Dünya savaşına səbəb olacaq B planı – 3 SSENARİ
Bu gün səhər saatlarından uzun zamandır gözlənilən Mosul əməliyyatı başlayıb. Publika.az xəbər verir ki, İraq ordusu Mosula doğru hərəkət edib. Həmçinin, Amerika təyyarələri havadan dəstək verirlər.
Əməliyyatda diqqət çəkən məqam Türkiyənin iştirak etməməsidir. Hansı ki, Amerika əvvəldən buna qarşı idi. Oktyabrın 20-dən sonra keçirilməsi nəzərdə tutulan əməliyyatın bu gün qəfil başlamasının arxasındakı məqsəd də Türkiyənin iştirakının qarşısını almaqdır.
Türkiyə hazırki vəziyyətlə razılaşmaq fikrində deyil. Məlumatlara görə, Ankaranın üç planı var.
Plan 1: Türkiyə Mosul əməliyyatına koalisiya gücləri ilə qatılmağı təklif edəcək və havadan dəstək verəcək.
2005-ci ildən başlayaraq, İŞİD-in Mosulu zəbt etdiyi 2014-cü ilə qədər bölgədə yeganə diplomatik təmsilçiliyi olan Türkiyənin burada güclü kəşfiyyat şəbəkəsi var. Bu,Mosulda Türkiyənin daha əhəmiyyətli olduğunu sübut edir. Ankara A planında yer alarsa, kəşfiyyat məlumatlarını koalisiya gücləri ilə paylaşacaq. Həmçinin, Mosul yaxınlığındakı Başika bazasından istifadə etməyə icazə verəcək, bazada təlim keçdiyi sünni ərəblər, kürdlər və türkmanlardan ibarət 600 əsgərlə əməliyyata kömək edəcək.
Mosul İraqda ABŞ kəşfiyyatının ən zəif olduğu yerdir. Halbuki, əməliyyat zamanı İŞİD-lə yerli xalqı ayırmaq üçün yerli mənbələrin məlumatı əsasdır.
Plan 2: Türkiyənin əməliyyatda iştirakına icazə verilməsə, B planı dövriyyəyə girəcək. Belə ki, Ankara Şimali İraq Kürd Muxtariyyəti və Mosulun keçmiş valisi Esil Nuceyfinin rəhbərliyi altındakı Mosul Vilayət Məclisinin üzvlərinin dəvəti ilə əməliyyata daxil olacaq.
Türkiyə 2014-cü ildən bəri Başika, Dohuk, Süleymaniyə və Ərbildə təlim keçdiyi peşmərgə, türkman və sünnilərdən ibarət Haşdi Vatani qruplarını dövriyyəyə salacaq.
Bu plana şiə güclər müdaxilə etmək istəsə, peşmərgə onların qarşısını kəsəcək. B planı Rusiya ilə təmas şəkilində həyata keçiriləcək.
Plan 3: Ankaranın ABŞ-ın sünni ərəblər və Ərbil (Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı) üzərində təzyiq etməsi ehtimalına qarşı da planı var. Əgər Vaşinqton və Bağdad ərəb və kürdləri Türkiyəyə qarşı qaldırsa, o zaman C planı dövriyyəyə girəcək. Belə ki, Türkiyə “Fərat qalxanı” əməliyyatındakı kimi hərəkət edərək, bölgədə türkman şəhəri olan Telaferdəki soydaşlarını qorumaq məqsədilə bölgəyə müdaxilə edəcək. Beləliklə, Telafredə yerləşən Türkiyə lazım olan anda Mosula müdaxilə edəcək.
Göründüyü kimi, Mosul əməliyyatı sadəcə şəhəri İŞİD-dən təmizləmək yox, bölgədə güc sahibi olmaq uğrunda aparılan müharibədir.
Böyük güclər iki cəbhəyə bölünüb. ABŞ, İran və İraq bir cəbhədə, Türkiyə başqa cəbhədə yer alır. Rusiyanın da gizli şəkildə Türkiyəyə dəstək verəcəyi gözləniləndir.
Ən təhlükəli ssenari isə Türkiyənin B planını tətbiq etmək məcburiyyətində qalmasıdır. Əgər bu baş verərsə, o zaman ABŞ rəhbərliyindəki koalisiya gücləri Ankaraya qarşı çıxa, beləliklə, bölgədə böyük qarşıdurma yarana bilər. Bu, artıq yerli güclərin yox, böyük ölkələrin savaşı ola bilər.