05.06.2014.- Yanukoviçin 137 milyon avrosu donduruldu

05.06.2014.- Yanukoviçin 137 milyon avrosu dondurulduİsveçrə bankları Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və sabiq hökumət üzvlərinin hesablarındakı 137 milyon avro vəsaiti dondurub.

"AzerTaym.az"-ın məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyinin rəsmisi Valentin Selveger bildirib ki, söhbət ölkə hakimiyyətinin və prokurorluğun sərəncamı əsasında bağlanmış məbləğdən gedir. Hökumətin sərəncamı ilə 55 milyon, prokurorluğun əmri ilə isə 82 milyon avro dondurulub.

XİN-in rəsmisi Viktor Yanukoviç və onun tərəfdaşlarının aktivlərinin dondurulması ilə bağlı qərarın hələ fevralın 26-da qəbul olunduğunu xatırladıb: “Hesabların bağlanması ilk dəfədir belə tez baş verir. Belə operativlik xalqdan oğurlanan pulların ona qaytarılması üçün lazımdır”.

Xatırladaq ki, 2013-cü il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100 nəfərdən çox adam ölüb. Fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb, mayın 25-nə növbədənkənar prezident seçkisi təyin olunub.

Mayın 25-də keçirilmiş prezident seçkisində Qərbə inteqrasiya tərəfdarı olan Pyotr Poroşenko qalib gəlib.

Viktor Yanukoviç hazırda Rusiyada yaşayır. Ukraynada ona cinayət işi qaldırılıb.






Fikirlər