polis işçisiylə bağlı lazımi tədbirlərin görülməsini istəyir: "Bu barədə tədbir görülməzsə, daxili işlər naziri Ramil Usubova və Baş Prokurorluğa şikayət edəcəyəm. Bu, polisin əməli onun peşəsinə və polis şərəfinə hörmətsizlikdir”.