22.02.2014. - ABŞ dövlət katibi Ukrayna müxalifətini təbrik etdi – (Yenilənib)

22.02.2014. -  ABŞ dövlət katibi Ukrayna müxalifətini təbrik etdi – (Yenilənib)ABŞ dövlət katibi Con Kerri ukraynalı müxalifət nümayəndələrini Viktor Yanukoviçlə razılıq əldə edilməsi münasibətilə təbrik edib.

AzerTaym.az-ın ANS-ə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmurlarının qapalı konfransında məluat verilib.

Kerrinin həmsöhbətləri “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseniy Yasenyuk və “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok olub. Müxalifətin 3-cü lideri Vitali Kliçko orada olmayıb.

Bundan başqa, Ukrayna müxalifətçiləri ilə dövlət katibinin köməkçisi Viktor Nuland da danışıb.

* * * 12:46

Ukrayna Ali Radasının spikeri Vladimir Rıbak da tutduğu vəzifədən istefa verib.

“RİA Novosti” bildirir ki, spiker bu addımını xəstə olması ilə əlaqələndirib. Bu barədə Ali Radanın vitse-spikeri Ruslan Koşulinski parlamentin bugünkü iclasını açarkən məlumat verib.

“Vladimir Vladimiroviç Rıbak xəstəliyi ilə bağlı müalicə olunduğu üçün istefa ərizəsi yazıb” - deyə Koşulinski bildirib.

Qeyd edək ki, bu, 4 gün öncə Kiyevdə başlanan irimiqyaslı qarşıdurmalardan və küçə döyüşlərindən sonra baş verir.

* * * 11:54

Kiyevdə müxalifət Ali Radanı və Nazirlər Kabinetini ələ keçirib.

Bu barədə parlamentin “Batkovşina” fraksiyasının üzvü Andrey Parubiy məlumat verib.

Ukrayna müxalifətinin Meydanın “özünümüdafiə yüzlükləri” adlı təşkilatı Ali Rada, Daxili İşlər Nazirliyi və Nazirlər Kabinetinin binalarını ələ keçirib.

“Yeddinci yüzlük Ali Radanın daxilində yerləşib. Bundan başqa orada “Sağ sektor”un dəstələri də yerləşib. On ikinci və üçüncü yüzlüklər Prezident Administrasiyasını mühafizə edir. On beşinci yüzlük isə Daxili İşlər Nazirliyinin binasını nəzarətdə saxlayır”,-deyə Müstəqillik meydanında quraşdırılan səhnədən deputat Andrey Parubiy məlumat verib.

Həm də meydanın komendantı olan Parubiy bütün Kiyevi nəzarətə götürəcəklərini bildirib.

“Bizim üçün vacibdir ki, Kiyev tam olaraq meydançıların nəzarətinə keçsin. Onda Kiyevdə bu vaxta qədər olmayan intizam olacaq”,-deyə deputat əlavə edib. Parubiy qeyd edib ki, Kreşatik küçəsində yerləşən hərbi qərargah etirazçıların hərəkətlərini koordinasiya edəcək.

Sonda isə komendant “Biz Yanukoviçin dərhal istefasını tələb edirik. Biz tələb edirik ki, qanunvericliyə uyğun şəkildə növbədənkənar seçkilər həyata keçirilsin”-
deyə nitqini yekunlaşdırıb.

Xatırladaq ki, ötən gün prezident Viktor Yanukoviçlə müxalifət arasında imzalanan razılaşmaya əsasən ölkədə növbədənkənar prezident seçkiləri təyin ediləcək. Ali Rada isə 2004-cü ilin konstitusiyasına qayıdış, sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən azad olunması və Daxili İşlər naziri Vitali Zaxarçenkonun istefaya göndərilməsi ilə bağlı qərar qəbul etmişdi.






Fikirlər