16.03.2014. - Yanukoviçin evi satışa çıxarılır
Ukrayna mənbələri xəbər verir ki, bu barədə Ali Radanın sədri Aleksandr Turçinov bildirib.
O deyib ki, dövlətin Yanukovçin iqamətgahları kimi çox sayda iqamətgahlara ehtiyacı yoxdur. Ona görə də onları satıb pulunu dövlət büdcəsinə köçürmək nəzərdə tutulur.
“Nə qədər iqamətgah olar! Bir adama,- o, hətta prezident olsa belə,- bu qədər iqamətgah nəyə lazımdır? Yaxın vaxtlarda reallaşan qərarlardan biri də bütün iqamətgahları satmaq olacaq. Onlar ölkəyə lazım deyil. Prezidentin kim olmasından asılı olmayaraq bu, normal deyil” - deyə Turçinov bildirib.
Ali Radanın sədri deyib ki, iqamətgahların satışından əldə edilən, habelə onların saxlanılmasına sərf olunan vəsaitlər hesabına dövlət büdcəsinə xeyli vəsait daxil olacaq.
Lakin Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Turçinov deyib ki, söhbət dövlət mülkiyyətində olan iqamətgahlardan gedur. Özəl mülkiyyətdə olan iqamətgahlara gəldikdə isə onların müsadirə olunması üçün məhkəmə qərarı lazımdır.
“Mejiqorye iqamətgahına gəldikdə isə artıq onun milliləşdirilməsi barədə qərar qəbul edilib. Çünki əvvəl dövlətə məxsus olub, ancaq Yanukoviç tərəfindən oğurlanıb və mənimsənilib” - deyə Turçinov bildirib.