1984-cü ilin ən qəddar terror aktı — İndira Qandinin qətli

1984-cü ilin ən qəddar terror aktı — İndira Qandinin qətli

1984-cü ildə Hindistanın baş naziri İndira Qandi qətlə yetirildi. Bu hadisə Hindistanda milli faciəyə çevrildi və az qala ölkədə vətəndaş müharibəsinə səbəb olacaqdı. 

Ölkə.Az bu hadisə bağlı maraqlı faktları oxuculara təqdim edir.

Baş nazir sikh milliyətindən olan iki mühafizəçisi tərəfindən qətlə yetirilir. Pəncab ştatında sikhlər yeni müstəqil Xalistan ölkəsi yaratmaq tələbi ilə çıxış edirlər. Onlar yerli hökumət nümayəndələri ilə düşmənçilik münasibətində idilər. Güman edilir ki, Qandini qətlə yetirənlər döyüşçü-separatistlərlə əlaqəli idilər. Hindistanın silahlı qüvvələrində və dövlət təhlükəsizlik xidməti orqanlarında ənənəvi olaraq sikhlər xidmət edirdi. Hind əks-kəşfiyyatının rəisi baş nazirin mühafizə xidmətindən sikhləri xaric etmək istəsə də, Qandi buna icazə vermir.

Hakimiyyətə gəlişi

İndiranın hakimiyyət illərində banklar milliləşdirilir, ölkə sənayesi böyük templə inkişaf etməyə başlayır. İlk AES (atom elektrik stansiyası) işə düşür, kənd təsərrüfatında "yaşıl inqilab" gerçəkləşir. Hindistan artıq qida məhsullarını özü istehsal etməyə başlayır.

Pakistanla müharibə iqtisadi problem və ölkədaxili gərginliyin artmasına səbəb olur. 1975-ci ildə Allahabadda Ali Məhkəmənin hakimi Uttar-Pradeşa İndira Qandini 1971-ci ildə keçirilən seçkilərdə qanun pozuntusu həyata keçirdiyi üçün günahlandırılır və baş naziri istefaya səsləyir. Eyni zamanda məhkəmənin hökmü ilə Qandi 6 il müddətində siyasətlə məşğul ola bilməzdi. Buna cavab olaraq Qandi ölkə konstitusiyasından istifadə edərək Hindistanda fövqəladə vəziyyət elan edir. Dini zəmində toqquşmalar demək olar ki, başa çatır. Amma siyasi azadlıq məhdudlaşdırılır, müxalifət qəzetləri bağlanır.

1977-ci ildə öz gücünü düzgün qiymətləndirməyən Qandi parlament seçkiləri təyin edir və məğlub olur. İndira və onun ailəsini korrupsiyada günahlandırırlar.

1978-ci ildə İndira Hindistan Milli Konqresi (HMK) partiyasının yarandığını elan edir və parlamentə seçilir. 1980-ci ildə Qandi yenidən ölkənin baş naziri olur.

"Qızıl məbəd qətliamı", separatçıların qisas andı

1980-ci ilin 14 aprel tarixində Qandiyə qarşı ilk sui-qəsd planı reallaşdırılır. Terrorçu baş nazirə bıçaq atsa da, mühafizəçini yaralayır. Eyni ildə avtomobil qəzası İndiranın siyasi işlərdə köməkçisi olan kiçik oğlu Sancayın həyatına son qoyur.

Qandi var-qüvvəsi ilə beynəlxalq münasibətləri möhkəmləndirmək istəyirdi. 1983-cü ildə o, Hindistan "Qoşulmama hərəkatı"nın sədri olur. Eyni ildə isə, əsasən Pəncab ştatında yaşayan sikhlərin fəaliyyəti akivləşir. Onların lideri Carnail Sinqh Bxindranval cəmiyyəti müstəqil görmək istəyirdi. 1984-cü ildə silahlı qruplaşma Amritsar şəhərində sikhlərin ən vacib məbədi "Qızıl Məbəd"i ələ keçirir. Buna cavab olaraq hind hökuməti iyun ayında "Mavi ulduz" əməliyyatı keçirərək məbədi terrorçulardan təmizləyir. Toqquşmada xeyli tələfat olur, qan axır. Amma Hindistanın baş nazirinin başqa seçimi yox idi.

Mahatma Qandinin tələbəsi, Cəvahirlər Nehrunun qızı İndira heç vaxt qaniçən siyasətçi olmayıb. Əhalisi sıx olan ölkənin problemləri də çox idi. Yoxsulluq, xəstəlik, korrupsiya, etnik və dini toqquşmalar ən böyük problemlərdən sayılırdı.

Baş nazirə bir neçə dəfə sikh-separatistlər tərəfindən "Qızıl məbəd"in ələ keçirildiyini və ora silah-sursat yığıldığı barədə məlumat çatdırılmışdı. Bu təhlükə sayılırdı və milli heysiyyatı təhqir edirdi. Separatçıları siyasi və dini səbəblərə görə məbəddən qovmaq barədə qərar qəbul edilir.

İctimaiyyətin nəzərində əməliyyat uğursuz alınmışdı. İndiranın salnaməçilərindən bir yazırdı: "Əməliyyat nəticəsində sikhlərin çoxu qətlə yetirildi, məbədə ciddi ziyan dəydi. Atışma zamanı terrorçuların başçıları da daxil olmaqla min nəfər insan həlak oldu. Sikhlər qisas almağa and içdilər. Onlar hər gün baş naziri, onun oğlunu və nəvəsini öldürməklə hədələyirdilər".

Qandi həyatının təhlükədə olduğunu bilirdi. Bir neçə dəfə mühafizə xidmətindən sikhləri uzaqlaşdırmaq təklif edilsə də, baş nazir bunu düzgün saymırdı. O, bu məsələyə fəlsəfi cəhətdən yanaşırdı: "Mən bütün həyatım boyu təhlükə içində yaşamışam. Ömrümün çox hissəsini başa vurmuşam. Bundan sonra çarpayıda, yoxsa ayaq üstə öləcəyimin əhəmiyyəti yoxdur".

Beant Sinqh mühafizə xidmətində 10 il çalışıb və İndira Qandini bir neçə səfərdə müşayiət edib. O, mühafizəçisinin ekstremistlərlə gizli əlaqəsindən xəbərsiz idi. Bu ekstremistlər "Qızıl Məbəd" qətliamına görə qisas almağa and içmişdilər. Dini fanatizm vəzifə borcundan güclü oldu. Beant Sinqh Satvant Sinqhlə ittifaq quraraq sui-qəsd planlaşdırdı. Satvant gənc polis əməkdaşı idi və bir neçə müddət əvvəl baş nazirin təhlükəsizlik xidmətinə cəlb edilmişdi.

Qandi ölümündən bir gün əvvəl 1984-cü il 30 oktyabr tarixində demişdi: "Bu gün mən sağam, ola bilər ki, sabah həyatım başa çatsın. Amma mənim hər damla qanım Hindistana məxsusdur".

Qətl günü

31 oktyabr tarixində baş nazirin səhər saatlarında məşhur ingilis yazıçısı və dramaturqu Piter Ustinovla görüşü planlaşdırılmışdı. Bu görüş tele-müsahibə formasında baş tutmalı idi. İndira görüşə xüsusi hazırlaşırdı və ekranda effektli görünmək üçün uzun müddət paltar seçdi. Onun seçdiyi paltara canqoruyucu jilet heç cürə yaraşmırdı. Qandi uzun müddət bu jiletlə gəzirdi. Həmən gün paltar seçimi çətin bir problemə çevrilmişdi.

Beant Sinqh və Savant Sinqh baş nazirin malikanəsindən ofisinə gedən yolda qurulmuş postların birində dayanmışdılar. Qandi bu yol ilə mühafizəçilərinin müşayəti altında addımlayırdı. Sikhlərə çatanda baş nazir adəti üzrə gülümsədi. Tapançasını çıxaran Beant İndiraya üç dəfə atəş açdı. Eyni anda avtomatını çıxaran Satvanq bütün güllələri qadının bədəninə boşaltdı. Qatillər mühafizəçilər tərəfindən saxlanıldı. Beant qışqırmağa başladı: "Mən istədiyimi etdim, indi növbə sizindir, nə istəyirsiniz edin". O, digər mühafizəçilərin açdığı atəş nəticəsində öldürüldü. İkinci qatil yaralansa da, sağ qaldı.

İndira Qandi canını tapşıranda, Piter Ustinov çəkiliş qrupu ilə birlikdə onu gözləyirdi. Çəkiliş qrupunun işçilərindən biri hadisəni belə xatırlayır: "Əvvəlcə üç atəş səsi, sonra isə avtomat səsi eşitdim. Görünür qatillər cinayəti tam başa çatdırmaq üçün çoxlu güllədən istifadə ediblər. Onlar qadına sağ qalmaq üçün cüzi də olsa, şans vermədilər".

Hadisə Hindistanda nifrətə və qəzəbə səbəb oldu. Xalq qəzəbini bütün sikhlərə püskürtdü. Ölkədə sikh ekstremistlərinin əleyhinə çıxışlar başladı. Hökumət günahsız sikhləri müdafiə etmək istəsə də, bir neçə həftədə yüzlərlə Pəncab sakini qətlə yetirildi.

Qətl günü İndiranın oğlu Raciv Qandi partiyanın sədri və ölkənin baş naziri seçildi. İndiranın külünü Hindiquş dağlarının ətəyində, Qanqa çayının mənbəyinə səpələdilər. Hökumət bu günə qədər də sikhlərə əmrin kim tərəfindən verildiyini öyrənə bilmədi. Bir çoxlarının fikrinə görə, bu qətl fanatların əl işidir.

İndira Qandi Hindistan tarixinə təkcə ölkəni uzun illər idarə edən qadın kimi yox, eyni zamanda ölkənin beynəlxalq nüfuzu və iqtisadiyyatı üçün bir çox ilklərə imza atan ağıllı və güclü siyasətçi kimi daxil oldu.

 






Fikirlər